23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov məruzə ilə çıxış edib.
Bildirilib ki, ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını yerinə yetirməklə tarixdə silinməz iz qoyub. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarıb. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz ulu öndərimiz təlatümlər burulğanından xilas edib, möhkəm ictimai-siyası sabitlik yaradıb, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxarıb.

Vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı ümummilli lideri­mizin bu əvəzsiz xidmətlərini heç vaxt unutmayacaqdır. Ulu öndərimizin böyük ideyaları bu gün də Azərbaycanın yoluna nur saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu gün aparılan islahatlar, əldə edilən nailiyyətlər respublikamızı qüdrətli dövlətə çevirib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşa gedən möhtəşəm zəfər yolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək, vətəndaş müharibəsi kimi faciələrdən xilas edib.
Qeyd olunub ki, ulu öndərin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası dinamik inkişaf yolundadır. Azərbaycan xalqı bundan sonra da Heydər Əliyev ideyalarını yaşadacaq, Onun layiqli siyasi varisi olan ölkə rəhbərinin uzaqgörən və məqsədyönlü siyasətini dəstəkləyəcək.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Naxçıvandan başlayan qurtuluş yolu” mövzusunda məruzə edib.
Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, 1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı zamanı muxtar respublikanın müxtəlif yerlərindən gəlmiş insanların Naxçıvan şəhərinin baş meydanında Onu yüksək coşqunluqla qarşılaması əhalinin dahi siyasi xadimə xilaskar kimi baxmasından irəli gəlirdi. O dövrdə Naxçıvandan başlanan dövlət quruculuğu prosesi, qəbul edilən qərarlar həm muxtar respublikanın taleyində, həm də bütövlükdə Azərbaycanın gələcək inkişafı üçün xüsusi rol oynayıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyulub, həmin gün müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini Şamxal Məmmədov “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda məruzə edib.
Sonda konfrans iştirakçıları dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən filmə baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR