23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi Kolleci tələbələrinin iştirakı ilə açıq dərs keçilib. Əvvəlcə kollecin tələbələri muzeydə ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda danışıb. Bildirib ki, ölkəmizə rəhbərliyinin hər iki dövründə dahi şəxsiyyətin Vətənimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycanın müstəqilliyini təmin etməklə bərabər, həm də onun müasir inkişafını şərtləndirib.

Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından çox mühüm bir mərhələ təşkil edir. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dövlət rəmz­lərimiz haqqında qərar qəbul edilib, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, muxtar respublikanın təhlükəsizliyinin təmin olunması üçün mühüm addımlar atılıb. Eyni zamanda qonşu Türkiyə və İranla ikitərəfli əlaqələrin təməli qoyulub.

Vurğulanıb ki, xalqın tələbi, ölkə­də yaranmış böhranlı şərait, ozamankı rəhbərlərin siyasi savadsızlığı və səriştəsizliyi üzündən yaranmış hakimiyyətsizlik, torpaqlarımızın bir hissəsinin işğal olunması, ölkəmizin müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü ilin 15 iyununda görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmasını zəruri edib. Beləliklə, 15 iyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara söykənən müstəqil dövlət quruculuğu prosesinə start verilib. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində 1994-cü ilin mayında Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub, ölkəmizin milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılmasına başlanılıb. Eyni zamanda həmin ilin sen­tyabrında müstəqil Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan “Əsrin müqaviləsi” imzalanıb. Bundan sonra tarix üçün çox qısa bir dövrdə Azərbaycan sürətlə inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub.
Tələbələrin diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanılır. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, şəhər, qəsəbə və kəndlər yenidən qurulur. Ötən dövr ərzində muxtar respublikanın müdafiə qabiliyyəti gücləndirilib, makroiqtisadi sabitlik bərqərar olunub, iqtisadi inkişafa təkan verilib, əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılıb. Bütün bunlar ulu öndər Heydər Əliyev yoluna sədaqətin və Milli Qurtuluşdan başlanan intibahın bəhrələridir.
Qeyd edək ki, açıq dərs Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuşdu.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR