23 Dekabr 2024, Bazar ertəsi

Dünən Şərur Rayon İcra Hakimiyyətində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı tədbir keçirilib. Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, nazirliyin rayon və şəhər qeydiyyat şöbələri ilə yanaşı, yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən də doğumun, nikahın bağlanmasının və ölümün qeydiyyatı aparılır. Ötən dövr ərzində muxtar respublikanın bütün rayonlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün seminarlar təşkil edilib və onlar müvafiq normativ-hüquqi aktlardan çıxarışlarla təmin ediliblər. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğum, nikah və ölümün qeydiyyatının aparılması üçün müvafiq metodik köməklik göstərilməsi və hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, Şərur rayonunda doğumun, nikahın və ölümün qeydiyyatı 52 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmiləşdirilir. 2009-2014-cü illər ərzində Şərur rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndə­liklər üçün 16 dəfə seminar təşkil olunub. Nazirlik tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklər müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər. Şərur rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün hərtərəfli metodik köməklik göstərilib.

Lakin bütün maarifləndirmə tədbirləri və yoxlamalara baxmayaraq, bu qurumların vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində nöqsanlar qalmaqdadır. Belə ki, 2014-cü ildə və 2015-ci ilin birinci rübü ərzində keçirilən yoxlamalar zamanı Aşağı Aralıq, Yuxarı Aralıq, Muğancıq-Mehrab, Sərxanlı, Tumaslı, Maxta, Axaməd, Tənənəm, Danyeri, Dərvişlər, Çomaxtur, Yuxarı Daşarx, Çəmənli, Yengicə, Cəlilkənd, Xanlıqlar, Kərimbəyli və Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyətində nöqsanlar aşkar edilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikanın bütün rayonlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün yeni binalar tikilib və müasir standartlara uyğun iş şəraiti yaradılıb. Məhz bu diqqət və qayğı nəticəsində Şərur rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri də müasir inzibati bina və iş şəraiti ilə təmin olunublar. Yaradılan şərait bu qurumların üzərinə mühüm vəzifələr qoyur.
Vurğulanıb ki, hər bir inzibati ərazi dairəsi üzrə nümayəndəlik fəaliyyətini “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, notariat haqqında qanunun və kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə uyğun qurmalı və vətəndaşlıq vəziyyəti aktları qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir. Xüsusilə də nikah qeydiyyatı zamanı müraciət etmiş şəxslərin iştirakı təmin edilməlidir.
Tədbirə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov yekun vuraraq rayonda dövlət qurumları üçün yaradılan müasir şəraitin müqabilində inzibati ərazi dairəsi üzrə nümayəndələrdən nümunəvi iş tələb olunduğunu bildirib, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına xüsusi diqqət göstərilməsinin vacib­liyini vurğulayıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR