Dünən Babək rayonunda “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni Babək Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elyar Qasımov açaraq rayonda fəaliyyət göstərən bələdiyyələrə dövlət qayğısından danışıb. Qeyd olunub ki, rayonda bələdiyyələrin fəaliyyəti üçün normal iş şəraiti yaradılıb, bu qurumların əksəriyyəti yeni binalarda yerləşdirilib. Bunun müqabilində bələdiyyə üzvləri məsuliyyətlərini dərindən dərk etməli, fəaliyyətlərində fəallıq göstərməlidirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanovun “Yerli özünüidarəetmə orqanlarında qanunvericiliyin tələblərinə riayət olunması və bələdiyyə qərarlarının qəbul edilməsi proseduru”, Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun “Bələdiyyə iclasının çağırılması və əhali ilə görüşün təşkili qaydalarının tənzimlənməsi”, Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Bələdiyyə fəaliyyətinin təşkilində kargüzarlığın rolu və bu sahəni tənzimləyən qanunvericilik” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə bildirilib ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş Azərbaycanda ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirilir. İslahatların geniş vüsət aldığı sahələrdən biri də bələdiyyə institutunun inkişafıdır. Ölkəmizin digər regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu institutun inkişafı və cəmiyyətdə özünə layiqli yer tutması üçün hər cür şərait yaradılıb.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə “Bələdiyyələrin Nümunəvi Reqlamenti” təsdiq edilib. Reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən ötən ay nümunəvi reqlamentlə bağlı tövsiyə məktubları hazırlanaraq bələdiyyələrə göndərilib. Bələdiyyə orqanları tərəfindən həmin reqlamentin tətbiqinə əməl olunması diqqət mərkəzində saxlanılmalıdır.
Seminar-müşavirədə yerli özünüidarəetmənin digər aktual məsələlərinə də toxunulub, bələdiyyə qərarlarının qəbul edilməsi prosedurunun düzgün həyata keçirilməsi, yerli vergi və ödənişlərin toplanması, maliyyə vəsaitlərinin istifadəsi və sair məsələlərin həlli istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi