23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan şəhərində “Biz 15 iyunun yaşıdlarıyıq” devizi altında yürüş keçirilmişdir.
Yürüşdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Sərhəd Diviziyasının, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərlərindən, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Gənclər və İdman nazirliklərinin gənc fəalları və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənc­lər Birliyinin üzvlərindən ibarət dəstələr Heydər Əliyev Muzeyinin önündən başlayaraq Heydər Əliyev Sarayına qədər olan məsafəni və geri – Heydər Əliyev Muzeyinə qədər olan yolu təntənəli marş sədaları altında nizami addımlarla qət etmişlər.
Ümummilli liderin ali hakimiyyətə qayıdışı ilə tarixə yazılmış Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, vətənimizi qorumağa qadir olan güclü ordumuz yaranmış, Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmiş, vətəninə və dövlətinə sadiq gənclik yetişmişdir.

Ümummilli liderimiz Heydər Əliyev milli qurtuluşun mükəmməl fəlsəfəsini yaratmış və onu müstəqil Azərbaycanın gələcək müqəddəratına çevirmişdir. Azərbaycan tarixinin 1969-cu ildən başlanan intibah dövrü 1993-cü ilin 15 iyununda özünün Milli Qurtuluş mərhələsinə yüksəlmişdir. Bu qurtuluşa Naxçıvandan hazırlanan zəmin isə müstəqil dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlar da Milli Qurtuluşdan başlanan inkişafın davamıdır. Muxtar respublika gəncliyi ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət ruhunda tərbiyə olunur, əsl vətəndaş kimi yetişir. Gənc nəslin təhsili, tərbiyəsi və sağlamlığının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilir.
Hərbi Orkestrin ifa etdiyi marşların sədaları altında keçirilən yürüşdə zəkası və bacarığı ilə müstəqil Azərbaycanın işıqlı gələcəyini, onun inkişafını təmin edəcək gəncliyin sabaha olan inamı addımlayırdı.
Yürüş şəhər sakinləri tərəfindən alqışlarla qarşılanmışdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR