Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov çıxış edib.
Bildirilib ki, son illər Azərbaycan bir sıra beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. 12-28 iyun tarixlərində keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunları Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır. Belə mühüm tədbirlərin keçirilməsi zamanı nəqliyyatçıların da üzərinə böyük məsuliyyət düşür. Ölkəmizə gələn turistlərin nəqliyyatın istənilən növündən səmərəli və təhlükəsiz şəkildə istifadə etməsi vacib məsələlərdən biridir.
Vurğulanıb ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Muxtar respublika rəhbərinin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.
Muxtar respublikaya gəliş-gediş üçün Naxçıvan Beynəlxalq Hava Limanından, Bakı-İran-Naxçıvan marşrutu ilə hərəkət edən avtobus və digər avtonəqliyyat vasitələrindən istifadə olunacaqdır. Aparılan araşdırmalar nəticəsində məlum olur ki, hava gəmilərindən istifadə digər nəqliyyat vasitələrindən çox olacaq. Bununla bağlı hava limanının taksi dayanacaqlarında fəaliyyət göstərən nəqliyyat vasitələrinin təmizliyi və təhlükəsizliyi müasir tələblər səviyyəsində olmalıdır. Oyunlar zamanı və oyunlardan sonra da turistlərin və ölkə vətəndaşlarının taksi, avtobus və mikroavtobuslardan təhlükəsiz istifadə etmələri daim diqqətdə saxlanılmalı, muxtar respublikamıza gələn qonaqların vaxtlı-vaxtında təhlükəsiz və rahat mənzil başına çatdırılması üçün mövcud imkanlardan səmərəli istifadə edilməlidir.
“Yol-nəqliyyat kompleksinin yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb”, – deyən şöbə müdiri qeyd edib ki, sərnişindaşıma xidmətini günün tələbləri səviyyəsində qurmaq üçün kompleks tədbirlər həyata keçirilib. Sərnişinlərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılması üçün hərtərəfli şərait yaradılıb. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına necə əməl etmələrini yoxlamaq məqsədilə reydlər keçirilib, qanun pozuntusuna yol verən sürücülər saxlanılaraq cəzalandırılıblar. Vergi borcunu ödəməyən, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olmamaları üçün xəbərdarlıqlar edilib, tabe olmayan sürücülər dövlət yol polisi əməkdaşları ilə birlikdə keçirilən reydlərdə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Vurğulanıb ki, qarşıya qoyulan başlıca vəzifə avtomobillərin vaxtında texniki müayinədən keçirilməklə saz vəziyyətdə istismar olunmasından ibarətdir. Bu mühüm əhəmiyyətli sahə də diqqət mərkəzində saxlanılır, ayrı-ayrı rayonlarda reydlər keçirilir, avtonəqliyyat vasitələrində aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılır.
Nazirliyin Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov bildirib ki, Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını həyata keçirən sürücülərin intizam qaydalarına uyğun fəaliyyət göstərmələri mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu qaydalara əsasən, sərnişindaşıma hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxslərə verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada və formada verilmiş sənədlərlə təsdiq edilir. İctimai nəqliyyatda sərnişin daşınması ilə məşğul olan hər bir sürücünün idarə etdiyi avtomaşının fəaliyyət göstərməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsini təsdiq edən sənəd olmalı, sürücülük rekvizitləri qanunvericiliyin tələblərinə cavab verməlidir. Qeyd edilib ki, cari ilin ötən dövründə sərnişin və yük daşıyan fiziki, eləcə də hüquqi şəxslərin fəaliyyətinə nəzarət məqsədilə müxtəlif reydlər aparılıb, nəticədə, qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən avtonəqliyyat vasitəsi sahibləri aşkar olunaraq lisenziyaya cəlb edilib və ya intizama tabe olmayanlar haqqında cəza tədbiri görülmək üçün müvafiq orqanlara məlumatlar göndərilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Kərəm Həsənov