Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatı müasir inkişaf dövrünü yaşayır. Hər ötən ay sərnişinlərə göstərilən xidmətin səviyyəsi yüksəldilir. Bu ilin may ayında görülən işlərə nəzər saldıqda bunun bir daha şahidi oluruq.
Ötən ay muxtar respublikada yerli hava xətti ilə 18 min 150 sərnişin, 363 min 522 kiloqram baqaj, 79 min 58 kiloqram yük və 2 min 485 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq uçuşlar üzrə isə Naxçıvan-Moskva istiqamətində 228 sərnişin, 4 min 157 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 382 sərnişin və 4 min 967 kiloqram baqaj daşınmışdır.
Uçuşların təhlükəsizliyinin və sərnişinlərin rahatlığının təmin olunması xidmətin günün tələblərinə uyğun təşkilindən asılıdır. Buna görə də muxtar respublikanın mülki aviasiya işçiləri ötən ayda da öz vəzifələrini layiqincə icra etmişlər. Şəxsi heyət təyyarələrin, bütün maşın-mexanizmlərin və texnoloji avadanlıqların təlimata uyğun istismarını diqqətdə saxlamış, hava gəmilərinin hərəkəti nəticəsində uçuş-enmə zolağında və perronda baş verən aşınmalar təmir olunmuş, bəzi hissələrdə asfalt örtük yenilənmişdir.
Elektrik və işıq sistemləri ilə təminat da diqqət mərkəzində saxlanılmış, uçuşların və digər xidmətlərin fasiləsizliyi təmin olunmuşdur. Ay ərzində bütün növ güc transformatorlarına və işıqlandırma vasitələrinə baxış keçirilmiş, elektrik mühərrikləri təmir olunmuşdur. Yanğın təhlükəsizliyi və qəza-xilasetmə xidmətinin şəxsi heyəti yanğına qarşı təlimləri davam etdirmiş, obyektlərdəki yanğınsöndürmə avadanlıqları yoxlanılmışdır.
Ötən ay işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, təhlükəsizlik xidməti işçiləri üçün Bakı şəhərində ixtisasartırma kursları davam etdirilmiş, əməkdaşlara aparılan yenidənqurma işləri çərçivəsində aerovağzal binasında yeni quraşdırılan cihazların iş prinsipləri öyrədilmiş, təhlükəsizlik texnikasına və yanğın mühafizəsinə aid məşğələlər keçirilmiş, hava gəmilərinə uçuşqabağı texniki baxış üçün təlimat hazırlanmışdır.
Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti