“Azərbaycanın müstəqilliyinin əsası ötən əsrin 90-cı illərində ümummilli liderimizin rəhbəri olduğu Naxçıvanda qoyulduğu kimi, milli ordu quruculuğu sahəsində ilk addımlar da həmin dövrdə Naxçıvanda atılmışdır. Ulu öndərimizin bu dövrdə qəbul etdiyi taleyüklü qərarlar sayəsində muxtar respublikanın etibarlı müdafiəsi təmin olunmuş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaradılmışdı. Bundan bir il sonra, 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk nizami ordu qurumlarından olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil olunmuş, bununla da, milli ordu hissələrinin yaradılmasının əsası qoyulmuşdu. Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələrinin yaradılması sahəsində tədbirlər davamlı xarakter almış, ordu quruculuğu diqqət mərkəzində saxlanmışdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il oktyabrın 20-də Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzinin açılış mərasimində söylədiyi bu fikirlər muxtar respublikada ordu quruculuğu sahəsində atılan ilk addımların müasir silahlı qüvvələrimizin formalaşdırılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bir daha göstərir. Ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə – Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə xalqımız qarşısında ən böyük xidmətlərindən biri muxtar respublikanın təhlükəsizliyini təmin etməsi və ilk nizami milli ordu hissələrini yaratmasıdır. Ən yeni tariximizin səhifələrinə böyük hərflərlə yazılmış ordu quruculuğu ötən dövr ərzində Naxçıvanda sürətli inkişaf yolu keçmiş, aparılan dövlət siyasətinin prioritetinə çevrilmişdir. Blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında hərbi təyinatlı tikinti-quruculuq işlərinin geniş vüsət alması, maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun artırılması bu yöndə atılan addımların mühüm tərkib hissəsi olmuşdur. Motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinədək böyük inkişaf yolu keçmiş Naxçıvan ordusu Azərbaycan ordusunun muxtar respublikada gücünü bir daha ortaya qoyur. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü ərəfəsində bu gücün əyani mənzərəsini bir daha oxucularımızla bölüşmək istədik. Yolumuz Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən “N” hərbi hissəsinədir.
Silahlı Qüvvələrimizin Qıvraq qəsəbəsində yerləşən bu hərbi hissəsi hələ sovetlər dönəmindən çoxlarına tanışdır. Bu hərbi hissə müstəqilliyimizin ilk illərində muxtar respublikamızın müdafiəsinin təşkil olunmasında, erməni hərbi birləşmələrinin mütəmadi hücumlarının qarşısının alınmasında mühüm rol oynayan hissələrdən biri olmuşdur. Hərbi hissə ötən əsrin sonlarında Sədərək, Şərur rayonunun Şahbulaq, Yuxarı Yaycı, Havuş kəndləri uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərmiş, onlarla şəhid vermişdir. Muxtar respublikamızın ərazi bütövlüyünün qorunmasında öz sözünü demiş bu hərbi hissə indi müasirliyi ilə göz oxşayır. Ötən müddətdə burada həyata keçirilən kompleks tədbirlər nəticəsində bir-birindən yaraşıqlı yeni obyektlər – qərargah binası, yeməkxana, əsgər yataqxanası, əsgər-məişət kompleksi, Təlim-Tədris Mərkəzi yaradılmışdır. 2013-cü ildə 705 nömrəli hərbi hissənin yaradılmasının 21-ci ildönümündə burada yeni əsgər yataqxanası istifadəyə verilmişdir. Əsaslı şəkildə yenidən qurulan 5 mərtəbəli əsgər yataqxanasının hər mərtəbəsində məişət guşələri, təlim sinfi, ideoloji otaq və ayrı-ayrı xidməti otaqlar vardır. 2014-cü il oktyabrın 20-də isə Təlim-Tədris Mərkəzi istifadəyə verilmişdir. Üç mərtəbədən ibarət olan mərkəzdə Heydər Əliyev muzeyi, Döyüş şöhrəti muzeyi, kitabxana, iclas zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, mühəndis hazırlığı və kəşfiyyat hazırlığı sinifləri, kütləvi qırğın silahlarından müdafiə sinfi, atəş hazırlığı, maket və topoqrafiya, komplektləşdirmə, komandir hazırlığı və digər sinif otaqları vardır. Otaqlarda nəzəri təlim üçün lazım olan bütün əyani vəsaitlər və məlumat stendləri qoyulmuşdur. Burada yerləşən Heydər Əliyev muzeyində ümummilli liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən müxtəlif fotoşəkillərdən, kitab, jurnal və videomateriallardan ibarət zəngin ekspozisiya yaradılmışdır. Eyni zamanda muzeydə dahi şəxsiyyətin vaxtilə muxtar respublikada ordu quruculuğu istiqamətində qəbul etdiyi qərarların surətləri də nümayiş etdirilir.
Döyüş şöhrəti muzeyində isə müstəqillik illərindən başlayaraq hərbi hissənin keçdiyi döyüş yoluna aid fotoşəkillər, hərbi geyim dəstləri və sair təqdim olunur.
Həmçinin mərkəzdə yaradılmış virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif təlimlərin keçirilməsinə imkan verir. Hərbi hissənin zabiti Asif Dadaşov deyir ki, ordumuza göstərilən diqqət və qayğı, zabitlərimizin xidmətlərinin qiymətləndirilməsi bizi daha da ruhlandırır. Söhbət əsnasında müsahibimiz əsgərlərin təlim-tərbiyəsi, onların vətənpərvər ruhda yetişdirilməsi üçün keçirilən ideoloji dərslərdən, fiziki tərbiyədən tutmuş hərbi hissədə təşkil olunan idman yarışlarınadək bütün tədbirlər haqqında məlumat verir. O da vurğulanır ki, indi əsgərlərimiz hərbi xidmətə böyük sevgi ilə yanaşır, burada olduqları müddətdə əsl kişilik məktəbi keçirlər.
Hərbi hissədə olduğumuz zaman burada xidmət edən əsgərlərlə də söhbət edirik. Ordubad rayonundan hərbi xidmətə çağırılmış Elməddin Əliyev xidməti ilə bağlı deyir ki, belə bir nümunəvi hərbi hissədə xidmət keçməyi ilə fəxr edir. Burada bizim üçün hər cür şərait yaradılıb. Bizə keçilən dərslər, təlimlər nə vaxtsa lazım olacaq. Komandirlərimiz də bu işdə bizə yaxından köməklik edirlər. Çalışırlar ki, bizi hər an döyüşə hazır əsgər kimi yetişdirsinlər. Sevinirəm ki, xidmətə gəldikdən sonra burada çox şey öyrənmişəm.
Elmir Əzizli isə İmişli rayonundan hərbi xidmətə çağırılıb: “Naxçıvanda xidmət etməyimlə qürur hissi keçirirəm. Bu qürur hissi onunla bağlıdır ki, ümummilli liderimiz Heydər Əliyev ilk dəfə ordu quruculuğuna bu qədim Azərbaycan torpağında başlayıb. Bizim xidmət etdiyimiz hərbi hissə Naxçıvanın ağır günlərinə şahidlik edib. Məlumatımız var ki, bu hərbi hissədə Azərbaycanımızın çox mərd, cəsur oğulları xidmət edib. Onlardan bəziləri Vətən uğrunda şəhid olublar. Bizim də əsas məqsədimiz odur ki, belə qəhrəman oğullarımızla fəxr etməklə yanaşı, həm də onların yolunu davam etdirək. İnanırıq ki, Ali Baş Komandanın əmri ilə tezliklə Vətənimizin işğal altında olan torpaqlarını azad edəcəyik”.
Kürdəmir rayonundan hərbi xidmətə gəlmiş Elvin Qədirli, Babək rayonundan olan Aysun Bayramov da əsgər yoldaşlarının fikirlərini bölüşərək hərbi hissədə yaradılmış şəraitdən, hərbi xidmətdən, asudə vaxtlarının səmərəli təşkilindən ağızdolusu və minnətdarlıqla danışdılar. Bildirdilər ki, ən böyük arzuları işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasıdır. Ordumuzun qalibiyyət xəbərinin iştirakçısı olmaq istəyən bu gənclər o günün çox da uzaqda olmadığına inanırlar.
Bəli, bu gün ordumuzun, həqiqətən, Qələbəyə ehtiyacı var. Sürətlə inkişaf edən ölkəmizin iqtisadi gücü Silahlı Qüvvələrimizin də gündən-günə güclənməsinə şərait yaradır. Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən “N” hərbi hissəsinin timsalında bunu bir daha gördük. Son dövrlərdə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun gecə şəraitində taktiki təlimi bir daha muxtar respublikamızın hərbi potensialının yüksək səviyyədə olduğunu göstərdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Səbuhi HƏSƏNOV