Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə Şahbuz rayonunda yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələrə həsr olunmuş seminar-müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin əməkdaşı İmran Məmişov açaraq tədbirin keçirilməsinin məqsədi barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov “Yerli özünüidarəetmə orqanlarında qanunvericiliyin tələblərinə riayət olunması və bələdiyyə qərarlarının qəbul edilməsi proseduru” mövzusunda məruzə etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Nümunəvi Reqlamenti”nin yerli özünüidarəetmə orqanlarının qanunamüvafiq fəaliyyətində müstəsna əhəmiyyəti olduğunu vurğulayan məruzəçi bildirmişdir ki, nümunəvi reqlament “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır. Reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir.
Sonra Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərov “Bələdiyyə iclasının çağırılması və əhali ilə görüşün təşkili qaydalarının tənzimlənməsi” mövzusunda məruzə etmişdir.
“Bələdiyyə fəaliyyətinin təşkilində kargüzarlığın rolu və bu sahəni tənzimləyən qanunvericilik” mövzusunda Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov məruzə edərək bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydaları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təşkilində kargüzarlığın rolundan danışmışdır. A.Məhərrəmov qeyd etmişdir ki, yerli büdcəyə vergilərin hesablanması və ödənilməsi, maliyyə hesabatlarının hazırlanması, bələdiyyələrdə mühasibat uçotunun təşkili, yerli büdcənin formalaşdırılması istiqamətində görülən işlər bələdiyyələrin fəaliyyətinin əsas hissəsini təşkil etməlidir. Hər bir bələdiyyə sədri bu prosesləri qanunauyğun şəkildə həyata keçirməklə qarşıda duran vəzifələrin yerinə yetirilməsini təmin etmiş olur. Ona görə də yerli özünüidarəetmə orqanları bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlamalıdırlar.
Sonda bələdiyyə sədrlərini maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərlər şöbəsi