15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
“Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda təşkil olunan sayca 21-ci məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, Azərbaycan xalqı və dövləti öz müstəqilliyini, bu gününü və gələcəyini ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasına borcludur. Məhz müstəqillik dövründə əldə edilən bütün uğurların, ölkəmizdə hökm sürən siyasi-iqtisadi sabitliyin, təmin olunan təhlükəsizliyin, mövcud iqtisadi qüdrətin kökündə ulu öndərimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dayanır.
Komitə sədri deyib ki, dahi şəxsiyyətin məhv olmaq təhlükəsindən xilas edib dönməz və əbədi müstəqillik yoluna çıxardığı Azərbaycan xilaskar və qurucu rəhbərin – xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir; bugünkü Azərbaycan ulu öndərin reallaşan arzusudur.
“Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli qeyd edib ki, xilaskarlıq missiyası ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir. Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dönəmlərdə həyata keçirilən bütün işlər dahi rəhbərin xilaskarlıq missiyasının tərkib hissəsidir. Ulu öndərin 1993-cü il iyun ayının 15-də Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ümidsizliyə düçar olmuş, sabaha inamı sarsılmış bir xalqın özünə qayıdışı, öz içində inama və ümidə tutunması, ölkə daxilində milli birliyin təmin olunması, siyasət arenasına siyasi mədəniyyətin gətirilməsi, milli dövlətçilik anlayışının, Azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı baxımından əlamətdardır.
Vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin və onun siyasi xəttinin müstəqil Azərbaycana bəxş etdiyi inkişaf və tərəqqinin əsl mahiyyətini ortaya çıxarmaq üçün 1993-cü ilin Azərbaycanı ilə müasir dövrün Azərbaycanını müqayisə etmək kifayətdir. Bu gün Azərbaycan Avropa ilə Asiyanın qovşağında geosiyasi körpü rolunu oynayan qüdrətli dövlət, regionda lider ölkədir.
“Naxçıvandan başlanan qurtuluş” mövzusunda məruzə ilə çıxış edən komitənin Audit şöbəsinin böyük inspektoru, gömrük xidməti mayoru Məmməd Adıgözəlov vurğulayıb ki, ötən əsrin 90-cı illərinin əvəllərində ulu öndər tərəfindən Naxçıvanın xilası, erməni işğalından qorunması naminə görülən işlər Azərbaycan xalqında belə bir ümid yaratmışdı ki, ölkəmizi düçar olduğu ağır vəziyyətdən, siyasi-iqtisadi böhrandan, getdikcə dərinləşən təcavüzdən yalnız ulu öndər Heydər Əliyev xilas edə bilər. Məhz o dövrdə dahi rəhbərin təkidlə Naxçıvandan Azərbaycana siyasi rəhbərliyə çağırılması xalqın öz böyük oğluna sarsılmaz inamının ifadəsi idi.
Sonda tədbir iştirakçıları “Dahi şəxsiyyət” adlı filmə baxıblar.
* * *
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Dəmirçi Kənd Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açmış və məruzə ilə çıxış etmişdir.
Əmir Babayev Milli Qurtuluş Gününün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirmiş, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsində, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.
Vurğulanmışdır ki, ulu öndər xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Dahi rəhbər müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində milli inkişaf strategiyasını irəli sürmüş və onu uğurla həyata keçirmişdir.
Bildirilmişdir ki, bu gün bölgədə dünyanın marağını çəkən bir çox iri layihələr yalnız Azərbaycanın razılığı və iştirakı ilə həyata keçirilir. Ölkəmiz beynəlxalq səviyyəli mədəniyyət və idman tədbirlərinə ev sahibliyi edir, bu tədbirlərin keçirilməsində hətta inkişaf etmiş dövlətlərə də nümunə göstərir.
“Bu gün müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin ideyaları ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir”, – deyən Əmir Babayev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.
Qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçməkdədir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı layihələr əsasında, davamlı milli ənənələrin qorunub saxlanılması şərti ilə muxtar respublikamız əsaslı şəkildə yenidən qurulur. Bunu Şərur rayonunun timsalında da aydın görmək mümkündür. Qədimlik və müasirliyin işığında qurulub tikilən Şərur şəhəri bənzərsiz gözəlliyə qovuşmuş, genişmiqyaslı abadlıq və quruculuq tədbirləri rayonun kəndlərini də tanınmaz dərəcədə dəyişmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatında Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov açaraq bildirmişdir ki, 1991-1993-cü illər arasında ölkə rəhbərliyində olan siyasi dairələrin səriştəsizliyi, dünyada və respublikada gedən proseslərin əsl mahiyyətinin düzgün dərk edilməməsi Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. Vəziyyəti mürəkkəbləşdirən daha ciddi amil isə Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində yaranan və günü-gündən şiddətlənməkdə olan Dağlıq Qarabağ münaqişəsi idi. Belə mürəkkəb və taleyüklü anlarda Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Məhz o zaman ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Naxçıvanda başlamış qurtuluş mübarizəsi özünün yeni – həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan dövləti elə onun rəhbərliyi ilə qısa zaman kəsiyində dünyada sözükeçən bir dövlətə çevrildi. Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərimiz Heydər Əliyevin ideyalarına böyük ehtiram və sədaqət göstərilməklə ümummilli lider tərəfindən müəyyənləşdirilmiş quruculuq siyasəti əzmlə həyata keçirilir.
Muxtar respublikamızın hər bölgəsində olduğu kimi, Culfa rayonunda da quruculuq, abadlıq, yaşıllaşdırma tədbirləri geniş vüsət almışdır. Culfa şəhəri və rayonun kəndləri simasını dəyişir, yeniləşir.
Sonra məruzə ətrafında çıxışlar olmuş, tədbir iştirakçıları Milli Qurtuluş Gününə həsr edilmiş slayda baxmışlar.
* * *
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında da 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, 1993-cü ilin yayında Azərbaycan xalqı təhlükə qarşısında olan dövlətini xilas etmək üçün üzünü Naxçıvana tutdu, mənalı həyatını bütünlüklə xalqının və dövlətinin inkişafına həsr edən ümummilli lider Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi təlatümlər burulğanından xilas etdi.
Müdrik rəhbər uzaqgörən siyasəti ilə ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu illərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Elə bu səbəbdən də hər bir azərbaycanlı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir.
Tədbirdə Yeni Azərbaycan Partiyası fəallarından Kəmalə Əliyeva, Yalçın Bayramov, Ceyhun Qurbanov və başqaları çıxış edərək bildiriblər ki, bir xilaskar kimi Azərbaycan tarixində Heydər Əliyevin rolu bu vaxtadək heç kimlə müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Bu gün Azərbaycanın yüksəldiyi ucalıq sübut edir ki, ölkəmiz ötən əsrin sonlarında ikinci dəfə, sadəcə, müstəqilliyinə qovuşmayıb, ulu öndərin titanik fəaliyyəti nəticəsində çox qısa zaman kəsiyində əsrlərə bərabər inkişaf, tərəqqi yolu keçib. Nə qədər ki Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Heydər Əliyev daim yaşayacaqdır.
Xəbərlər şöbəsi