Xalq o zaman qurtuluşa sahib olur ki, onu reallığa çevirən siyasi lideri olsun. Ümummilli lider Heydər Əliyev fərqli siyasi sistemlərdə millətinin qurtuluşuna nail olan yeganə dövlət xadimlərindəndir. Dahi şəxsiyyətin ölkəmizə birinci və ikinci rəhbərlik dövrü xalqımızın Qurtuluş tarixinə çevrilmişdir.
Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirən görkəmli dövlət xadimi Heydər Əliyev, əslində, növbəti qurtuluşun bünövrəsini – xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu. Həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin respublikada böyük uzaqgörənliklə formalaşdırdığı potensial müstəqillik illərində davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə çevrilmişdir. Böyük öndər yaxşı bilirdi ki, xalqın iqtisadi azadlığını təmin etmədən, onun tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmadan siyasi müstəqilliyə nail olmaq mümkün deyil. Bu baxımdan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli mədəni intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirmişdir.
Ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz əgər ötən əsrin 70-80-ci illərində Azərbaycanı böyük bəlalardan qurtararaq onu müstəqilliyə hazırlamışdısa, 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoymuşdur. Ulu öndərimizin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda mühüm rol oynamışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın azadlıq məfkurəsinin reallığa çevrilməsi üçün ulu öndərin rəhbərliyi altında tarixi qərarlar qəbul etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə ümummilli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır.
Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. 1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Həmin dövrdə Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi. Dahi lider 1990-1993-cü illərin Azərbaycanını belə xarakterizə etmişdir: “Gərək heç kəs bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o Xalq Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir “cümhuriyyət” yaratmağa çalışdılar. Şimalda yeni hərəkat başladı, separatçılıq meyilləri artıq özünü göstərdi. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlamış təcavüzü, müharibə və Azərbaycanın daxili vəziyyətinin bu qədər ağır, bu qədər çətin olması, idarə oluna bilməməsi. Bundan istifadə edərək Ermənistan silahlı qüvvələri çox hallarda heç bir müqavimətə rast gəlmədən Azərbaycanın torpaqlarını sürətlə işğal etməyə başladılar. 1993-cü ildə Azərbaycan yanırdı”.
Həmin dövrdə Xalq Cəbhəsi-Müsavat hakimiyyəti ölkəmizi dərin böhrana sürükləmişdi. Azərbaycan xalqı varlığının, ölkənin bütövlüyünün, yenicə qazanılmış müstəqilliyin qorunub saxlanılmasını istəyirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Ölkədə vətəndaş müharibəsi başlamışdı və 1993-cü ilin yazında bu müharibənin səngərləri artıq Bakı şəhərinə yaxın mövqelərdə də qurulmaqda idi. Belə bir vəziyyətdə iqtidarın kobud səhvləri, naşılığı ucbatından 1993-cü il iyunun 4-də Gəncədə qarşıdurma yaşanmış, qardaş qanı tökülmüşdü. Gəncədə baş verən hadisələrə də ilk dəfə iyunun 5-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi münasibət bildirmişdi.
Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. İqtisadi böhran dərinləşmiş, çörək növbələri ölkənin hər yerində adi hala çevrilmişdi. Artıq Xalq Cəbhəsi-Müsavat liderlərinin populist çıxışları, boş vədləri xalq tərəfindən qəbul olunmurdu. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi.
Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, müstəqilliyimiz itiriləcək, Azərbaycan bir dövlət kimi yer üzündən silinəcəkdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə QAYIDIŞINDA tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi ümummilli liderimizin, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixidir. Parlamentin tarixi iclasında çıxış edən ulu öndər dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirərək demişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etmişdir. Ümummilli liderimizin hakimiyyətə gəldiyi 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş, Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən ümummilli liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görmüşdür. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırılmış, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuşdur.
Ümummilli liderimizin xilaskarlıq missiyası onun Azərbaycanın taleyində uğurla yerinə yetirdiyi digər tarixi vəzifə – quruculuq missiyası ilə qoşa addımlamışdır. Bunların hər ikisi müəyyən tarixi mərhələdə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ifadəsi kimi çıxış etmiş, ölkənin həm mövcudluğunun, həm də inkişafının təminatı vəzifəsini yerinə yetirmişdir. Bu mənada, quruculuq missiyası xilaskarlıq missiyasının məntiqi davamı kimi qiymətləndirilə bilər.
Qurucu rəhbərin tarixi xidmətləri sayəsində Azərbaycan yenidən 1969-cu ildəki inkişaf yoluna qayıtmış, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılmışdır. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmış, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmuş, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilmişdir. Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
Ulu öndərimiz Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Bu gün hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Respublikamız böyük addımlarla qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyir. 1993-cü ilin Azərbaycanı ilə müasir dövr Azərbaycanını müqayisə etsək, ölkəmizin böyük inkişaf yolu keçdiyini görərik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. BMT Təhlükəsizlik Şurasında 155 ölkənin Azərbaycanın lehinə səs verməsi, əslində, dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin Azərbaycanda keçirilməsi bir daha sübut etdi ki, ölkəmiz dünyada böyük söz sahibinə, regional güc mərkəzinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçmişdir. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmişdir. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl regionuna çevrilmişdir.
Artıq Naxçıvanda insanlar çörək növbəsində gözləmir; çünki muxtar respublikada ərzaq təhlükəsizliyi təmin olunub, torpaqlar əkilir, tələbat yerli istehsal hesabına ödənilir. Naxçıvanın gecələri zülmətə bürünmür; çünki enerji təhlükəsizliyi təmin olunub, ən ucqar yaşayış məntəqəsində belə, sakinlər daimi elektrik enerjisindən, təbii qazdan istifadə edirlər. Naxçıvanın düşmənlə sərhəd kəndlərində insanlar qorxu içində yaşamır; çünki torpaqlarımız etibarlı müdafiə olunur, Azərbaycan əsgəri hakim yüksəkliklərdə mətanətlə dayanıb. Naxçıvanda ağacları kəsmirlər; çünki ekologiyaya qayğı ilə yanaşılır, meyvə bağları, yaşıllıqlar salınır, fauna və flora qorunur. Naxçıvanda tozlu, kələ-kötür yollar yoxdur; çünki şəhərdə də, kənddə də müasir yol şəbəkəsi qurulub. Naxçıvanda insanlar iş dalınca başqa yerlərə üz tutmur, kəndlər boşalmır; çünki muxtar respublikada məşğulluq təmin olunub, yeni xidmət və istehsal sahələrinin yaranması iş yerlərinin açılmasına səbəb olub, məskunlaşma artıb. Artıq Naxçıvanda gənclər küçə və çayxanalarda vaxt keçirmir, alver dalına düşmür; çünki bu gün muxtar respublikada dövlət gənclər siyasəti həyata keçirilir, gənc nəslin təhsil və tərbiyəsi qayğısına qalınır, məktəb binaları, uşaq bağçaları, idman obyektləri istifadəyə verilir. Bu gün Naxçıvan gənci alimdi, həkimdi, mühəndisdi, nazirdi, idmançıdı, zabitdi, ən əsası isə vətənə və dövlətçiliyə bağlı əsl vətəndaşdır. Təbii ki, bunların hamısı Milli Qurtuluş Gününün bəhrələridir. Ulu öndər Heydər Əliyev siyasi xəttinin son 20 ildə uğurla həyata keçirilməsinin nəticəsidir.
Bir sözlə, müasir Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün əldə etdiyi bütün uğurlara görə ulu öndərimizin 1993-cü ildə ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir”.
Bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq. O, həmişə bizimlə olacaq, Milli Qurtuluşun işığında Azərbaycanın hər guşəsində onun abidəsi ucalacaqdır. Ümummilli liderin ən böyük abidəsi isə xalqın qəlbindədir. Bu abidə – qüdrətli və davamlı inkişaf edən Azərbaycandır!
“Şərq qapısı”