23 Dekabr 2024, Bazar ertəsi

Bu il Azərbaycan milli mətbuatının 140 illik yubileyi qeyd edilir. Milli mətbuatın ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısının 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən keçirilən tədbirlər bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.

Muxtar respublikamızda da mətbuat daim diqqət və qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycan Prezidentinin həmin Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq edib.
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli mətbuatın yaranması tarixi həmişə əlamətdar hadisələrlə yadda qalıb. Mətbuatın 130, 135 illiyi Azərbaycanda və muxtar respublikada yüksək səviyyədə qeyd olunub. Çünki milli oyanışımızın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi olmuş anadilli mətbuatımız həm də çoxəsrlik yazılı tariximizin zəngin salnaməsini yaradıb, bu gün isə 24 illik blokadaya meydan oxuyan 20 illik Naxçıvan möcüzəsinin, intibahın salnaməsini yaratmaqdadır.

Məhz 140 il bundan əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz “Əkinçi” xalqa söz və qələmlə xidmət etməyin mükəmməl nümunəsini göstərmişdir. Xalqımızın həyatına işıq saçan “Əkinçi”nin səpib-becərdiyi söz tarlası ötən 140 ildə gül-çiçəkli bağ-bağçaya çevrildi.
“Əkinçi” maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi. Bu da səbəbsiz deyil. Belə ki, XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının və maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyərlər, cərəyanın təməl daşını qoyanlar məhz Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi idi. Zərdabinin nəzərində maarifçilik cəmiyyətin tərəqqiyə doğru inkişafının, cəmiyyəti bütün bəlalardan xilas etməyin yeganə vasitəsi idi. O, anadilli mətbuatı milli mövcudluğu qoruyub saxlamaq yolunda bir vasitə kimi görürdü.
“Ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəmir. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağız üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin... Sonra düşmənin düşmənçiliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar”, – deyən Zərdabi minbir əziyyət və cəfa ilə nəhayət, bu məqsədinə çatdı. 1875-ci il iyulun 22-dən “Əkinçi” adlı qəzeti nəşr etməklə ictimai şüurda inqilabi dəyişikliyə yol açacaq, milli düşüncəni, inkişafı təlqin edən məqalələrin dərc edilməsinə nail oldu. Bununla o, insanları maariflənməyə, elm, bilik öyrənməyə, cəhalətdən xilas olmağa səslədi, inkişafın qarşısında maneəyə çevrilən bəndləri dağıtdı, durğun suları hərəkətə gətirdi, Azərbaycanda nümunəvi qəzetçiliyin təməlini qoydu.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında da ilk milli qəzetimizin nəşrə başlaması mədəniyyət tariximizin ciddi bir hadisəsi kimi dəyərləndirilir, “Əkinçi” qəzetinin həqiqət carçısı olduğu, xalqımızın maarifləndirilməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığı vurğulanır. Sərəncamda deyilir: “1875-ci il iyulun 22-də görkəm­li ziyalı, publisist, təbiətşünas-alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır”.
Sonrakı dövrlərdə “Əkinçi” ənənələrindən bəhrələnən ilk gündəlik milli qəzet “Həyat”, ilk məfkurə jurnalı “Füyuzat”, ilk satira jurnalı və xalq tribunası “Molla Nəsrəddin”, ilk uşaq jurnalı “Dəbistan”, ilk qadın jurnalı “İşıq” mətbuatı ölkəmizin ictimai-siyasi həyatının bayraqdarına çevirdi. Bir-birinin ardınca işıq üzü görən “İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Həqiqət”, “Açıq söz”, “Səda”, “Məktəb”, “Rəhbər” kimi dövri nəşrlər cəmiyyətin inkişafına, insanların ictimai-siyasi proseslərə milli mənafe prizmasından yanaşmalarına rəvac verdi, inkişafa səbəb olan fikir müxtəlifliyinin yaranmasında xüsusi rol oynadılar.
140 illik yubileyini qeyd edən milli mətbuatımızın çar Rusiyası dövründəki 43, Azərbaycan Xalq Cümhuriyyəti zamanındakı 2 və Sovet İttifaqı dönəmindəki 71 illik tarixi ilə müstəqilliyimizin ötən 24 ilini müqayisə etdikdə bir daha əmin oluruq ki, bu gün ölkəmizdə azad, demokratik mətbuat formalaşıb, milli mətbuatımız çox böyük inkişaf yolu keçib. Şübhəsiz ki, mətbuatımıza dövlət qayğısı məhz 1970-80-ci illərdə özünün yüksək səviyyəsinə çatmışdı. Bu tendensiya ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü ildən etibarən davam etdi. 1995-ci il noyabrın 12-də – müstəqil dövlətimiz özünün ilk Konstitusiyasını qəbul etdikdən, yeni parlament seçildikdən sonra ulu öndər ölkədə teleradio yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni, müasir avadanlıqların alınmasına və quraşdırılmasına göstəriş verdi. Qafqazda ilk olaraq Azərbaycanda sovet dönəmindən qalan teleötürücü qurğular dəyişdirildi.
Ulu öndərin rəhbərliyi altında kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, söz, məlumat və fikir azadlığının təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Bununla da, ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verildiyi bir daha təsdiqləndi.
Son 11 ildə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişlənib. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən mətbuatın 135 illik yubileyinə qədər 300-dək KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görüldü, dəfələrlə qəzet redaksiyalarına birdəfəlik dövlət yardımı edildi. Ölkə Prezidentinin 2012-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabinin 170 illik yubileyi ölkə miqyasında qeyd olundu.
Dövlət başçısının 2008-ci ilin iyulunda imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası” bu gün də böyük uğurla icra edilir. Həmin konsepsiyanın icrasında 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu böyük nailiyyətlərə imza atır.
2010-cu il iyulun 22-də dövlət başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan digər bir sərəncam da imzaladı. Sərəncama əsasən, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Ölkə rəhbərinin bu sərəncamı ilə jurnalistlərin əsas problemlərinin birinin də həlli istiqamətində qətiyyətli addım atıldı.
Naxçıvan Muxtar Respublikasında da cəmiyyətin güzgüsü olan mətbuatın inkişafına dövlət dəstəyi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2000-ci il 29 mart tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncam qədim diyarda mətbuatın inkişafına xüsusi töhfə verdi. 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyasının, Əcəmi Nəşriyyat-Poli­qrafiya Birliyinin yeni binasının və mətbəəsinin, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsinin binasının yenidən qurularaq istifadəyə verilməsi, komitədə yeni nəsil rəqəmsal teleradio avadanlıqlarının quraşdırılması, “Kanal 35” televiziyasının, “Naxçıvanın səsi” radiosunun fəaliyyəti üçün lazımi şəraitin yaradılması muxtar respublikada həyata keçirilən mətbuat siyasətinin parlaq nəticələrindəndir. Bu gün muxtar respublikada işıq üzü görən qəzetlərin ən yüksək poliqrafik keyfiyyətdə çap olunması Naxçıvan mətbuatının böyük uğurlarından hesab edilir.

Azərbaycanda maarif carçısı, həqiqətsevərlərin “xitabət kürsüsü” kimi ad qazanmış “Əkinçi” qəzetinin və tərəqqinin, inkişafın, milli həmrəyliyin, milli düşüncənin tərəfdarı olmuş Həsən bəy Zərdabinin muxtar respublikadakı davamçıları bu gün intibahın işığında uğurla fəaliyyət göstərirlər.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR