23 Dekabr 2024, Bazar ertəsi

İyunun 30-da Naxçıvan şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan inzibati prosesinin aktual problemləri (Naxçıvan Muxtar Respublikasında hüquqtətbiqetmə təcrübəsi nəzərə alınmaqla)” mövzusunda birgünlük seminar keçirilib.
“Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı çərçivəsində keçirilən seminarda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin hakimləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından söhbət açıb. Qeyd edib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, məhkəmələrdə yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, eləcə də onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılıb.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə layihə rəhbəri Tomas Herrmann seminarda müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb.
Seminarda Almaniyanın Baden-Vürttemberq Yuxarı İnzibati Məhkəməsinin sədri Folker Ellenberqer və həmin məhkəmənin hakimi Robert Kellerin “Azərbaycan inzibati prosesinin aktual problemləri: Alman baxışı”, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dadaşovun “Azərbaycanda İnzibati Prosessual Məcəllənin tətbiqi ilə bağlı aşağı məhkəmələrin praktikasındakı problemlər”, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Yusifəli Qurbanovun “Naxçıvan Muxtar Respublikasının məhkəmələri tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tətbiqi ilə bağlı aktual məsələlərin icmalı” mövzularında məruzələri dinlənilib.
Seminarda mövzu ətrafında maraqlı müzakirələr, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Seminar muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən milli qanunvericiliyin tətbiqi təcrübəsinin daha da sistemləşdirilməsi ilə yanaşı, mövzu ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından da mühüm əhəmiyyətə malik olub.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası məhkəmə orqanlarının fəaliyyətinə uğurlar arzulayan Tomas Herrmann qarşılıqlı faydalı əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətində olduqlarını bildirib.
Seminara Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR