Uçurumun kənarında olan bir ölkə düşünək. Mənfur düşmənlərin hiyləgər əməllərindən, xəyanətkarların fitnə-fəsadından, səriştəsiz, bacarıqsız dövlət rəhbərlərinin naşılığından məhvə doğru sürüklənən, dünyanın siyasi xəritəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalan sahibsiz bir ölkə. Bu ölkə yalnız bir möcüzə nəticəsində xilas ola, zülmət gecələri yalnız bir parlaq Günəş işıqlandıra bilərdi. Və yalnız o zaman hər şey aydınlığa qovuşar, ümidini itirmiş, həyata küsmüş bir cəmiyyət yenidən dirçələ bilərdi. Qaranlıqdan işığa doğru boylanaraq imdad diləyən milyonlarla insan bu Günəşin Naxçıvanda şölələndiyini bilirdi. Tarixi Azərbaycan dövlətçiliyinin yüzillik ənənəsini qoruyub saxlayan, cəsur sərkərdələr, dahilər yetişdirən Naxçıvanda.
Ona görə də hər kəs Naxçıvana ümid bəsləyir, hər kəs Naxçıvana pənah gətirir, ümummilli liderimiz Heydər Əliyevi Bakıya dəvət edir, onun gələcəyi günü səbirsizliklə gözləyirdi.
Və bu möhtəşəm gün gəldi. Xalqın təkidli tələbi ilə ulu öndər 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da, ölkəmizin üzərini bürümüş qara buludlar dağıldı, zülmət qaranlıqlar öz yerini işıqlı sabahlara verdi. Məhz buna görə də həmin gün Milli Qurtuluş Günü adlandırıldı.
15 iyundan başlayaraq ulu öndərin müdrik daxili və xarici siyasəti nəticəsində vaxtilə Naxçıvandan başlanan hüquqi-demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması istiqamətlərində əsaslı addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görüldü. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdüldü. Ümummilli liderin yenidən hakimiyyətə qayıdışından sonra dövlət çevrilişinə cəhdlər olsa da, dahi şəxsiyyətin işıqlı dühası, zəngin siyasi təcrübəsi, nüfuzu, ən gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək bacarığı və yenilməz siyasi iradəsi sayəsində həmin cəhdlərin qarşısı qətiyyətlə alındı.
Ulu öndər Azərbaycanın işıqlı gələcəyini təmin edib
Bəzən bizə elə gəlir ki, neft strategiyası dedikdə təkcə Azərbaycanın təbii sərvəti olan “qara qızıl”ın dünya bazarlarına çıxarılması nəzərdə tutulur. Əslində isə elmi əsaslara söykənən neft strategiyası ulu öndərin həyata keçirdiyi çoxşaxəli strateji yüksəliş planının əsas tərkib hissəsi, aparıcı qüvvəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək, “Müasir dünyada neft məqsəd deyildir, o, yalnız həm iqtisadi, həm də siyasi səciyyəli qlobal problemlərin həlli üçün bir vasitədir”. Ümummilli liderimiz məhz bu vasitədən yararlanmaqla Azərbaycanı qüdrətli, öz istəyini diktə edən ölkələrdən birinə çevirə bildi.
Dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət, apardığı gərgin iş sayəsində 1994-cü il sentyabrın 20-si – “Əsrin müqaviləsi”nin imzalandığı gün bütün bəşəriyyətin qəbul etdiyi əlamətdar bir tarixə çevrildi. “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün də imkan yaratdı.
“Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Məlum olduğu kimi, müqavilə imzalanarkən bu məsələ ətrafında gedən müzakirələr zamanı xam neftin ixracı üçün ilkin olaraq Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri marşrutları seçildi. Buna baxmayaraq, gələcəkdə neft hasilatının artması ilə əlaqədar əsas ixrac boru kəmərinə ehtiyac duyulurdu. Ümummilli liderimiz Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində bu layihə həyata vəsiqə aldı.
Milli Qurtuluş Günündən başlanan yüksəliş prosesinin tərkib hissəsi olan neft strategiyası Azərbaycan xalqının yaşayış səviyyəsinin yüksəlməsinə hesablanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə deyib: “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməzdi və bu gün biz “Şahdəniz” yatağından qaz hasilatına nail ola bilməzdik. Böyük maraq doğuran TANAP, TAP, “Cənub” qaz dəhlizi ilə bağlı müzakirələr aparılmazdı. İndi Azərbaycanın enerji inkişafına istənilən nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Bu təbii sərvətlərdən əldə olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir... Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu, əsas məqsəddir”.
Həyata keçirilən uğurlu neft strategiyası, iqtisadi siyasət nəticəsində Azərbaycan dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Respublikamızın əhalisi bunu gündəlik həyatında hiss edir, ölkəmizin hər bir guşəsi gündən-günə gözəlləşir. Eyni zamanda bunu mötəbər beynəlxalq iqtisadi qurumlar da qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb. Yəni hazırda biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, 24 illik müstəqillik tarixi olan gənc bir ölkə üçün böyük nailiyyətdir.
Azərbaycanın 2011-ci il oktyabrın 24-də 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2012-ci ildə bu mötəbər qurumun iclaslarına sədrlik etməsi, bu il “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi respublikamızın dünyanın qabaqcıl dövlətləri sırasına yüksəldiyini, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini göstərir.
Heydər Əliyev siyasi kursuna sədaqətin parlaq nümunəsi və ya 20 illik inkişaf salnaməsi
Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin gələcək inkişafının, misli görünməmiş uğurların əsasını qoyduğu kimi, onun siyasi kursunun Naxçıvanda sədaqətlə davam etdirilməsi nəticəsində doğma diyarımızda 20 illik möhtəşəm inkişaf salnaməsi tarixə qızıl hərflərlə yazıldı. Ötən 20 ildə qarşıya qoyulan bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, lazımi islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qoruyub saxlayır. Muxtar respublikanın iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət qədim diyarımızın sürətli yüksəlişinə rəvac verib.
Faktlar da bunu təsdiq edir. Belə ki, 1993-2003-cü illər ərzində muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artıb. Həmin dövr ərzində Naxçıvanda 96 təhsil müəssisəsi, 38 səhiyyə, 94 mədəniyyət obyekti, 73 inzibati bina tikilib və ya yenidən qurulub. Bu dövrdə əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərərçəkmiş əhali üçün 47 fərdi ev tikilib, 66 körpü, 74 nasos stansiyası, 386 digər infrastruktur obyektləri istifadəyə verilib.
Dövlət başçısının təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərinin və kənd yaşayış məntəqələrinin də inkişafına səbəb olub. 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələyib.
Naxçıvanın yüksəlişi prosesi 2013-cü ildən etibarən yeni mərhələyə qədəm qoyub. Belə ki, 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artıb. 2003-cü ilin sonunda muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatıb. Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranıb ki, bu da blokada şəraitində olan muxtar respublika üçün böyük göstəricidir.
Naxçıvan üçün digər mühüm bir məsələ enerji təhlükəsizliyinin təmin olunmasıdır. Dövlət başçısının diqqət və qayğısı, naxçıvanlıların əzmkarlığı sayəsində 14 illik fasilədən sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilib. Bu gün Naxçıvanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qazla tam təmin edilməsin. Əgər sovetlər dövründə muxtar respublika üzrə cəmi 33 min abonent təbii qazla təmin olunurdusa, bu gün artıq həmin rəqəm 80 mini ötüb.
2003-cü ilə qədər muxtar respublikada cəmi bir su elektrik stansiyası var idisə, indi 6 yeni elektrik stansiyası fəaliyyət göstərir. Ən önəmlisi budur ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu da dünyada çox nadir hallarda müşahidə edilən bir haldır.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, 2003-cü illə müqayisədə taxıl istehsalında 41, tərəvəz istehsalında 25, meyvə və giləmeyvə istehsalında 46 faizdən çox artım əldə olunub. Tələbata uyğun olaraq, quşçuluğun və balıqçılığın inkişafı dəstəklənib, ötən 10 il ərzində 60-dan çox yeni quşçuluq, 15-ə yaxın balıqçılıq təsərrüfatı istifadəyə verilib.
Bu tendensiya 2015-ci ilin ilk rübündə də davam etdirilib. Belə ki, bu ilin yanvar-mart ayları ərzində 448 milyon 708 min manat dəyərində ümumi daxili məhsul istehsal edilib ki, bu da bir il öncəki göstəricidən 2,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 1019 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində maddi istehsalın payı 58,4 faiz təşkil edib.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-mart ayları ərzində sənaye məhsulunun həcmi 2,1 faiz, əsas kapitala yönəldilən investisiyalar 0,2 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,3 faiz, nəqliyyat sektorunda yük daşınması 2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2,7 faiz, o cümlədən mobil rabitə xidməti 1,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,8 faiz, ixracın həcmi 1,4 faiz, əhalinin gəlirləri 1,7 faiz, hər bir nəfərə düşən gəlirlər 0,6 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,9 faiz artıb.
Son 20 ildə muxtar respublikada yüzlərlə təhsil, mədəniyyət, səhiyyə müəssisələri, çoxsaylı sosial obyektlər, kənd mərkəzləri tikilərək istifadəyə verilib. Yol infrastrukturu ən müasir tələblər səviyyəsində yenidən qurulub. Muxtar respublikanın ərazisində çoxsaylı yaşıllıq zolaqları salınıb, şəhərlər, kəndlər abadlaşıb, turizm infrastrukturu çox yüksək səviyyədə qurulub. Qısaca, Naxçıvan gündən-günə gözəlləşən, abadlaşan bir diyara çevrilib.
Naxçıvanda 20 illik inkişaf salnaməsinə bir daha nəzər saldıqda görürük ki, Vətən sevgisindən bəhrələnən işgüzarlıqla, fədakarlıqla fəaliyyət göstərəndə blokada şəraitində gülüstan yaratmaq, intibahın analoqu olmayan Naxçıvan nümunəsini, Naxçıvan möcüzəsini dünyaya təqdim etmək mümkündür.
Ulu öndər Heydər Əliyev deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün çiçəklənən, intibaha qovuşan Naxçıvan məhz ulu öndərin arzularındakı əzəmətli diyardır.
Rauf Əliyev