Şərur rayonu
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonuna da Milli Qurtuluş Günü ilə başlayan inkişaf və intibah proseslərindən xeyli pay düşüb. Rayon mərkəzi, ən ucqar dağ və sərhəd kəndləri neçə illərdir, inkişafın yeni mərhələsini yaşayır. Həyatın bütün sahələrini əhatə edən yeniləşmə prosesi bölgəni gözəlliklər məskəninə, füsunkar bir yurd yerinə çevirib. Hər gün bir yeniliyin şahidi olan rayon sakinləri görülən işləri onlara göstərilən hərtərəfli qayğı kimi dəyərləndirir, bu qayğıya əməli işləri ilə cavab verməyə səy göstərirlər. Çünki quruculuq tədbirləri artdıqca insanlar bir vaxtlar xəyallarına belə gətirmədikləri gözəllikləri görürlər.
Qeyd etmək lazımdır ki, Şərurda quruculuq tədbirlərinə hələ ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlanılıb. Ulu öndərimizin bilavasitə rəhbərliyi ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib. Rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə reallaşan belə tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar.
Görkəmli dövlət xadimi Heydər Əliyev bu bölgəyə səfərlərinin birində deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Rayon sakini Mirabdulla Seyidovla Milli Qurtuluş Günü münasibətilə Şərur şəhərində keçirilən bayram tədbirində həmsöhbət olduq. O bildirdi ki, ulu öndərin arzuları muxtar respublikanın hər bir bölgəsində olduğu kimi, qədim Şərur torpağında da reallığa çevrilib. Hər il rayon mərkəzində, kənd yaşayış məntəqələrində quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlər artıq davamlı xarakter alıb. Mirabdulla Seyidov rayon sakinləri adından minnətdarlığını bildirərək onu da vurğuladı ki, bütün bunlar müəllifi xalqımızın böyük oğlu Heydər Əliyev olan Milli Qurtuluşun Şərura ərməğanlarıdır.
Rayonun Axaməd kənd tam orta məktəbinin müəllimi Kamil Aşurov da bu bayram günündə minnətdarlıq hislərini ifadə etdi. Dedi ki, bu gün muxtar respublikada çox geniş vüsət alan quruculuq tədbirləri həm sosial-iqtisadi inkişafımızın, həm də insanlara göstərilən qayğının ifadəsidir. Rayonumuzda hər il kompleks quruculuq tədbirlərinin aparılması hamımızı ürəkdən sevindirir. Həyata keçirilən belə genişmiqyaslı quruculuq işləri insanların qurub-yaratmaq əzmini daha da yüksəldir.
Məlumat üçün bildirək ki, son 20 ildə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi çox böyükdür. Ona görə də onları adbaad sadalamaq mümkün deyil. Qeyd olunan dövrdə rayonda 1 şəhər və 32 kənd mərkəzi, kənd yaşayış məntəqələrində 40 məktəb binası, Təhsil Şöbəsi, məktəbdənkənar müəssisələr, uşaq bağçası, texniki-peşə və sürücülük məktəbi, rayon Mərkəzi Xəstəxanası, Aralıq Kənd Sahə Xəstəxanası, 33 kənd yaşayış məntəqəsində səhiyyə ocaqları, Şərur Rayon Mədəniyyət Evi, Bahar kinoteatrı, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə muzeyi, Şərur Şəhər Uşaq İncəsənət məktəbi, 2 kənd uşaq musiqi məktəbi, 33 kənd mədəniyyət müəssisəsi, rayon Rabitə İdarəsi üçün yeni binalar tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. Belə qayğıdan rayonun digər idarə, müəssisə və təşkilatlarına da pay düşüb. Həmin müəssisələrdə müasir iş şəraiti yaradılıb. Rayondaxili yolların müasirliyinə söz ola bilməz. Cari ildə quruculuq tədbirlərinin həcmi bir qədər də artıb. Həm rayon mərkəzində, həm də kənd yaşayış məntəqələrində müxtəlif təyinatlı obyektlərin tikintisi sürətlə davam etdirilir. Belə ki, hazırda Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün nəzərdə tutulmuş bina və yataqxana yenidən qurulur.
Rayonun Kürçülü, Axaməd, Oğlanqala, Yuxarı Yaycı kəndlərində yeni sosial obyektlər inşa olunur. Adıçəkilən yaşayış məntəqələri də qısa vaxt ərzində bölgənin müasir kəndləri sırasına qoşulacaq.
Rayonda 15 İyun – Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olunub. Bu əlamətdar gün münasibətilə konsert proqramı təşkil edilib. Bakıdan dəvət olunmuş muğam müsabiqəsi qalibləri Ehtiram Hüseynovun, Nigar Şabanovanın, müxtəlif müsabiqələr iştirakçısı Tamara Muradovanın, rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və “Yallı” ansambllarının ifaları şərurlular tərəfindən böyük alqışlarla qarşılanıb.
Sara Əzimova
* * *
Babək rayonu
Ulu öndərimizin müstəqil Azərbaycan naminə göstərdiyi xidmətlər tariximizin parlaq səhifələrindən biri kimi xalqın hafizəsində yaşayır. Bu səhifələrdən biri də xalq qəhrəmanı Babəkin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi xalq qəhrəmanının adını daşıyan rayonun yaradılmasında, bu qəhrəman haqqında film çəkilməsində, işğalçılara qarşı uzun illər mübarizə aparmış sərkərdənin əzəmətli abidəsinin ucaldılmasında təşəbbüskarlığı ilə onu ölməzliyə qovuşdurdu, əbədiləşdirdi. Bu işlərlə xalqına, millətinə bir daha çatdırdı ki, bu xalqın şanlı tarixi keçmişi, görkəmli sərkərdələri var. Maraqlı məqam bundan ibarətdir ki, bu işlər sovet ideoloji maşınının hərəkət mənbələrinin ən işlək zamanlarında görüldü, özü də Naxçıvanda görüldü. Müdrik rəhbər öz uzaqgörənliyi ilə hələ o zaman hiss etmişdi ki, gec-tez bu xalq azadlığını əldə edəcək, özü də bu hərəkat Naxçıvandan başlanacaq. Elə də oldu. Azərbaycanda azadlıq hərəkatına Naxçıvandan başlandı, xalq qarşısına çəkilən tikanlı divarları yıxdı, azadlığını, müstəqil yaşamaq haqqını əldə etdi. İllər keçdi, ulu öndər Heydər Əliyevin yadigarı olan Babək rayonu da çiçəkləndi, inkişaf etdi. Qədirbilən rayon sakinləri onun ideyalarına, amallarına sədaqət nümayiş etdirdilər və bu gün də etdirirlər. Babəklilər onu da sübut etdilər ki, xalq-dövlət birliyi sarsılmazdır və nə qədər ki bu birlik var, muxtar respublikanın bütün bölgələri kimi, Babək rayonu da intibaha gedən yolda qətiyyətlə addımlayacaq.
İyunun 15-də rayon ictimaiyyətinin toplaşdığı bayram tədbirində həmsöhbət olduğumuz rayon sakinlərindən Füzuli Salmanov bildirdi ki, Babək rayonunun yaradılmasından 37 il keçir. Naxçıvan Muxtar Respublikasında yeni rayonun təşkil olunması ideyası ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq Babək adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim Azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi.
Rayon sakinlərindən Vaqif Hüseynov isə dedi ki, 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi ilə ölkəmiz, eləcə də muxtar respublika, onun böyük potensiala malik Babək rayonu davamlı inkişaf yoluna qədəm qoydu. Ötən müddətdə rayonda bütün sahələrdə quruculuq tədbirləri geniş miqyasda, qətiyyətlə və ardıcıllıqla həyata keçirildi. Görülən işlər muxtar respublika Ali Məclisi Sədrinin Naxçıvanın bölgələrinin inkişafı naminə həyata keçirdiyi düşünülmüş, məqsədyönlü, ardıcıl fəaliyyətinin nəticəsi, milli qurtuluşun yaratdığı imkanlardan maksimum şəkildə yararlanmağın bəhrəsidir. Muxtar respublika rəhbərinin diqqət və himayəsilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı tədbirlərin əsasında isə müdrik İnsanın ideyaları, arzuları dayanırdı. Bu gün Milli Qurtuluşun şəfəqləri Babək rayonunu da öz nuruna qərq edir, intibah yolunda qətiyyətlə addımlamağa sövq edir.
Həmin gün Babək qəsəbəsində Milli Qurtuluş Günü münasibətilə təşkil olunan konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın, həmçinin müğənni Sədaqət Ulduzun ifasında ulu öndərimizə, onun işıqlı ideyalarına, vətənimiz Azərbaycana, müstəqilliyimizə, xalqımızın şanlı tarixinə, yurdumuzun gözəlliklərinə həsr olunan mahnılar səsləndirilib. Babək Rayon Mədəniyyət Evinin “Zabul” instrumental ansamblının müşayiətilə ansamblın solistlərindən Samir İsmayılovun, Mais Əliyevin ifasında səslənən şux mahnılar konsert iştirakçılarına xoş ovqat bəxş edib.
Səbuhi Hüseynov
* * *
Ordubad rayonu
Ordubad şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbirində görüşüb həmsöhbət olduğum rayon ziyalısı Əkbər Babazadə bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun Milli Qurtuluş Günündən ötən dövr ərzində keçdiyi böyük inkişaf yolunu gözlərimiz önünə gətirəndə təəccübümüzü gizlədə bilmirik. Çünki 22 illik kiçik bir zaman kəsiyində bölgə on illərə bərabər yol qət edib. Rayonun iqtisadiyyatı inkişaf etdirilib, bölgədə yeni iş yerləri yaradılıb, insan amilinə xidmət edən digər məqsədyönlü tədbirlər həyata keçirilib. Tarixən zəngin fauna və floraya, mədəni abidələrə malik olan Ordubad şəhərinin əvvəlcə qoruq, sonra rayon ərazisinin yasaqlıq elan edilməsi, müstəqillik illərində burada milli park yaradılması, yeni istehsal müəssisələrinin işə salınması ulu öndər Heydər Əliyevin bağlar diyarına böyük qayğısının ifadəsi kimi dəyərləndirilir.
Vənənd kənd tam orta məktəbinin direktoru Elxan Hüseynli söhbətə qoşulur. Deyir ki, 22 il ərzində bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, bu yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni tikililər qədim yurd yerinə yeni görkəm gətirib. Aparılan məqsədyönlü tədbirlər insanların həyata baxışlarını da dəyişib. Bir sözlə, Ordubad tarixiliyini saxlamaqla ən abad və füsunkar bir yurd yerinə çevrilib. Bu gün rayon sakinləri dərindən dərk edirlər ki, bütün bunlar Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev yoluna sədaqətin və ehtiramın ifadəsi hesabınadır. Odur ki, xalqımızın dahi oğlu rayon sakinləri tərəfindən daim minnətdarlıqla, böyük sevgi hisləri ilə xatırlanır, Onun xatirəsi əziz tutulur.
İyun ayının 15-də bu hislər bir daha yaşandı.
Rayon mərkəzində Milli Qurtuluş Günü münasibətilə keçirilən bayram konsertindən əvvəl qeyd edildi ki, 1993-cü ilin 15 iyununa qədər Azərbaycan formal olaraq müstəqil dövlət idisə, həmin tarixdən sonra real müstəqilliyin əsası qoyuldu, Azərbaycan qüdrətli dövlətə çevrildi.
Konsert proqramında rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblının və rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən musiqi kollektivləri üzvlərinin ifasında bir-birindən rəngarəng mahnılar ifa olundu, tamaşaçılara rəqslər təqdim edildi.
Muxtar Məmmədov
* * *
Culfa rayonu
İyunun 15-də Culfa rayonunda da Milli Qurtuluş Günü qeyd olunmuşdur.
Axşam saatlarında təşkil edilən konsert proqramında tədbirin aparıcısı rayon sakinlərini bayram münasibətilə təbrik edərək qeyd etmişdir ki, 1991-ci ildə Azərbaycan xalqı illərboyu ürəyində yaşatdığı azadlıq, müstəqillik arzusuna çatdı. Lakin çox keçmədi ki, müstəqillik duyğusunun yaratdığı sevincin yerini iztirab, narahatlıq tutdu, ölkəmiz ağır sınaqlarla üzləşdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin düşünülməmiş siyasəti, səriştəsizliyi və bacarıqsızlığı yenicə müstəqillik qazanmış gənc respublikanı uçuruma sürükləyirdi. 1991-1993-cü illərdə ölkəmizdə yaranmış anarxiya və xaos, hadisələrin sonrakı gedişatı sübut etdi ki, yalnız xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanı bu bəladan xilas edə və xalqımızın yenidən əldə etdiyi müstəqilliyini yaşada bilər. 1993-cü ilin iyun ayında Azərbaycanda böhranlı vəziyyət son həddə çatmışdı. İstər daxili, istərsə də xarici siyasətdə yol verilmiş nöqsanlar, son nəticədə, ölkəni gərgin, fəlakətli bir vəziyyətə salmışdı. Belə bir ağır, taleyüklü məqamda xalqımız siyasi müdriklik və əsl uzaqgörənlik nümayiş etdirərək yeganə xilaskarına, görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu, ulu öndərimizi təkidlə hakimiyyətə dəvət etdi.
Ulu öndərimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi on il müddətində əsrlərə sığmayan böyük işlər görmüş, ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi bərqərar edilmiş, milli Konstitusiyamız qəbul olunmuş, Azərbaycan sürətli inkişaf və tərəqqi yoluna çıxmışdır. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, yeni-yeni uğurlara imza atır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Artıq Azərbaycan iqtisadi inkişaf tempinə görə lider dövlətə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatlar, reallaşdırılan böyük layihələr muxtar respublikamızı tərəqqiyə qovuşdurmuşdur.
Bayram tədbirində bir neçə culfalı ilə həmsöhbət olduq. Culfa şəhərindəki Uşaq musiqi məktəbinin müəllimi Tahir Səmədov bildirdi ki, muxtar respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Culfa rayonunda da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilmiş, yeni sosial obyektlər həyata vəsiqə almışdır. 26 ümumtəhsil məktəbinin fəaliyyət göstərdiyi rayonda 21 orta məktəb binası, 1 uşaq bağçası, Şahmat məktəbi, 4 məktəbdənkənar müəssisəsi üçün müasir tələblərə cavab verən yeni binalar tikilib istifadəyə verilmişdir. Rayon mərkəzini ucqar dağ və sərhəd kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri və yenidən qurulması da diqqət mərkəzində saxlanılmış, ümumi uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yolu yenidən qurularaq istifadəyə verilmiş, kənddaxili və kəndarası avtomobil yollarında əsaslı təmir işləri aparılmış, rayon sakinlərinin rahatlığı təmin olunmuşdur. Daxili bazarın yerli məhsullarla təmin olunmasında mühüm rol oynayan kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılmış, əhalinin məşğulluğu təmin olunmuş, maddi rifahının daha da yaxşılaşmasına geniş imkanlar açılmışdır. Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir.
Bayram konsertində Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın, Culfa rayonundakı mədəniyyət müəssisələrinin musiqi kollektivlərinin çıxışları alqışlarla qarşılanmışdır.
Kərəm Həsənov
* * *
Kəngərli rayonu
Kəngərli rayonu 11 il bundan əvvəl, 2004-cü il martın 19-da təşkil edilib. Bir hissəsi Şərur rayonunun, digər hissəsi isə Babək rayonunun ərazilərinə aid olan bu qədim kəngərlilər yurdunun sakinləri muxtar respublikanın ərazi bütövlüyünün qorunmasında fəal iştirak edib, ümummilli lider Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə böyük şəxsiyyətin ideyalarının həyata keçirilməsinə öz töhfələrini veriblər. 1995-ci ildən başlayaraq muxtar respublikada aparılan islahatlar regionda ərazi idarəetmə strukturlarının da təkmilləşdirilməsinə öz təsirini göstərib və nəticədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması ilə Kəngərli rayonu təşkil edilib. Qanuna görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz, Çalxanqala, Xıncab, Şərur rayonunun isə Qarabağlar, Xok, Qıvraq, Qabıllı, Şahtaxtı, Yurdçu və Yeni Kərki kəndlərini əhatə edən ərazi vahidləri bu rayona daxil edilib. Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrilib.
Rayonun Qarabağlar kənd 2 nömrəli tam orta məktəbinin müəllimi, “İlin müəllimi” müsabiqəsinin qalibi Məhəddin Kazımov deyir ki, burada rayon yaradılmamışdan əvvəl indiki Qıvraq qəsəbəsi Qıvraq kəndindən, bir də ki kəndin şimal hissəsində yerləşən boş və quru çöllük ərazilərdən ibarət idi. O zaman çoxları bu ərazinin gözəl bir rayon mərkəzinə çevriləcəyini təsəvvür edə bilmirdi. Hətta burada hər hansı bir infrastrukturun yaradılmasının mümkünsüzlüyünü düşünənlər də vardı. Ancaq Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi qısa bir zamanda Kəngərli rayonunu gözəlliklər diyarına çevirdi. Ötən dövr ərzində burada rayon mərkəzi üçün tələb olunan bütün layihələr həyata keçirildi, təhsil, mədəniyyət, səhiyyə obyektləri tikildi, idarəetmə orqanları üçün yeni inzibati binalar istifadəyə verildi. Həmin ünvanlarda müasir iş şəraiti təmin olundu. Həyata keçirilən belə tədbirlər Kəngərli sakinlərinin məşğulluq probleminə də öz müsbət təsirini göstərdi. Bu gün rayon sakinləri qovuşduqları xoş günlərin təməlində məhz Milli Qurtuluş Gününün dayandığını dərindən dərk edir, öz əməli fəaliyyətləri ilə müstəqilliyimizin, dövlətçiliyimizin qorunmasına töhfələrini verirlər.
Milli Qurtuluş Günü münasibətilə Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsində təşkil olunan konsertdə həmsöhbət olduğumuz insanların hamısı belə minnətdarlıqla danışdı. Konsertdə tanınmış müğənni Vüsal Əliyevin, müxtəlif müsabiqələrin iştirakçıları Zeynəb Əsmərlinin, Gözəlxanım Zeynalovanın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Səbuhi Həsənov
* * *
Şahbuz rayonu
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün bəhrələri ölkəmizin hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz möhtəşəmliyi ilə görünməkdədir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinə dönmədən əməl olunması ilə Şahbuzun siması da günbəgün dəyişilmiş, rayonun hər bir yaşayış məntəqəsini əhatə edən quruculuq və tərəqqi dövrünə başlanılmışdır. İndi Şahbuzda hara baxsaq, onun ən ucqar yaşayış məntəqəsində belə, ulu öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu ən böyük sərvətin – müstəqilliyin və Milli Qurtuluşun bəhrələrini görərik. Şahbuzda həyata keçirilən hər quruculuq tədbiri, çəkilən hər yeni yol, abadlaşdırılan hər bir kənd məhz Heydər Əliyev siyasətinin bəhrəsidir. 25 minə yaxın əhalisi olan rayonda əldə edilən sosial-iqtisadi inkişaf, aparılan geniş quruculuq tədbirləri rayonun füsunkar təbii gözəlliklərinə əlavə naxışlar vurub və hazırda rayonda quruculuq tədbirləri davam etdirilir.
Ölkəmizdə keçirilən ümumxalq bayramı – Milli Qurtuluş Günü bu il Şahbuzda da təntənəli şəkildə qeyd edilmişdir. Bayram günü rayon mərkəzində geniş konsert proqramı ilə yaddaqalan olmuşdur. Konsert başlamazdan əvvəl bir neçə rayon sakini ilə görüşüb həmsöhbət olduq. Şahbuz şəhər sakinləri Sahib Hüseynov və Növrəstə Xudiyeva bildirdilər ki, Milli Qurtuluş Günü bütün Azərbaycan xalqı, bizim hamımız üçün müqəddəsdir. Çünki ötən əsrin 90-cı illərində ölkəmizin başının üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilas edilməsinə və bugünkü güclü Azərbaycan dövlətinin qurulmasına görə biz hamımız Milli Qurtuluş Gününə borcluyuq.
Milli Qurtuluş Günündə Şahbuzda keçirilən bayram şənliyində Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubovanın, rayon Mədəniyyət Evinin “Batabat” ansamblının solistlərinin ifasında səslənən ulu öndərimiz Heydər Əliyevə, Milli Qurtuluşumuza, müstəqilliyimizə həsr olunmuş mahnılar böyük coşqu ilə qarşılanmışdır.
Əli Cabbarov
* * *
Sədərək rayonu
Sədərək rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təşkil edilən konsert sərhəd bölgəsi sakinlərinin Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevə böyük sevgi və ehtiramın təntənəsinə çevrildi. Çünki Sədərək rayonunun yaradılması, bölgədə yaşayış massivlərinin salınması, inkişafı və tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bunu rayon sakinləri bir daha dilə gətirdilər. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Kəmalə Əliyeva bildirdi ki, XX əsrin 90-cı illərinin əvvəllərində Sədərək Ermənistan tərəfindən hücumlara məruz qalıb. Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgəsi olan, Naxçıvanın qala qapısı sayılan Sədərəkdə Azərbaycanın ərazi bütövlüyü uğrunda 1990-1993-cü illərdə ağır döyüşlər gedib. O zaman buradakı ağır vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün qarşısının alınması üçün misilsiz xidmətlər göstərib, dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib.
“Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə Sədərək rayonunun erməni işğalından qorunması, bölgənin sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü tikilib, Türkiyənin həmsərhəd vilayətlərindən Sədərəyə elektrik xətti çəkilib. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını muxtar respublikamızda uğurla həyata keçirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderimizin tövsiyələrinə uyğun olaraq bu bölgənin inkişafını diqqət mərkəzində saxlayıb, rayon mərkəzində və kəndlərdə kompleks quruculuq tədbirləri həyata keçirilib”, – bunları isə rayon ziyalısı Samil Kazımov deyir.
Sədərəklilər ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, məhz bu rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
Həmin gün Sədərəkdə təşkil olunan konsertdə səsləndirilən vətənpərvərlik musiqiləri sədərəklilərin əhval-ruhiyyəsini bütün dolğunluğu ilə təcəssüm etdirib.
Sərxan İsmayılov