Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan olunmuşdur.
Azərbaycan polisi yarandığı gündən ötən 97 il ərzində şərəfli bir yol keçmiş, müxtəlif vaxtlarda ayrı-ayrı adlarla fəaliyyət göstərməsindən asılı olmayaraq, Vətənə, xalqa, qəbul etdiyi anda sədaqətlə, ləyaqətlə xidmət etmiş, zamanın bütün sınaqlarından mətinliklə çıxmış, dövlətçiliyin əsas sütunlarından birinə çevrilmişdir.
Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətlərinin nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənmiş, Vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Bu dövrdən etibarən şəxsi heyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanılmışdır.
Ölkəmiz müstəqillik qazandıqdan və 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra isə hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsi başlandı. Cəmiyyət həyatında sabitliyin qorunması, asayişin bərpası dövlətçiliyin təməl prinsiplərindən biri kimi diqqət mərkəzində saxlanıldı, hüquq-mühafizə orqanlarında, xüsusən daxili işlər orqanlarında müşahidə olunan neqativ hallar aradan qaldırıldı.
“Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır”, – deyən ümummilli liderimizin həyata keçirdiyi kadr islahatları peşəkarlığın artırılmasına, xidmətin səmərəli təşkilinə zəmin yaratdı. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi ölkədə cinayətkarlıqla mübarizənin möhkəm təməlini qoydu. Dahi şəxsiyyətin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının əsasını qoymuşdur. Qanunvericilik bazasının təkmilləşdirilməsi sonrakı dövrdə də davam etdirilərək “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” qəbul edilmişdir. Qanunların aliliyini rəhbər tutan hüquq-mühafizə orqanlarının qətiyyətlə həyata keçirdikləri əməliyyatlar nəticəsində kriminogen durum nəzarətə alınmışdır. Nəticədə, ağır cinayətlərin sayı kəskin surətdə azalmış və Azərbaycan ən sabit ölkələrdən birinə çevrilmişdir.
Bu gün fəxrlə demək olar ki, Azərbaycan polisi öz peşəkarlığı ilə seçilir. Həyata keçirilən davamlı islahatlar, cinayətkarlığa qarşı mübarizə üzrə qəbul olunmuş normativ-hüquqi aktlar polisin fəaliyyətini nizama salmış, əməkdaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində onlarla fərman, sərəncam imzalanaraq həyata keçirilmişdir. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşlarına əlavə stimul vermişdir.
Daxili işlər orqanlarına hərtərəfli diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sabitliyin və asayişin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət proqramına uyğun olaraq, vətəndaşların məruz qala biləcəyi hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə “102” və “Təhlükəsiz şəhər” xidmətləri yaradılmışdır.
Muxtar respublikamızda da polis orqanları diqqət və qayğı ilə əhatə olunmuşdur. Son 20 il ərzində Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılmış, fəaliyyətin günün tələbləri səviyyəsində təşkili təmin edilmişdir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası da daxil olmaqla, bütün ərazi polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidməti avtomobillər yeniləri ilə əvəz edilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminat polisin işini daha da asanlaşdırmışdır.
Daxili işlər orqanlarına göstərilən diqqət və qayğı muxtar respublikada cinayətlərin qarşısının alınması və açılması, ictimai asayişin qorunması sahəsində inkişafı təmin etmiş, insan hüquq və azadlıqlarının qorunması işi daha da yaxşılaşdırılmış, kriminogen vəziyyət ciddi nəzarətdə saxlanılmışdır. Heydər Əliyev ideyalarına və dövlətçilik prinsiplərinə sadiq olan Naxçıvan polisi bu gün ağır, məsuliyyətli, həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldur.
Bu gün polis insan hüquqlarının əsas təminatçısına çevrilmiş, milli dəyərlərə hörmət və dövlətçilik ənənələrinə sədaqəti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir. Hazırda muxtar respublikada cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilir. Naxçıvan polisi cinayətlərin, inzibati xətaların və digər hüquqpozmaların baş vermədən qarşısının alınması istiqamətində uğurla fəaliyyət göstərir. Ən müasir texniki avadanlıqlardan, informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında operativliyi artırmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinin, elektron poçtunun və səyyari xidmətinin fəaliyyət göstərməsi isə işin səmərəli təşkilinə, eləcə də vətəndaşların rahatlığının təmin olunmasına və müraciətlərinin vaxtlı-vaxtında həllinə şərait yaratmışdır.
Öz işini qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi prinsipləri əsasında quran polis orqanları hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, eləcə də cinayətkarlığa qarşı mübarizədə yeni iş metodları tətbiq etməklə yanaşı, şəxsi heyətin peşə hazırlığı, mənəvi dəyərlərə ciddi riayət ruhunda tərbiyə olunması işini də diqqət mərkəzində saxlayır. Bununla yanaşı, muxtar respublikanın şəhər, rayon və kəndlərində, eləcə də ümumtəhsil məktəblərində mütəmadi olaraq görüşlər keçirilir, əhali arasında maarifləndirici söhbətlər aparılır.
Naxçıvan polisi qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa, Vətənə sədaqətlə xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin mətbuat xidməti