23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. 1995-ci ildə ulu öndərimizin rəhbərliyi ilə işlənib hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə dövlət quruculuğu və idarəçilik prinsiplərini təsbit etmişdir. Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri isə 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, dövlət qulluqçularının hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifələrin tələblərinə uyğun gələn vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Bu müddəa ilə respublikamızda dövlət qulluğuna qəbulda diskriminasiyanın hər hansı bir formada təzahür etməsinin qətiyyətlə qarşısı alınmışdır.

Dövlət qulluqçusunun öz işinə münasibəti ölkə vətəndaşlarının dövlət idarəetmə orqanlarına münasibətini formalaşdırır. Buna görə də dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, gördüyü işlə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvənini artırmaq, davranış və əməlləri ilə gənc nəslə örnək olmaq kimi məsələlər hər bir dövlət qulluqçusunun qarşısında duran əsas vəzifələrdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.
Bu gün Azərbaycanda milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə cavab verən çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması diqqət mərkəzində saxlanılır.
Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2008-ci il aprelin 22-də “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması haqqında” Fərman imzalamışdır. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində 2011-ci ilin iyul ayında komissiya üçün müasir standartlara cavab verən və lazımi texniki avadanlıqlarla təmin olunmuş inzibati bina istifadəyə verilmişdir. Binada test imtahanlarını elektron formada keçirmək üçün mərkəzi server sistemi qurulmuş, test imtahan mərkəzi yaradılmışdır. Test imtahanlarının şəffaf və obyektiv keçirilməsini daha da yaxşılaşdırmaq məqsədi ilə 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən komissiya üçün yeni proqram təminatı hazırlanmışdır. Pro­qram təminatı test imtahanlarının və müsahibələrin audio-video yazısının mərkəzi server sistemində qeydə alınması imkanı yaratmışdır.
Komissiya üzvləri yaradılan imkanlardan səmərəli istifadə edərək kadr təminatının yaxşılaşdırılmasına öz töhfəsini verir. Bu il komissiya Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarında orta zabit heyəti vəzifələrinə və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində vakant olan vəzifələrin tutulması üçün test imtahanını uğurla keçirmişdir. Həmçinin 2015-ci il fevralın 18-də dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant vəzifələrin tutulması üçün müsabiqə elan etmiş və 351 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 149-u test imtahanında müvəffəqiyyət qazanaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Ümumilikdə indiyədək komissiya tərəfindən dövlət qulluğunda vakant inzibati vəzifələrin tutulması üçün 8 müsabiqə keçirilmişdir. Müsabiqələrdə 2604 namizəd iştirak etmiş, onlardan 507-si müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant vəzifələrə təyin olunmuşlar. Həmçinin komissiyanın təşkilatçılığı ilə xüsusi dövlət orqanları üzrə 18 müsabiqənin test imtahanları da uğurla başa çatdırılmışdır. Bu imtahanlarda 899 namizəd iştirak etmiş, onlardan 263-ü müvafiq keçid balını toplamışdır. Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və gənclərin dövlət qulluğuna marağı ilbəil artır.
Muxtar respublikada dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, xüsusilə onların iş şəraitinin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır. Dövlət orqanları üçün müasir inzibati binaların tikilib istifadəyə verilməsi, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, “Elektron hökumət”in qurulması bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada dövlət qulluqçularının fəaliyyətinə yüksək qiymət verilir, idarəçilik təcrübəsi, bacarıq və peşəkarlığı yüksək olan dövlət qulluqçuları ölkəmizin və muxtar respublikanın ali dövlət mükafatları ilə təltif edilirlər.
Muxtar respublikamızın dövlət orqanlarında bu gün 2 mindən artıq dövlət qulluqçusu işləyir. Dövlət qulluqçularının “Dövlət reyestrinin” yaradılması və ondan istifadə edilməsi üçün texniki imkanların təmin edilməsi dövlət orqanları arasında kadrla bağlı məsələlərin çevik və operativ şəkildə həll edilməsində mühüm əhəmiyyətə malikdir.
Peşə bayramlarını qeyd edən muxtar respublikanın dövlət qulluqçuları bundan sonra da xalqa və dövlətçiliyə sədaqətlə xidmət edəcək, milli maraqları uca tutacaq, göstərilən qayğının müqabilində ölkəmizin inkişaf və tərəqqisinə öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR