Bu gün muxtar respublika yeni inkişaf mərhələsinə, intibah dövrünə qədəm qoyub. Aparılan geniş tikinti-quruculuq işləri paytaxt Naxçıvan şəhərini də əhatə edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” bu istiqamətdə həyata keçirilən tədbirlərə stimul verib. Ötən müddətdə proqramın icrası istiqamətində görülən işlər muxtar respublika paytaxtında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Proqramda xüsusi diqqət yetirilən sahələrdən biri inzibati binaların tikintisi və təmiridir. Proqramın qəbulundan sonra bu istiqamətdə atılan ilk addım Naxçıvan şəhərinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün inzibati binanın və xidmət mərkəzinin inşa edilməsi olub və hər iki obyektin tikintisi başa çatdırılıb.
Proqramın icrası çərçivəsində şəhər sakinlərinin keyfiyyətli rabitə xidmətlərindən istifadəsi üçün də ötən ildən başlayaraq məqsədyönlü işlər görülüb. Belə ki, “Evədək optika” layihəsi çərçivəsində internetə genişzolaqlı qoşulma, IP TV və telefon xidmətlərinin daha da genişləndirilməsi, simsiz internet şəbəkəsinin ən müasir texnologiyalar əsasında inkişaf etdirilməsi üçün bir sıra tədbirlər reallaşdırılıb.
Şəhər sakinləri tərəfindən minnətdarlıqla qarşılanan işlərdən biri sözügedən proqramda nəzərdə tutulan istilik, su təchizatı və kanalizasiya təchizatında müasir infrastrukturun yaradılmasıdır. Bu məqsədlə Naxçıvan şəhərindəki kəhrizlərdə təmir-bərpa işləri aparılıb, su-kanalizasiya qurğularının tikintisi həyata keçirilib. İctimai yaşayış binalarında istilik, su-kanalizasiya sistemlərinin yenidən qurulması və müasirtipli fərdi qazanxanaların tikintisi sahəsində uğurlu nəticələr əldə edilib.
Bəhs olunan dövrdə Naxçıvan şəhərində 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətlərinin müvafiq gərginlikli kabel xətləri ilə əvəz edilməsi həyata keçirilib. Qaz təchizatında mütərəqqi addımlardan biri isə Naxçıvan şəhərində smartkarttipli qaz sayğaclarının quraşdırılmasıdır. Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılmasına başlanılıb. “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən ilkin olaraq Naxçıvan şəhərində sınaq üçün 7 ədəd sayğac quraşdırılıb.
Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə proqramda diqqəti çəkən başlıca məqam onun sosial həyatın ən müxtəlif sahələrini əhatə etməsidir. Bu baxımdan yol təsərrüfatı və nəqliyyatda ən müasir infrastrukturun qurulması bu sahədə olan çətinliklərin aradan qaldırılması məqsədi daşıyır. Çünki abad yol iqtisadi inkişafın əsas göstəricilərindəndir. Proqrama uyğun olaraq, ötən il və bu ilin ötən dövrü ərzində bir hissəsi yekunlaşdırılmış işlər sırasında Naxçıvan şəhərinin küçələrində və Xətai məhəlləsində abadlıq işlərinin aparılması, şəhərdaxili nəqliyyatda işləyən avtobusların beynəlxalq standartlara cavab verən müasir avtobuslarla əvəz olunması, Naxçıvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidlərinin yaradılması, İslam Səfərli küçəsində avtomobil parkının tikintisi, Naxçıvan şəhərinin Qaraçuq, Bulqan, Qaraxanbəyli kəndlərində mərkəzi yollara asfalt örtüyün salınması, Naxçıvan şəhərində ictimai nəqliyyat üçün yeni dayanacaqların quraşdırılması da var.
Qeyd edək ki, adıçəkilən dövlət sənədində Naxçıvan şəhərində yaşıllaşdırma tədbirlərinin aparılması da nəzərdə tutulub. Ötən dövrdə Naxçıvan şəhərində yeni istirahət parklarının qurulması və yaşıllıq sahələrinin artırılması, İslam Səfərli küçəsində yenidənqurma işlərinin aparılması, şəhərətrafı qəsəbə və kəndlərdə bağçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib.
Ötən il üçün gənclər və idman sahəsində proqramda nəzərdə tutulan mühüm tədbir Naxçıvan şəhərində Gənclər Mərkəzinin tikintisinin başa çatdırılması olub. Şəhər sakinləri üçün təhsil sahəsində ötən ilin və bu ilin ən əlamətdar, yaddaqalan hadisələri Naxçıvan şəhər 11 nömrəli, Naxçıvan şəhərinin Qaraçuq kəndində 9 nömrəli tam orta məktəb binalarının yenidən qurulması, “Naxçıvan” Universiteti üçün tədris, inzibati və yataqxana binalarından ibarət kompleksin tikilməsi, Naxçıvan Dövlət Universitetinin Xəstəxanası və Baytarlıq təbabəti ixtisası üçün yeni binaların istifadəyə verilməsi olub.
Muxtar respublikada səhiyyənin inkişafına xüsusi diqqət yetirilir, müasir infrastruktur qurulur, yeni-yeni şəfa ocaqları həyata vəsiqə alır, bu şəfa ocaqları ən müasir tibbi avadanlıqlarla təchiz edilir. Sevindirici haldır ki, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə proqramda Naxçıvan şəhərində daha beş səhiyyə müəssisəsinin müasirləşdirilməsi nəzərdə tutulub. Proqramın qəbulundan ötən dövr ərzində Naxçıvan şəhərinin Qaraçuq kəndində həkim ambulatoriyası tikilərək istifadəyə verilib, Yoluxucu Xəstəliklər Mərkəzi üçün binanın tikintisi başa çatdırılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidən qurulması, Naxçıvan şəhərində bitkiçilik və heyvandarlıq sahələri üzrə əczaxananın yaradılması istiqamətində görülən işlər isə davam etdirilir.
Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı proqram şəhərdə müasir mədəniyyət obyektlərinin sayının artmasına da mühüm təsir göstərib. Belə ki, 2014-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində tikinti-bərpa işləri başa çatdırılıb, Dövlət Bayrağı Meydanının tikintisi yekunlaşdırılıb, Naxçıvançay vadisində əyləncə və istirahət mərkəzi əhalinin ixtiyarına verilib. Proqrama uyğun olaraq, Naxçıvan şəhərində müasir hamam kompleksinin tikintisi yekunlaşdırılıb, Kalbalıxan küçəsində Xatirə Muzeyi üçün bina inşa edilərək istifadəyə verilib. Naxçıvan şəhərinin Qaraçuq kəndində Uşaq musiqi məktəbinin binasının yenidən qurulması kənd sakinlərinin ürəyincə olub.
İctimai yaşayış binalarının yenidən qurulması, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsidir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın qəbulu ilə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin tikintisinə start verilib, Atatürk küçəsində 9 nömrəli yaşayış binasının tikintisi başa çatdırılıb. Atatürk küçəsində 5 nömrəli ictimai yaşayış binası yenidənqurmadan sonra sakinlərin ixtiyarına verilib, Heydər Əliyev prospektindəki yeni ictimai yaşayış binasının tikintisi başa çatdırılıb.
Qeyd edək ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın qəbulundan ötən müddətdə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, kənd təsərrüfatının infrastruktur təminatı ilə bağlı 20-dən çox tədbirin icrası davam etdirilib.
Ümumiyyətlə, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın uğurlu icrası şəhərimizin daha da gözəlləşməsinə və müasirləşməsinə, inkişafına öz töhfəsini verəcək, insanların daha yaxşı şəraitdə işləməsinə və yaşamasına, sakinlərin mənzil-məişət, təhsil, istirahət şəraitinin yaxşılaşmasına imkan yaradacaq.
Səbuhi HÜSEYNOV