Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Azərbaycanda nizami ordunun yaradılmasına ötən əsrin əvvəllərindən başlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi.
Lakin o dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması dahi rəhbərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Bundan başqa, ulu öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.
Azərbaycanda milli ordunun formalaşdırılması prosesi ötən əsrin 90-cı illərinə təsadüf edir. Bu, həmin dövr idi ki, Sovet imperiyası dağılmış, Azərbaycan yenicə müstəqillik qazanmışdı. Lakin müstəqilliyin ilk illərində müstəqilliyin əsas təminatçısı olan milli ordu yaradılmadı. Pərakəndə hərbi birləşmələr düşmən hücumlarının qarşısında aciz qalmış, Azərbaycan əraziləri işğal olunmuş, müstəqilliyimiz təhlükə altına salınmışdı.
Həmin illərdə belə bir təhlükə Naxçıvanı da gözləyirdi. Lakin ulu öndərin atdığı qətiyyətli addımlar nəticəsində Naxçıvanda yerləşən hərbi birləşmələr düşmən hücumlarının qarşısını almış, Azərbaycanda milli ordunun formalaşmasına Naxçıvandan başlanmışdır. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etmiş, Naxçıvanda Dövlət Müdafiə Komitəsi yaradılmışdır. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edildi. 1992-ci il sentyabrın 19-da isə Dövlət Müdafiə Komitəsinin fəaliyyəti dayandırıldı və onun bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verildi. Elə həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edildi. 1992-ci il oktyabrın 9-da milli ordu hissəsinin yaradılmasının 1 illiyi münasibətilə ilk hərbi parad da Naxçıvanda keçirilmişdir.
“Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”. Ulu öndərimizin sonrakı illərdə həmin tarixi dövrü xatırlayarkən dediyi bu fikirlər, əslində, həm də xalq-ordu birliyinə çağırış idi. Azərbaycan xalqı da bu çağırışa cavab verdi, milli ordusuna güvəndi, dahi liderinin ideyaları ətrafında sıx birləşərək ölkəmizin gələcək inkişafını təmin etdi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da xilaskarlıq missiyasını yerinə yetirdi. Tezliklə ölkədə hərc-mərcliyə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr ləğv edilərək vahid komandanlığa əsaslanan milli ordu yaradıldı, cəbhədə atəşkəsə nail olundu. Əldə olunan sabitlik isə ölkə iqtisadiyyatını gücləndirməyə zəmin yaratdı. Bunun da müqabilində müasir ordu quruculuğu prosesi geniş vüsət aldı. Tezliklə ayrı-ayrı qoşun növləri üzrə ixtisaslaşmış hərbi hissələr yaradılaraq sistemləşdirildi. Silahlı Qüvvələrimizin maddi-texniki təminatı illər ötdükcə daha da yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi.
Ərazi bütövlüyünün təminatçısı olan ordunun formalaşdırılması ixtisaslı hərbi kadrların hazırlanmasından başlayır. İstər ölkəmizə rəhbərliyinin birinci, istərsə də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirən, gənc hərbçilərin yetişdirilməsi istiqamətində konkret tədbirlər görən ümummilli liderimizin rəhbərliyi ilə ölkədə hərbi kadr hazırlığı və beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırıldı.
“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”, – deyən ümummilli liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanılmış, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Bu gün artıq Silahlı Qüvvələrimizin sülhməramlıları müxtəlif münaqişə zonalarında öz missiyalarını uğurla yerinə yetirirlər.
Ulu öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. “Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”, – deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bununla da, Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Bu gün Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Bir faktı qeyd etmək yerinə düşər ki, ötən 20 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Naxçıvanda xalq-ordu birliyi özünün ən yaxşı ifadəsini tapmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tez-tez sərhəd bölgələrindəki hərbi hissələrdə olması xidmətin vəziyyəti, əsgərlərin həyat tərzi və problemləri ilə mütəmadi olaraq maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə, onlarda vətənpərvərlik hislərinin daha da güclənməsinə səbəb olur. Bu il mayın 15-də Əlahiddə Ümumqoşun Ordusunun hissə və birləşmələri Türkiyə Silahlı Qüvvələri ilə birgə taktiki təlimlərdə iştirak etmiş, qarşılıqlı əlaqə zəminində verilən tapşırıqların icrasını uğurla yerinə yetirmişdir. Həmçinin şəxsi heyətin keçirilən gecə təlimlərində peşəkarlıq nümayiş etdirməsi Əlahiddə Ümumqoşun Ordusunun istənilən relyef, məhdud görmə və hava şəraitində verilən tapşırıqları layiqincə yerinə yetirməyə qadir olduğuna heç bir şübhə yeri qoymur.
Muxtar respublikada hərbi kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilmiş, kursantlar üçün müasir tədris, rahat məişət və yaşayış şəraiti yaradılmışdır. Artıq Hərbi Lisey ölkəmizdə gələcəyin peşəkar zabitlərinin yetişdirilməsinə mühüm töhfə verən mötəbər təhsil ocağıdır. Bu gün liseydə nəinki muxtar respublikadan, Azərbaycanın digər bölgələrindən olan gənclərin də hərbi təhsil alması bunu bir daha təsdiq edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir dövlətin və cəmiyyətin həyatında ordu mühüm rol oynayır. Ordu müstəqillik rəmzidir. Xalqın əmin-amanlıqda yaşaması, dövlətin isə müstəqil olması üçün onun güclü, öz dövrünün tələblərinə cavab verən ordusu olmalıdır”. Bu gün Azərbaycan Milli Ordusu ümummilli liderimizin uzaqgörən və xilaskarlıq fəaliyyətinin bəhrəsi kimi daim inkişaf edir, möhkəmlənir. Bu isə xalqımızın xoşbəxt həyatının qarantıdır. Çünki o xalq xoşbəxt hesab olunur ki, onun güclü ordusu vardır. Qüdrətli Azərbaycanın ordusu xalqımızın qürur, iftixar mənbəyi, tükənməz inamı, arxa-dayağıdır. Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın düşmənlə üz-üzə, ən ucqar yaşayış məntəqəsində belə, həyat davam edir, məskunlaşma durmadan artır. Öz milli ordusuna, mərd, mətin və mübariz övladlarına güvənən sakinlər arxayın yaşayır, öz təsərrüfatları ilə məşğul olur, yurda bağlılıqlarını nümayiş etdirirlər. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.
Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır. Yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik olan milli ordusu vardır. İşğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyən peşəkar hərbçilərimiz vardır.
“Şərq qapısı”