Torpağı sahibsiz qalmağa qoymayaq
Naxçıvan Muxtar Respublikası son dərəcə aztorpaqlı zonadır. Ərazisinin 27,7 faizi kənd təsərrüfatına yararlı, yalnız 8,8 faizi suvarılan torpaq sahələridir. Burada əkin sahəsi hər adambaşına düşən 0,1 hektar olduğu halda, istifadəsiz sahələr 0,5 hektarı təşkil edir.
Son illərdə torpaqdan istifadə edilməsinə biganəliyin nəticəsidir ki, ötən il 11.800 hektar torpaq sahəsi istifadə edilməyərək boş qalmışdır. Təsərrüfatların və rayon orqanlarının tərtib etdiyi əkin strukturuna görə isə bu il 12 min hektar sahənin boş qalacağı gözlənilir. Boş qalan sahələr Babək və Şərur rayonlarında daha çoxdur.
Torpaqdan səmərəli istifadə edilməməsində yaranmış vəziyyətin bir çox obyektiv və subyektiv səbəbləri vardır. Belə ki, muxtar respublikanın blokada vəziyyətində olması, sudartan nasos stansiyalarının fasiləsiz işləməsi üçün elektrik enerjisinin çatmaması, ölkəmizdə gedən müharibə və nəhayət, yaranmış siyasi və sosial çətinliklər xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənddə də işin ahəngini pozmuşdur. Lakin torpaqdan istifadə edilməsində yaranmış vəziyyətin səbəbləri təhlil edilərkən aydın olmuşdur ki, torpağın sahibsizliyi onu becərəni kənarda dayanmış tamaşaçıya çevirmişdir. Kəndli torpağın bilavasitə sahibi olmadığından, eləcə də istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışı və istehlakına ixtiyarsızlığı onun torpağı becərməyə meylini xeyli azaltmışdır.
Müstəqilliyini əldə etmiş və milli dövlət quruculuğuna qədəm qoymuş respublikamızda iqtisadi təsərrüfat sistemindəki böhran əsaslı islahatlar aparılması zərurətini yaratmışdır. İndi səmərəli təsərrüfat formalarını tətbiq etməklə kənddə münasibətləri tamamilə dəyişdirmək olar. Bu, ilk növbədə, islahatların reallaşmasından daha çox asılıdır. Yeni təsərrüfatçılıq formalarının tətbiqi indi böhranlı vəziyyətdən yeganə çıxış yoludur.
Hazırda kənd təsərrüfatında yaranmış vəziyyəti nəzərə alaraq tələsmədən və ləngimədən torpaq islahatlarının keçirilməsi inkaredilməzdir. Bu islahatlar torpağa olan münasibəti dəyişdirəcək, adamların fəallığını artıracaqdır. Torpaqdan səmərəli istifadə edilməsi məqsədilə son illərdə müxtəlif təsərrüfatçılıq formalarının tətbiqi təklif edilmiş və hətta bu haqda qanunlar da qəbul edilmişdir. Bu cəhətdən torpağın icarəyə verilməsinin müxtəlif formaları və kəndli (fermer) təsərrüfatlarının yaradılması daha mütərəqqi hesab edilir. İcarə forması əkinçini torpağın daimi sahibi etmədiyindən yenə də torpağın münbitliyinə lazımınca qayğı göstərilmir. Çünki icarəyə verilən torpaq sahəsi daimi yox, müqavilə əsasında müəyyən müddətə onun istifadəsinə verilir.
Bütün bunları və başqa münaqişələr yaradan səbəbləri, eləcə də dünya ölkələrinin təcrübəsini nəzərə alaraq kəndli (fermer) təsərrüfatları yaradılmasının daha faydalı olduğunu nəzərə almalıyıq. Məhz buna görə də bu haqda geniş söhbət açmağı məqsədəuyğun hesab edirik.
Muxtar respublikada kəndli (fermer) təsərrüfatları yaradılmasına bir neçə ildir ki, başlanmışdır. Ordubad və Babək rayonlarında fəaliyyət göstərən bir çox bu cür təsərrüfatlar ilk illərdən müsbət nəticələr əldə ediblər. Keçən il fəaliyyət göstərən 16 fermer təsərrüfatının ixtiyarında olan 445 hektar torpaq sahəsinin 224,9 hektarında müxtəlif bitkilər əkilmiş və məhsul əldə olunmuşdur. İlk nəticələr ümidvericidir.
Culfa rayonunun dağlıq zonasında yerləşən “Azərbaycan” kolxozunun (Şurud və Gal kəndləri) illərdən bəri davam edən səmərəsiz fəaliyyəti həmin təsərrüfatın əsasında kəndli (fermer) təsərrüfatları yaradılmasına və gələcəkdə burada adamların vəziyyətinin yaxşılaşacağı, məhsul bolluğu yaradılacağı üçün zəmin yaratmışdır. Yaranmış 4 kəndli (fermer) və 36 şəxsi təsərrüfatlarda kəndlərin əhalisinin hamısı əhatə edilmiş, onların sahibliyinə 635 hektar (o cümlədən 254 hektar suvarılan) torpaq sahəsi, 221 baş müxtəlif yaşda iribuynuzlu mal-qara, 308 başlıq 4 tövlə verilmişdir. Fermer və şəxsi təsərrüfatlarda maşın və mexanizmlərin gücündən səmərəli istifadəni təmin etmək məqsədilə kolxozda olan avtotraktor və kənd təsərrüfatı maşınları “Texniki xidmət göstərən” bir fermer təsərrüfatında birləşmişdir. Yaranmış kəndli (fermer) təsərrüfatlarının hər birinin bankda hesabı açılmış, onların fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə ehtiyacı olduqda kreditlər verilməsi məsələləri həll edilmişdir. İlk günlərdən yeni yaradılmış təsərrüfatların torpaqdan istifadəsi diqqəti cəlb edir.
Bütün bunlarla yanaşı, kəndli (fermer) təsərrüfatlarının yaradılmasında qanunun tələblərinə tam əməl edilməsi işinə əsassız maneçiliklər də vardır. Azərbaycan Respublikasının kəndli (fermer) təsərrüfatları haqqında 1992-ci il 8 aprel tarixli Qanunu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılmasına dair” 1992-ci il 6 aprel tarixli qərarı ilə təsdiq edilmiş tövsiyələr yeni formalı kəndli (fermer) təsərrüfatları yaradılmasının tam qanuniliyinə şərait yaradır. Bu qanun və qərar fermer təsərrüfatlarının təşkilinin, fəaliyyətinin iqtisadi-sosial və hüquqi əsaslarını müəyyən edir. Kəndli təsərrüfatı mülkiyyətinə verilmiş torpaqda əmtəəlik məhsullar istehsalı, emalı və satışı ilə məşğul olan vətəndaşların əmək birləşməsi olmaqla müstəqil sahibkarlıq formasıdır. Kəndli təsərrüfatı ailə üzvləri, onlarla daimi işləyənlərin ümumi mülkiyyətində olan istehsal alətlərinə, bir ailə üzvlərinin əməyinə əsaslanan hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfatçılıq subyektidir.
Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsi mülkiyyətə orta torpaq norması ilə rayon, şəhər XDM tərəfindən pulsuz verilir. Bu və ya digər ərazidə yaranacaq kəndli təsərrüfatının torpaq sahəsi – torpaq payı normasının müəyyən edilməsi qanunda nəzərdə tutulan kimi hesablanmalıdır. Yeri gəlmişkən qeyd edilməlidir ki, bəzən kəndli təsərrüfatları yaradılması, onlara torpaq sahələri verilməsi, onların qeydə alınması, rayon XDM icraiyyə komitələrinin qərarı əsasında həyata keçirilir. Bu isə qanuna müvafiq deyildir. Torpaqla əlaqədar bütün məsələlər yalnız rayon XDM-nin qərarına əsasən həyata keçirilməlidir.
“Şərq qapısı” qəzeti
30 aprel 1994-cü il
Torpağın sahibi
Gözümüzü açıb torpağımızı bar-bərəkətli, süfrəmizi qonaqlı-qaralı görmüşük. Dədə-babadan məclislərdə ömrünü torpağa bağlamış insanların söhbətlərində zəmilərdə boy atıb bir-birinə dolaşan sarı sünbüldən, ağzınacan dolu xırmanlardan azmı eşitmişik? Çox şükür, artıq hər mövsümdə əkin-biçinimiz üzümüzü güldürür. Niyə də olmasın! Allahın bizə verdiyi nemətlər öz əməyimizin bəhrəsi deyilmi? Ola bilər, bəlkə bu da zamanın bir sınağı olub ki, nə zamansa sanki bir anlığa özümüzü unutmuş kimi torpaqdan da ayrı düşmüşük. Amma inanıram ki, 1994-cü ildə bu ürəkağrısı dolu yazı yazılanda bütün ümidlərin bitmədiyinə, nə zamansa bu torpağın əsl sahibinin, yəni onu əkib-becərənin iş başına gələcəyinə inanan insanlar az deyildi. Çünki naxçıvanlılar, bəlkə də, min illər öncəsindən bu yerlərin sərt havasında, quraq iqlimində şöhrəti dünyaya yayılmış bağ-bağat salmış, nəsildən-nəslə keçib gələn oturaq əkinçilik mədəniyyəti yaratmışlar. Hələ sovet dövründə bu yerlərə yad olan tütün, pambıq kimi texniki bitkilər əkilsə də, Naxçıvanın bərəkətli taxıl zəmiləri, üzümlükləri, minbir ətirli meyvə bağları, dadı damaqdan getməyən bostan məhsulları bu yurdun kəndlisinin göz bəbəyi olmuşdur. Ötən əsrin 70-80-ci illərini yaxşı xatırlayanlar deyə bilər ki, Naxçıvan kəndlisi yetişdirdiyi məhsulun hesabına o dövrdə özünə necə güzəran qurmuşdu. Bəzən düşünürəm ki, bu gün də dillərdən düşməyən şirin Naxçıvan nəğmələri həmin dövrün bar-bəhərinin şövqüylə qoşulubmuş. Həmin dövrdə Naxçıvanın qəhrəman oğul-qızlarının əməyi də yüksək qiymətləndirilmiş, muxtar respublika ittifaq səviyyəsində tanınmışdı. Amma… Amma nə oldusa, nə dəyişdisə sanki birdən-birə bu şirin hekayə dönüb qorxulu bir yuxuya çevrildi. 1988-ci ildən başlayan, 1994-cü ilin sonunadək davam edən, kəndlinin, torpaq zəhmətkeşinin də bütün planlarını alt-üst edən, arzularının üzərindən acı quraqlıq yelləri əsdirən böhran və tənəzzül dövrü başladı. Bu dövrü mənim kimi ortayaşlılardan daha yaxşı xatırlayan böyüklərimiz bu haqda çox danışa bilərlər. Ancaq 1994-cü ilin 30 aprelində dərc olunan bu yazıda o dövrün müəllifinin qələmə aldığı əli işdən soyumuş kəndlinin güzəranını əks etdirən sətirlər hər şeyi deyir. Naxçıvanda çox az adam olar ki, o dövrlər torpaq sahibsizliyinin nəticələrindən əziyyət çəkməsin, əcnəbi yardımlar üçün növbələrə yazılmasın. Respublikamızın cəlb olunduğu müharibə vəziyyəti, Naxçıvanın düşdüyü ağır blokada şəraitində həmin yardımlar ərzaq bazarında vəziyyəti müvəqqəti sabitləşdirməyə yönəlsə də, əsl problem bundan sonra başlanırdı. Minlərlə insan qonşudan gələn bir pay halvanın şirin dadına aldanıb öz peşəsini, dədə-baba məsləyini bir tərəfə atıb saqqız, siqaret alverinə qurşandı… Beləcə, o dövrdə cəmiyyəti bürümüş dərin sosial-iqtisadi böhranı aradan qaldırmaq üçün hər sahədə köklü islahatlar tələb olunurdu ki, bu da şübhəsiz, ilk olaraq, kənd təsərrüfatından, torpağa münasibəti dəyişməkdən keçirdi.
Və zaman gəldi, vaxt yetişdi, islahatlar dövrü başladı. Bu haqda çox deyilib, çox yazılıb. Hətta muxtar respublikamızda həyata keçirilən ilk torpaq islahatları, yəni zərərlə işləyən kolxoz və sovxozların əsasında yeni kəndli-fermer təsərrüfatlarının yaradılması ideyası haqda həmin 21 il əvvəlki yazıdan da oxuyuruq. Amma bu dövrdən bəri Naxçıvanda insanları torpağının yenidən sahibi edən, kəndlini öz iş-gücünə qaytaran hansı işlər görüldü, nələr baş verdi ki, cəmisi 20 ildə muxtar respublika əksər ərzaq məhsulları ilə özünü tam təminata nail oldu, bu qədər geniş suvarma şəbəkəsi yaradıldı, zəmilərə nərilti salan bu qədər yeni texnika alınıb gətirildi?
Deyildiyi qədər sadə görünməyən bu işlərin arxasında gərgin zəhmətlə dolu illər artıq arxada qalmışdır. Amma o da var ki, bu gün böyük bir hissəsi reallaşdırılmış 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına, icrası uğurla başa çatdırılmış 2005-2010-cu illərdə kartofçuluğun inkişafına, icrası uğurla davam etdirilən 2012-2015-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dair dövlət proqramları qəbul edilməsəydi, muxtar respublikada ümumi tutumu 12 min 250 ton olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatı yaradılmasaydı, muxtar respublikanın əkin sahələrini cana gətirən yüz milyonlarla kubmetr su ehtiyatı yaradan su anbarları və geniş suvarma şəbəkələri istifadəyə verilməsəydi, hazırda kənddə əl əməyini, demək olar ki, minimumlaşdırmış müasir kənd təsərrüfatı texnikaları alınıb kəndliyə güzəştli qiymətlərlə verilməsəydi… kim bilir yenə də hardansa gətirilən yardımların ümidinə qalmışdıq. Ancaq, şükürlər olsun ki, düşmən blokadasını yarıb bunları yarada bildik. Və bütün bunların nəticəsidir ki, bu gün regionumuzda kənd, şəhər demədən hər yerdə mağazalarımız ərzaqla dolub-daşır, evlərdəki köhnədənqalma soyuducular sürətlə genişhəcmli yeniləri ilə əvəz olunur, şəhərdə bişirilən çörək səhər saat 9-da isti-isti ucqar dağ kəndi Küküyədək aparılır, könlü lavaş istəyənlər üçün Saltaq lavaşı bir zənglə həmin gün evlərə çatdırılır... Amma bu gün 21 yaşlı qayğısız universitet tələbələrimiz, bəlkə də, heç vaxt bilməyəcəklər ki, Naxçıvanda gün vardı adamlar səhər saat 7-dən çörək növbəsinə dayanar və ya o dövr üçün mataha dönmüş 1 kilo “əl əti”, yəni indi hər yerdə 7 manata satılan təzə ət almaq üçün səhər saat 6-dan Cəhri yoluna tələsərdilər. Aman! Qoy görməsinlər, kimsə bunu bir daha arzulamır da. Amma bizim haradan haraya gəlib çıxdığımızı, adamların hansı əziyyətlər çəkərək bu günün dəzgahını necə qurduğunu hamı yaxşı bilməlidir. Bilməlidir ona görə ki, bu nə yüz, nə də min il əvvəlki tarixdir, kimsə təhrif etsin, bizə başqa cür çatdırılsın. Bu, bizim üçün yaxın keçmişin ağır imtahan dövrü, əl-ələ verib ümummilli liderimizin, onun yolunun davamçılarının ətrafında sıx birləşərək bugünkü gücümüzə qovuşduğumuz tarixdir. Qoy bilsinlər, necə oldu ki, muxtar respublikada 1994-cü ildəki cəmi 14 min hektar olan taxıl əkini sahəsi bu gün 36 min hektara çatdırıldı, həmin dövrdə yığılan 19 min ton taxıla qarşı 2014-cü ildə 103 min ton taxıl anbarlandı. Və yaxud 1994-cü ildə cəmisi 727 ton meyvə, giləmeyvə toplanılan Naxçıvanda 2014-cü ildə bundan, təqribən, 60 dəfə çox, yəni 43 min tondan artıq məhsul götürülməsi möcüzədirmi? Yox! Sadəcə, torpağın sahibi olmaqdır işin sirri. Hər halda naxçıvanlılar torpağın sahibi oldular ki, indi 1994-cü ildəkindən, təqribən, üç dəfə çox, yəni 60 min hektardan artıq torpaq sahəsini əkin dövriyyəsinə qata bildilər. 2015-ci il muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunmuş, qarşıya daha yüksək vəzifələr qoyulmuşdur. Gələcəkdə daha inamlı olmaq üçün keçilən bu tarixi də yaxşı bilmək lazımdır. Bunun üçün isə təkcə rəqəmlər, faktlarla yazılan tarixi öyrənmək azdır: belə bir gözəl yay günündə Naxçıvanın kəndlərinin birinə yollanıb oradakı insanların gün-güzəranını yerindəcə görmək, onların iş-gücü, təsərrüfatı ilə tanış olmaq, yay qayğıları ilə birgə yaşamaq lazımdır.
Əli CABBAROV