22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər ƏLİYEV: Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir. 

Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Hələ ötən əsrin 60-cı illərində dahi rəhbər Heydər Əliyev Azərbaycanda ali vəzifəyə irəli çəkilən andan ana dili məsələsinə xüsusi həssaslıqla yanaşaraq Azərbaycan dilinin dövlətimizin və xalqımızın milli atributlarından birinə çevrilməsi, sabitləşməsi uğrunda cəsarətlə mübarizə aparmış, nəticə etibarı ilə, ilk dəfə dil siyasətini dövlət siyasəti səviyyəsinə qaldırmışdır.
Ümummilli liderimizin Azərbaycan dilinin saflığını qorumaq, onu daha da inkişaf etdirmək naminə qəbul etdiyi bir sıra qərarlar, imzaladığı fərman və sərəncamlar dil siyasətini dövlət siyasəti ilə bilavasitə əlaqələndirmiş, onun tərkib hissəsinə çevirmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) yaranmasının 50 illik yubileyinə həsr olunmuş elmi məclisdə ittifaq mərkəzindən, bütün müttəfiq respublikalardan, xarici ölkələrdən gəlmiş nümayəndə heyətlərinin qarşısında ilk dəfə doğma Azərbaycan dilində nitq söyləməsi ana dilimizin nüfuzunun genişlənməsi baxımından olduqca əhəmiyyətli hadisə idi. Baxmayaraq ki, Sovetlər Birliyi dövründə belə yüksək tədbirlərin rus dilində aparılması vacib hesab olunurdu.

Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində, Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi. 
Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutmuşdur. Müəyyən qədər unudulan, xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının bərpası, dilin ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi ulu öndər Heydər Əliyevin dil siyasətinin əsas təməl prinsipləridir.
Məhz bu fəaliyyətin məntiqi nəticəsi kimi Azərbaycan dili anlayışı yenidən vətəndaşlıq hüququ qazanmış, dilimizin fəaliyyət dairəsi genişlənmiş, qorunması və inkişafı kimi mühüm məsələlər elmi-nəzəri istiqamət almışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünün ilk günlərindən ana dilimizin himayə olunduğunu duyan dilçi alimlər Azərbaycan dilinin tədqiqi işini daha mütəşəkkil formada aparmağa başlamışlar. Ümummilli liderimiz bu elmi fəaliyyəti 1974-cü ildə bir qrup alimi Dövlət mükafatına layiq görməklə yüksək səviyyədə təqdir etmişdir.
Hakimiyyətdə olduğu bütün dövrlərdə dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan dilini milli mənliyin əsas məsələsi kimi diqqət mərkəzində saxlamışdır. Hələ totalitar sovet ideologiyasının təzyiqlərinə baxmayaraq, ümummilli liderimiz böyük cəsarətlə 1978-ci ildə Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etmişdi. Elə bu zamandan böyük uzaqgörənliklə müstəqil Azərbaycan Respublikasının bugünkü inkişafına hesablanmış Azərbaycançılıq ideologiyasının dövlətçilik sistemində təməli qoyulmuşdur. Müstəqillik illərində isə dahi şəxsiyyət Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycançılıq ideyasını dövlət ideologiyası səviyyəsinə çatdırdı ki, bu, ulu öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biridir.
Açıq-aydın duymaq mümkündür ki, ulu öndərimizin Azərbaycançılıq ideologiyasının, Azərbaycançılıq təliminin əsasında məhz Azərbaycan dili dayanır.
“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini adət-ənənələrini yaşatmalıyıq”, – deyən ulu öndərin fikrincə, ünsiyyət birliyi Azərbaycançılıq ideologiyasının əsas prinsiplərindəndir. Bu birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Dil yalnız bir mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, Azərbaycançılıq fəlsəfəsinin təməl problemidir. Dünyadakı bütün azərbaycanlıları bu doğma dil öz ətrafında birləşdirir, bir Günəş kimi öz nuru ilə hər kəsin qəlbində böyük Vətən eşqini alovlandırır.
Ulu öndərin dil haqqında görüşləri bütün zamanlar üçün alternativsiz bir proqramdır.
Belə ki;
– Ana dilini yaşatmaq milli dəyərləri yaşatmaqdır;
– Ana dili keçmişimiz, bu günümüz, gələcəyimizdir;
– dil xalqın ən böyük sərvətidir;
– dil xalqın mənəvi varlığıdır;
– dil milli mənsubiyyətin əsas şərtidir.
Bu gün Azərbaycanda dil siyasəti ölkənin milli birliyinə xidmət edir və bu mənada Azərbaycan dili Azərbaycanımızın milli rəmz­lərindən biridir. Heydər Əliyev təlimində Vətənə məhəbbət həm də ana dilinə ehtiram və məhəbbətlə eyniləşir.
Milli-mənəvi varlığın ifadəçisi olan və milli şüurun dirçəlişini bilavasitə təmin edən dilin taleyinə millətin və dövlətin taleyi kimi baxan ümummilli lider böyük inamla belə qənaətə gəlmişdir: “Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”.
Bəli, tarix bizə sübut etmişdir ki, milli-mənəvi dərk dövlətçilik ideyalarının yaranmasının ən əsas səbəblərindəndir. Dövlətçilik ideyalarının yaranmasını şərtləndirən milli-mənəvi özünüdərk məhz ana dilinə münasibətdən başlanır. Ana dilinə əsl vətəndaşlıq münasibətinin özülündə isə o dildə danışmağın bəxş etdiyi qürur hissi dayanır ki, bu hissi ulu öndər hər zaman böyük fəxrlə ifadə etmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyev dövlətçiliyə, milli ideologiyaya və mənəvi mədəniyyətin tarixi taleyinə də dil prizmasından nəzər salırdı. Yəni milli ideologiyamız, mədəniyyətimiz yaşayacaqsa, ana dilimiz, dövlət dilimiz də yaşamalı, inkişaf etməlidir.
Ulu əcdadlarımız bəşər mədəniyyətinin zəngin xəzinəsinə nadir incilər bəxş etmişlər. Doğma ana dilində yaradılan əsərlər ana dilimizin poetikliyindən, zəngin təsvir və ifadə vasitələrindən, ən dərin mənaları ifadə qüdrətindən soraq verdiyi kimi, həm də bu dilin daşıyıcılarının dünyanın ən qədim xalqlarından olduğunu sübut edir.
Tarixin müxtəlif mərhələlərində ana dilimizə qarşı planlı, məqsədyönlü şəkildə təzyiqlər olmuşdur. Məlumdur ki, dil millətin mənəvi varlığıdır. Bu mənada dilə qarşı yönəldilmiş qəsd mənəvi varlığa qarşı yönəldilmiş qəsddir. Dünyanın ilkin yaşayış məskənlərindən birinin sahibi, bəşər sivilizasiyanın yaradıcılarından olan xalqımız öz dilini də, mənəvi varlığını da hifz edib qorumuşdur.
Azərbaycanlı olmağı ilə fəxr edən ulu öndər özünün dil siyasətini yaradarkən tarixin dərslərinə diqqətlə, həssaslıqla yanaşır, hər kəsə öz doğma ana dilində övlad məhəbbəti ilə danışmağı tövsiyə edirdi. Azərbaycan dilinin mükəmməl bir dil kimi zənginliyini və bu zənginliyə görə dərin keçmişə malik olduğunu ehtiramla qeyd edən dahi şəxsiyyət onu da yaxşı bilirdi ki, bu cür dilə sahib xalqın qədim tarixi, zəngin mədəniyyəti olmalıdır. Öz çıxışlarında dəfələrlə bu ciddi məsələyə toxunan ulu öndərimiz ana dilində yazılan söz abidələrimizin tarixi taleyimizdə oynadığı rolu yüksək qiymətləndirirdi. Bu da onu göstərir ki, sadalanan bu keyfiyyətlərə malik xalq bəşər sivilizasiyası tarixində dövlətçilik ideologiyasının, belə demək mümkündürsə, banisidir. Xalqımızın böyük oğlu Heydər Əliyev bu fəlsəfi ideyanın müəllifi kimi Azərbaycan xalqına ana dilini qorumağı, o dildə fəxrlə danışmağı tövsiyə edirdi.
Ulu öndər Heydər Əliyev ədəbi dili, milli mədəniyyəti və onun tərkib hissəsi olan bədii ədəbiyyatı milli istiqlalın, xalqın azadlıq və səadətinin fikir carçısı kimi dəyərləndirərək deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil”. Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə söylənmiş bu kəlamlar ötən əsrin 70-80-ci illərində Azərbaycan dilinin işlənməsinin və işləklik qazanmasının, əsl mənada, qarantı idi.
Mənəvi mədəniyyətin tərəqqisinin ana dili ilə əlaqələndirilməsi isə gələcək perspektivli araşdırmalar üçün proqramdır.
Ümummilli liderimiz Heydər Əliyev ana dilini həm də mədəni hadisə kimi qiymətləndirirdi. Xüsusilə son dövrlərdə dilçilik elminin bir sahəsi olan nitq mədəniyyətinin formalaşması və prinsiplərinin müəyyənləşməsi ilə bağlı aparılan geniş tədqiqat sübut edir ki, ana dilində sərbəst danışmaq və yüksək nitq qabiliyyətinə sahib olmaq həmin dili özlüyündə mədəni hadisəyə çevirir.
Böyük dövlət xadimimiz Azərbaycan dilini milli birlik – dünya azərbaycanlılarını birləşdirən əsas amil kimi qiymətləndirərək deyirdi: “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir”.
Böyük öndər doğma ana dilini qəlbən sevirdi. Azərbaycan dilinin saflığının qorunması və zənginləşməsi, əlifba məsələsi dahi şəxsiyyətin həyat amallarından idi.
Ulu öndərin Azərbaycan dilinin inkişafına yönəlmiş xidmətləri ilə yanaşı, kamil nitqi də ana dilimizin saflığının qorunmasına, dilimizin zənginliyinin özünəməxsus şəkildə ifadə olunmasına xidmət edir. Hələ 1972-ci ildə yazıçılardan biri “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız”, – deyə müraciət edəndə dahi şəxsiyyət Heydər Əliyev gülümsəyərək belə cavab vermişdi: “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”. Totalitar rejimin hökm sürdüyü o dövrdə bunlar adi söz deyildi və məhz bu müdrik sözlər öz dilinə xor baxan bəzi Azərbaycan ziyalılarının milli tərbiyəsinə, milli özünüdərkinə təsir edərək ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoya bildi.
Müstəqillik illərində də azadlıq və suverenlik rəmzi olan ana dilimizə əsl qayğı və himayəni görkəmli dövlət xadimi Heydər Əliyev göstərmişdir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanından, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli Fərmanından irəli gələn vəzifələrdə ümummilli liderimiz Heydər Əliyevin milli dəyərlərimizə münasibəti, dövlət dilinə qayğısı açıq şəkildə ifadə edilmişdir. 2001-ci il 18 iyun tarixli Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır ki, bu quruma dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə yanaşı, həmin prosesin milli maraqlar kontekstində həyata keçirilməsinə nəzarət etmək də tapşırılmışdır. Ulu öndər Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nün təsis edilməsi haqqında” daha bir Fərman imzalamışdır. Həmin vaxtdan etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində ulu öndər Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamları xüsusi əhəmiyyətə malikdir.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca ulu öndər Heydər Əliyevin dillə bağlı əmanət qoyduğu zəngin irs də var olacaq, bizimlə birgə, qəlbimizdə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaqdır.

Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR