23 Dekabr 2024, Bazar ertəsi

İyunun 12-də “Naxçıvan” Universitetində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Milli Qurtuluş Gününə həsr olunmuş lektoriyanı ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açıb.

“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ötən əsrin sonlarında Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsi ölkəmizi məhv olmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin çətin dövrdə xalqın təkidli xahiş və tələblərini nəzərə alaraq 1993-cü ilin 15 iyununda yenidən siyasi hakimiy­yətə qayıdan ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində ölkəmiz xaosdan qurtulub, müstəqilliyimiz qorunub saxlanılıb. Buna görə də həmin tarixi gün hər il Azərbaycan­da Milli Qurtuluş Günü kimi qeyd olunur.
Qeyd olunub ki, böyük Qur­tuluşa gedən yol Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvandan başlayıb. Belə ki, ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana qayıdıb və 1990-1993-cü illərdə burada yaşayaraq fəaliyyət göstərib.

Blokadaya salınmış Naxçıvanın ən ağır dövrlərində xalqla birlikdə olan ulu öndər Heydər Əliyev muxtar respublikanın təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edən muxtariyyət məsələsini yenidən gündəmə gətirib, dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edib. Məhz dahi şəxsiyyətin böyük səyləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunması yolunda ilk addımlar Naxçıvanda atılıb.
Vurğulanıb ki, 1993-cü ilin iyununda xalqın təkidli tələb və xahişlərindən sonra hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində çox qısa bir zamanda Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub, erməni təcavüzünün qarşısı alınıb. Ölkənin gələcək inkişafı üçün prioritetlər müəyyənləşdirilib, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, beynəlxalq sahədə irəliləyişlərə nail olunub. Bundan əlavə, ötən müddət ərzində Azərbaycanın sürətli və hərtərəfli inkişafı bütün sahələrdə uğurların qazanılmasına şərait yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası da hərtərəfli inkişaf yoluna çıxaraq özünün intibah dövrünə qədəm qoyub. Bu qədim Azərbaycan diyarında şəhər, qəsəbə və kəndlərin siması dəyişib, yeni yollar çəkilib, yaşıllıqlar salınıb. Sosial-iqtisadi sahədə əldə edilən uğurlu nəticələr hesabına əhalinin sosial rifahı yüksəlib. Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi bu nailiyyətlərin davamlı olacağından xəbər verir və ölkəmizi daha xoşbəxt gələcəyə aparır.
Tədbirə “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev yekun vurub.

*  *  *

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açmış və məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 1993-cü il iyunun 15-i Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. 1991-1993-cü illərdə ölkə rəhbərliyində təmsil olunan naşı və səriştəsiz rəhbərlərin respublikada gedən prosesləri düzgün qiymətləndirməməsi və bu proseslərin vaxtında qarşısının alınması üçün heç bir tədbir görmə­məsi nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə qarşılaşmışdı. Mövcud vəziyyətin daha da gərginləşməsinə təsir edən digər bir səbəb isə torpaqlarımızın erməni təcavüzü ilə üz-üzə qalması idi.
Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı tezliklə ölkəmizin üzərini almış qara buludların dağılmasına səbəb olmuş, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Qeyd olunmuşdur ki, ötən müddət ərzində Azərbaycan Heydər Əliyev ideyaları ilə inkişaf edərək tərəqqi yoluna çıxmış, dünyanın nüfuzlu dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.
1994-cü il sentyabrın 20-də ulu öndərin böyük səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalanmış, bununla da, ölkəmiz öz təbii sərvətləri üzərindəki hüquqlarının sahibi kimi nümunə göstərmiş, Azərbaycanın iqtisadi inkişafının təməli qoyulmuşdur. Bundan sonra ölkəmizdə, elə­cə də muxtar respublikamızda sürətli və kompleks quruculuq tədbirlərinə start verilmiş, şəhər, rayon və kəndlərimizin siması dəyişmiş, yeni yollar salınmışdır. Muxtar respublikamızın ən böyük rayonlarından biri olan Babək rayonu da ötən dövrdə sürətli inkişaf yolu keçmiş, rayonun qəsəbə və kəndləri müa­sirliyə qovuşmuşdur. Heydər Əliyev ideyalarının muxtar respublikamızda uğurla və ardıcıl şəkildə həyata keçirilməsi isə bu inkişafın davamlı olacağından xəbər verir.
Sonra Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elnur Abbasovun, Şəkərabad kənd tam orta məktəbinin direktoru Sədaqət Mahmudovun çıxışları olmuşdur.

*  *  *

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında da Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri Rizvan Məmmədov açaraq qeyd edib ki, tale bəzən xalqları sınaqlara çəkir, bu zaman əsrlərlə qazanılanların bir anda itirilməsi təhlükəsi yaranır. Belə bir vaxtda cəmiyyət bəşəri bir xilaskara ehtiyac duyur. Həmin şəxsiyyət isə öz xilaskarlıq missiyasını yerinə yetirməklə tarixdə əbədi iz qoyur. Ümummilli liderimiz Heydər Əliyev də belə dahi şəxsiyyətlərdəndir və onun adı Azərbaycan tarixinə böyük xilaskar, qurucu rəhbər, müdrik dövlət xadimi kimi əbədi həkk olunub.
Qeyd edilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən xaos, anarxiya, özbaşınalıq dözülməz həddə çatmışdı. Bu zaman xalqımız müdrik rəhbər Heydər Əliyevə üz tutdu. Ulu öndər qətiyyətli addımları və müdrik qərarları ilə Azərbaycanı sonu görünməyən uçurumdan xilas etdi. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş ümummilli liderin şərəfli ömür yolu xalqa və Vətənə xidmətin parlaq nümunəsidir. 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində müstəsna rol oynayan və tariximizə əbədi həkk olunmuş bir gündür.
“Belə bir tarixi sınaqdan çıxış yolunu görkəmli siyasətçi, böyük idarəetmə təcrübəsinə malik dahi rəhbər Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə görən xalqımız düzgün qərar qəbul edib”, – deyən Rizvan Məmmədov vurğulayıb ki, həmin dövrdə xilaskarlıq missiyasını üzərinə götürən ulu öndər Azərbaycanı üzləşdiyi çətinliklərdən qurtarıb, ölkəmiz özünün yeni tarixi mərhələsinə qədəm qoyub. Görkəmli dövlət xadiminin düşünülmüş siyasəti nəticəsində ölkəmiz separatizm meyillərindən xilas olub, daxili ictimai sabitlik əldə edilib, cəbhədə atəşkəsə nail olunub. Xalqımızın böyük oğlu Heydər Əliyevin şəxsi nüfuzu və müdrik fəaliyyəti sayəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv qəbul edilib.
Sonra rayon Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Təmleyxa Cəbiyevin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Vüqar Muradovun çıxışları olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, bu gün Azərbaycan xalqı və dövləti öz müstəqilliyini, inkişafını ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyasına borcludur. Məhz müstəqillik dövründə əldə edilən bütün uğurların, ölkəmizdə hökm sürən siyasi-iqtisadi sabitliyin, təmin olunan təhlükəsizliyin, mövcud iqtisadi qüdrətin kökündə ulu öndərimizin titanik fəaliyyəti durur. Dahi rəhbərin məhv olmaq təhlükə­sindən xilas edib dönməz və əbədi müstəqillik yoluna çıxardığı Azərbaycan xilaskar və quru­cu rəhbərin – xalqımızın böyük oğlunun şah əsəridir.
Şura sədri deyib ki, tarixən öz müstəqilliyi və müqəddəratı uğrunda mübarizə aparan, bir gün doğacaq azadlıq günəşinin ümidi ilə tarixin ağır dönəmlərində öz varlığını qoruyub saxlayan Azərbaycan xalqının müstəqillik tarixində Milli Qurtuluş Gününün həlledici rolu və önəmi vardır. Dahi rəhbər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ümidsizliyə düçar olmuş, sabaha olan inamı sarsılmış bir xalqın özünə qayıdışı, öz içində inama və ümidə tutunması baxımından əlamətdardır.
Ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı xaos və hərc-mərcliyin pəncəsindən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi. Qısa vaxtda ölkədə yaradılan siyasi sabitlik nəticəsində dahi rəhbər bütün sahələrdə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlayıb həyata keçirdi. Qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr quruldu.
Sonra şuranın əməkdaşlarından Yəmən Rzayevanın, Ceyhun Məmmədovun, Taliyə Bağırovanın və başqalarının çıxışları olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR