Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu.
Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.
XX əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərmişdir. 1969-1978-ci illərdə orta ümumtəhsil məktəblərinin sayı 77 faiz artmışdır. 1979-cu ildə SSRİ-nin 43 şəhərinin 152 ali məktəbində 3315 nəfər azərbaycanlı təhsil alırdı. Dahi rəhbər Heydər Əliyev hərbi kadrların hazırlanmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycanda iki ali hərbi məktəb – Ali Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi var idi. Lakin bu məktəblərdə cəmi 5-6 nəfər azərbaycanlı təhsil alırdı. 1971-ci ildə ulu öndər Heydər Əliyev ilk hərbi internat məktəbinin açılmasına nail olmuşdur. Həmin il C.Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Ulu öndər Heydər Əliyev 1976-1977-ci illərdə 800 nəfərdən çox gəncin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsinə nail olmuşdur. 1982-ci ildə artıq hərbi məktəblərə göndərilənlərin sayı 1000 nəfərdən çox idi.
Milli müstəqillik məfkurəsinin milli şüur və dil faktorlarından asılı olduğunu nəzərə alan ümummilli lider Heydər Əliyev hakimiyyətinin ilk illərindən dil məsələsinə ciddi diqqət yetirmişdir. Artıq ötən əsrin 70-80-ci illərində Azərbaycan türkologiya elminin mərkəzinə çevrilmişdi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan SSR-in dövlət dili kimi təsbit edilməsi bu sahədə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasətin nəticəsi idi.
Dahi rəhbər Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində erməni fitnəkarlığına qarşı əzmlə mübarizə aparmışdır. Məlum olduğu kimi, Azərbaycan hökuməti 1967-ci il mayın 7-də 2 min hektar Azərbaycan ərazisinin ermənilərə verilməsi haqqında qərar çıxarmışdı. Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi zaman bu məsələnin Azərbaycanın xeyrinə həll edilməsinə nail olmuşdur. Ermənilərin Dağlıq Qarabağın Azərbaycandan təcrid olunması haqqındakı iddialarına son qoymaq üçün 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu xətti çəkilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Sovet İttifaqının tərkibində müstəqil Azərbaycanın əsaslarını qoymuş, milli ruhun, milli mənəviyyatın vətəndaşlarımızın məfkurəsinə çevrilməsinə nail olmuşdur. Bunun nəticəsi idi ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmişdir. O dövrdə hakimiyyətdə olan adamların səriştəsizliyi nəticəsində Azərbaycan dövləti müstəqilliyini itirmək, ölkəmiz dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı tarixə Qurtuluş Günü kimi daxil olmuşdur. Ümummilli liderimiz Azərbaycanın müstəqil dövlət kimi əbədi varlığını təmin etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sabitliyi təmin etməklə, hüquqi dövlət quruculuğu istiqamətində mühüm ardıcıl tədbirlər həyata keçirməklə müstəqilliyi qorumağın nümunəsini yaratmışdır.
1994-cü ildə Əsrin müqaviləsinin imzalanması gənc Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyasında, onun tranzit potensialının artmasında mühüm addımdır. Bu müqavilə Şərqlə Qərb arasında əməkdaşlıqda Azərbaycanın regiondakı liderliyini təmin etmişdir.
İqtisadi, sosial və siyasi islahatların həyata keçirilməsi qanunvericilik bazası olmadan mümkün deyil. Odur ki, ulu öndərimiz dövlət quruculuğuna hüquqi bazanın yaradılmasından başladı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bu Əsas Qanunun ardınca qəbul edilən qanunvericilik aktları Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatının hüquqi əsasda qurulması, hüquqi islahatların həyata keçirilməsi üçün mühüm addım oldu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi ön plana çıxdı. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin proqramı müəyyənləşdirilmişdir. 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ikinci dövründə yüzlərlə müəssisə bərpa edilmiş, yeni sənaye obyektləri işə salınmışdır.
Qərblə Şərq arasında olduqca əlverişli geosiyasi və strateji mövqeyə malik olan Azərbaycan qədim İpək Yolunun üzərində – dünya nəqliyyat sisteminin kəsişmə nöqtəsində yerləşir və bu olduqca mühüm əhəmiyyətə malikdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü qədim İpək Yolunun bərpası ideyası, 1993-cü ilin mayında Traseka Proqramının qəbulu Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə cəlb edilməsində, nəticə etibarilə, onun iqtisadi potensialının artmasında mühüm rol oynamışdır. 1996-cı ilin dekabrında Azərbaycan, Gürcüstan və Ukrayna dövlət başçıları Avrasiya dəhlizinin yaradılması haqqında saziş imzalamışlar. 1998-ci ilin sentyabrında Bakıda İpək Yolunun bərpası ilə bağlı 33 ölkənin, 13 beynəlxalq təşkilatın iştirakı ilə keçirilən konfrans Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirmiş, onun dinamik və ahəngdar inkişafını təmin etmişdir.
Ulu öndərin əsasını qoyduğu siyasət ölkəmizin iqtisadi inkişafını təmin etmiş, dünya iqtisadiyyatında Azərbaycan modelinin yaranması ilə nəticələnmişdir. Dünyanın aparıcı ölkələrini iqtisadi böhran bürüdüyü, kreditlərin azaldığı, sosial ödənişlərin məhdudlaşdığı bir zamanda Azərbaycanda iqtisadi inkişaf tempi artmaqdadır.
Dahi rəhbər Heydər Əliyev Azərbaycanın mədəni yüksəlişi üçün də mühüm tədbirlər həyata keçirmişdir. 2001-ci il avqustun 9-da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi, 2002-ci ildə Şirvanşahlar Sarayında, Möminə xatın məqbərəsində, Qarabağlar türbəsində və Şəki Xan Sarayında təmir-bərpa işlərinin aparılması, Qız qalasının və İçərişəhərin YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilməsi ölkə mədəniyyətinin inkişafına əvəzsiz töhfələr vermişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış siyasi və iqtisadi baza Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Artıq Azərbaycan dünyanın mühüm yanacaq-energetika regionlarından birinə çevrilərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü