Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda 165-ci məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin bəşər tarixindəki nadir tarixi şəxsiyyətlərdən, fenomenal zəkaya, dərin siyasi təfəkkürə, yüksək erudisiyaya malik görkəmli siyasi xadim olduğunu bildirmiş, Azərbaycanın müstəqillik tarixində, müasir inkişafında misilsiz rol oynadığını vurğulamışdır. Rektor ümummilli liderin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar qarşıda duran vəzifələrdən, keçiriləcək çoxsaylı tədbirlərdən bəhs etmişdir.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Yusif Hüseynov mövzu ilə bağlı məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, müstəqil Azərbaycanın milli mənafeyə əsaslanan, tarazlaşdırılmış, sülhsevər xarici siyasəti böyük uzaqgörənliklə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Azərbaycanın suverenliyinin, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dünya dövlətləri ilə siyasi münasibətlərin, iqtisadi-mədəni əlaqələrin bugünkü inkişafı məhz bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Belə ki, ölkəmiz bu gün BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi bir çox nüfuzlu beynəlxalq təşkilatların, eləcə də BMT Təhlükəsizlik Şurasının üzvüdür.
Məşğələnin sonunda görkəmli dövlət xadimi Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Xəbərlər şöbəsi