23 Dekabr 2024, Bazar ertəsi

Bu il Milli Qurtuluş tariximizin 22-ci ili tamam olur. Hər il iyunun 15-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizdə təntənəli surətdə qeyd olunur. Bu qayıdış müstəqilliyini yenicə bərpa etmiş bir məmləkəti tarix səhnəsindən silinmək təhlükəsindən qurtarmaqla bərabər, həm də Azərbaycanı Azərbaycana qaytardı. Qədim tarixə, zəngin mədəniyyətə, milli dövlətçilik ənənələrinə malik ölkəmizin dayaqlarını bərkitdi, qısa zamanda onu dünyanın nüfuzlu dövlətləri sırasına çıxardı. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində, millətimizin özünə qayıdışında mühüm rol oynayan Azərbaycançılıq ideologiyasının formalaşdırılması baxımından da çox böyük məna və önəm kəsb edir. Təbii ki, müstəqil Azərbaycanın hərtərəfli inkişaf tarixi də məhz həmin gündən başlayır. 

 Bu gün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, siyasi ekspertlərin də yekdil fikri bundan ibarətdir ki, Azərbaycan çox sürətli inkişaf parametrlərinə malik nadir ölkələrdəndir. Bu inkişaf müharibə şəraitində yaşayan, regionda dondurulmuş və hər an alovlana biləcək münaqişə ocaqlarına həm fiziki, həm də siyasi baxımdan yaxın olan Azərbaycanda baş verir. Bu inkişafın formulu indi inkişaf etməkdə olan bir çox dünya ölkələrinə nümunə ola bilər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası isə bu inkişaf və tərəqqinin önündə gedərək özünün intibah dövrünü yaşayır. Tarixin heç bir dönəmində bu cür tərəqqinin şahidi olmayan muxtar diyarın hər bir bölgəsi, hər bir yaşayış məntəqəsi indi Milli Qurtuluşun töhfələrindən bəhrələnərək daha da gözəlləşib, inkişaf edib. Elə bu yazıda da belə bölgələrimizdən biri – muxtar respublikamızın, eləcə də Azərbaycanımızın ən gənc rayonlarından olan Kəngərli rayonunun inkişafından bəhs edəcəyik.

Kəngərli rayonu 11 il bundan əvvəl, 2004-cü il martın 19-da təşkil edilib. Bir hissəsi Şərur rayonunun, digər hissəsi isə Babək rayonunun ərazilərinə aid olan bu qədim kəngərlilər yurdunun sakinləri muxtar respublikanın ərazi bütövlüyünün qorunmasında fəal iştirak edib, ümummilli lider Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə böyük şəxsiyyətin ideyalarının həyata keçirilməsinə öz töhfələrini veriblər. 1995-ci ildən başlayaraq muxtar respublikada aparılan islahatlar regionda ərazi idarəetmə strukturlarının da təkmilləşdirilməsinə öz təsirini göstərib və nəticədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması ilə Kəngərli rayonu təşkil edilib. Qanuna görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz, Çalxanqala, Xıncab, Şərur rayonunun isə Qarabağlar, Xok, Qıvraq, Qabıllı, Yurdçu, Şahtaxtı və Yeni Kərki kəndlərini əhatə edən ərazi vahidləri bu rayona daxil edilib. Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrilib.
Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsi 11 il bundan əvvəl Qıvraq kəndindən, bir də ki kəndin şimal hissəsində yerləşən boş və quru çöllük ərazilərdən ibarət idi. O zaman çoxları bu ərazinin gözəl bir rayon mərkəzinə çevriləcəyini təsəvvür edə bilmirdi. Hətta burada hər hansı bir infrastrukturun yaradılmasının mümkünsüzlüyünü düşünənlər də vardı. Ancaq Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi qısa bir zamanda Kəngərli rayonunu gözəlliklər diyarına çevirdi. Ötən dövr ərzində burada rayon mərkəzi üçün tələb olunan bütün layihələr həyata keçirildi, təhsil, mədəniyyət, səhiyyə obyektləri tikildi, idarəetmə orqanları üçün yeni inzibati binalar istifadəyə verildi. 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.
Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən Kəngərli rayonu 1 qəsəbə və 10 kəndi özündə birləşdirir. Rayon mərkəzində tikilən müasir inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq quruluşuna malik mədəniyyət evi Kəngərlinin simasına xüsusi yaraşıq verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ötən dövr ərzində Kəngərli rayonunda görülmüş işləri yüksək dəyərləndirib, rayona səfərləri çərçivəsində bir sıra quruculuq ünvanlarının açılışında iştirak edib. 2010-cu ildə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonundan keçən hissəsinin və rayon mərkəzində ucalan ümummilli lider Heydər Əliyevin abidəsinin açılış mərasimində ölkə başçısı sakinlərlə görüşərək burada həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. 2012-ci ildə Kəngərli Rayon Mədəniyyət Evinin açılış mərasimində iştirak edən dövlət başçısı demişdir: “Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir... Bu gün gözəl mədəniyyət evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm mədəniyyət mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda mədəniyyət evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir”.
Muxtar respublikamızda kənd yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, xüsusilə yeni kənd mərkəzlərinin tikintisi Kəngərli rayonunda da geniş vüsət alıb, mühüm tədbirlər həyata keçirilib. Ötən 11 il ərzində rayonun Yurdçu kəndi istisna olmaqla, bütün kəndlərində kompleks quruculuq işləri aparılıb. Yurdçu kəndində isə bu il quruculuq tədbirlərinə başlanılıb. Rayon yeni kənd mərkəzlərinin mövcudluğuna görə muxtar respublikanın bütün bölgələrindən irəlidədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq, yenidən qurulan yollar yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasına öz töhfəsini verib. Uzunluğu 39 kilometr olan və 13 min nəfərdən çox əhalinin yaşadığı 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yolla birləşməklə) dairəvi avtomobil yolu adıçəkilən kəndlərə gediş-gəlişi xeyli asanlaşdırıb. Rayonda qurucu­luq tədbirləri bu gün də davam etdirilir. Yuxarıda da qeyd etdiyimiz kimi, Yurdçu kəndində kənd mərkəzinin tikintisi, kənd məktəbinin yenidən qurulması, Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində mərasim evlərinin, rayon mərkəzində ticarət mərkəzinin tikintisi aparılır. Xatırlatmaq lazımdır ki, ötən dövr ərzində rayonda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. Belə ki, 11 il ərzində Çalxanqala kəndində 24, Xıncab kəndində 1, ümumilikdə, 25 qaçqın və məcburi köçkün ailəsinə, Qıvraq qəsəbəsində 2, Şahtaxtı kəndində 1, Çalxanqala kəndində 2, Böyükdüz kəndində isə 1 əlil ailəsi üçün, ümumilikdə, 9 fərdi yaşayış mənzili tikilərək istifadəyə verilib.
Ötən müddətdə mədəniyyətə göstərilən dövlət qayğısı Kəngərli rayonunun mədəni inkişafına da zəmin yaradıb. Rayonda rayon mədəniyyət evi, 5 kənd mədəniyyət evi, 5 kənd klubu, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 2 uşaq musiqi məktəbi və Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Eyni zamanda dünya əhəmiyyətli Qarabağlar türbəsi, qədim Şahtaxtı hamamı və Şahtaxtinskilər Muzeyi də Kəngərlinin maraqlı ünvanlarındandır. Rayon mərkəzində yerləşən mədəniyyət evi, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahtaxtı kəndində yerləşən Şahtax­tinskilər Muzeyi yeni mədəniyyət müəssisələrindəndir. Yerlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələri, klub və kitabxanalar yeni istifadəyə verilmiş kənd mərkəzlərində yerləşdirilib.
Kəngərli rayonu da muxtar respublikamızın digər rayonları kimi, aqrar bölgə olduğundan burada kənd təsərrüfatının inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Buna görə də rayonda meliorasiya və su təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə Qarabağlar, Şahtaxtı və Böyükdüz kənd­lərinin hər birində 1 su nasos stansiyası tikilib, yeni su xətləri çəkilib, kəhrizlər bərpa olunub. Bundan əlavə, rayonda torpaqların suvarılması üçün Babək rayonunun ərazisində yerləşən Uzun­oba Su Anbarından 40 kilometr suvarma su xətti çəkilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 1 may 2015-ci il tarixə rayonda 1883 hektar sahədə yazlıq əkin keçirilib. Əkin sahələrinin 937 hektarını dənli və dənli-paxlalı, 110 hektarını dən üçün qarğıdalı, 70 hektarını dən üçün günəbaxan, 206 hektarını kartof, 187 hektarını tərəvəz, 163 hektarını bostan bitkiləri, 210 hektarını isə cari ilin çoxillik ot bitkiləri təşkil edir.
Muxtar respublikamızda sa­hibkarlığın inkişafına göstərilən dövlət qayğısı Kəngərli rayonunda da öz bəhrələrini verməkdədir. Buna görədir ki, rayonda hər il özəl müəssisələrin sayı artır. Hazırda rayon ərazisində sement zavodu, yanacaqdoldurma məntəqəsi, daş karxanaları, iki istixana kompleksi, soyuducu anbar, üç quşçuluq təsərrüfatı, un dəyirmanı, qənnadı məmulatları, çörək sexləri, pendir istehsalı, tərəvəz məhsullarının qablaşdırılması sahələri və digər müəssisələr fəaliyyət göstərir.
Ümumiyyətlə, Kəngərli rayonunda digər sahələrin inkişafında da ilbəil artım templərini müşahidə etmək mümkündür. Təbii ki, həyata keçirilən tədbirlər rayonda məşğulluq məsələlərinin həllinə də öz təsirini göstərməkdədir. Təkcə 2015-ci ilin ilk rübündə rayonda 22 yeni iş yeri açılıb ki, bu iş yerlərinin də 20-si daimi iş yerləridir. Ümumilikdə isə ötən 11 il ərzində Kəngərli rayonunda 2462 nəfər işlə təmin olunub ki, bu da rayon sakinlərinin sosial rifahının yüksəldilməsində mühüm rol oynayır.

Bəli, fəxrlə demək olar ki, Kəngərli rayonu muxtar respublikamızın ən gənc rayonu olmasına baxmayaraq, qısa müddət ərzində böyük inkişaf yolu keçib. Milli Qurtuluşumuzun tarixi nailiyyətlərindən öz payını alan bu qədim yurd yeri indi müasirliyi, sosial-iqtisadi uğurları ilə gələcəyə doğru inamla addımlayır. Bu inamın rayon sakinlərinin düşüncəsinə yazıldığı tarix isə bugünkü tərəqqinin təməl daşıdır. 

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR