23 Dekabr 2024, Bazar ertəsi

Hər bir xalqın milli inkişaf yolunun müəyyənləşdirilməsində onu dünya miqyasında tanıdan, layiqli mövqelərə ucaldan liderlər əvəzsiz rola malikdir. Ensiklopedik zəka, intellekt, mənəvi güc, qüdrət sahibi olan ulu öndər Heydər Əliyev müdriklər müdriki idi. Azərbaycanın XX əsr tarixinin 60-cı illərindən başlayan dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, bu quruculuğa doğru gedən yola hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə orqanlarında fəaliyyətə başlayan xalqımızın böyük oğlu Heydər Əliyev qarşıya çıxan bütün maneələri və çətinlikləri dəf edərək Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək ucalmışdı. Məhz Onun rəhbərliyində ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlanmışdı.
XX yüzilliyin 60-cı illərinin sonunda dahi şəxsiyyət Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyev tərəfindən hələ o zaman qurulmuşdur. 1970-1985-ci illərdə, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, milli iqtisadiyyatın əsası qoyulmuşdu. 213 iri sənaye müəssisəsi işə salınmış, bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan keçmiş ittifaqda aparıcı yerlərdən birini tutmuşdu. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilmişdi. Müstəqillik dövründə Azərbaycanın yüksəkixtisaslı mütəxəssislər sarıdan çətinlik çəkməməsi, zəruri sosial-iqtisadi potensial məhz ulu öndərin respublikamıza 1969-1982-ci illərdə rəhbərliyi dövründə göstərdiyi misilsiz dövlətçilik fəaliyyətinin və milli siyasətin nəticəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyev 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunanadək Azərbaycanı artıq müstəqil bir dövlət kimi yaşamağa hazırlamışdı.

Təəssüflər olsun ki, müstəqillik ərəfəsində rəhbər vəzifələr tutanlar xəyanət yolunu seçərək, imperiya mənafeyinə uyğun siyasət həyata keçirmişlər. Məhz bu səbəbdən xalqımız XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası prosesinə 1988-1990-cı illərin meydan eyforiyası, dərəbəyliyi, 1992-ci ilin “şanlı may inqilabının” sərməstliyi, 1993-cü ilin hakimiyyət böhranı və 1994-cü ilin oktyabr və 1995-ci ilin mart xəyanətkarlığından keçərək başlamışdır. Halbuki qurulmaqda olan müstəqil dövlətçiliyimiz, ilk növbədə, güclü liderə, milli ideoloji təməllərə, siyasi sabitliyə, sosial-iqtisadi bazaya, legitim siyasi-hüquqi sistemə dərin ehtiyac duyurdu.
Ulu öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövr müstəqil Azərbaycanda dövlət quruculuğunun və xalqımızın qarşılaşdığı fəlakətlərdən qurtuluşunun başlanğıc mərhələsi kimi tarixə əbədi həkk olunmuşdur. Ermənilərin Azərbaycana qarşı təcavüzünün 1988-ci ildə başlanan son mərhələsi coğrafi cəhətdən ana vətəndən ayrı düşmüş Naxçıvanın blokadaya salınmasına səbəb olmuş, nəticədə, 1990-cı ildə ölkəmizin digər əraziləri ilə, hava nəqliyyatı istisna olmaqla, bütün kommunikasiya əlaqələri kəsilmişdi. Bu dövrdə Azərbaycanın və Naxçıvanın tarixi taleyində baş verən və taleyüklü dönüş nöqtəsi olan ən mühüm hadisə 1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması idi. Vətənin məşəqqətli və böhranlı günlərində öz xalqı ilə birlikdə olmaq üçün qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə hər iki qanunverici orqanın deputatı seçilmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Аli Məclisinin dahi rəhbər Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasının qəbul etdiyi “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Аli dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında”, noyabrın 21-də qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında”kı tarixi qərarlar dərin zəkadan doğan siyasi uzaqgörənliyin aydın, bariz sübutu və müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətindəki ilk rəsmi addımlar idi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların təkidli xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin qəti tələbi ilə muxtar respublika Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlandı. Əslində, yalnız Naxçıvanın deyil, Azərbaycanın tarixində özünəməxsus yeri olan bu sessiya Heydər Əliyev dühasının parlaq təsdiqi, Onun Azərbaycanın hаkimiyyət olimpinə yenidən yüksəlişinin başlanğıcı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Dövlət müstəqilliyi haqqında” və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr və 15 noyabr 1991-ci il tarixli qanunvericilik aktlarına tərəfdar çıxması, “Naxçıvan Muxtar Respublikasında yerləşən silahlı qüvvələrin hissələrinin statusu haqqında” Аli Məclisin 1991-ci il oktyabrın 26-da qəbul etdiyi qərar, habelə ulu öndər Heydər Əliyevin davamlı siyasi-diplomatik fəaliyyəti sübut edirdi ki, Onun üçün müstəqilliyimizin qorunması və əbədiləşdirilməsindən üstün heç bir məsələ yoxdur.
1991-ci il dekabrın 29-da keçirilmiş referendumda iştirak edən аzərbaycanlıların 95 faizdən çoxu müstəqilliyimizin bərpasına tərəfdar çıxmışdır. Həmin il dekabrın 16-da Naxçıvan pаrlamentinin qəbul etdiyi “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarla 1989-cu ilin dekabrında baş vermiş sərhəd hərəkatı tariximizin daş yaddaşına bayram günü kimi həkk edilmişdir.
Azərbaycan Respublikası 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoysa da, respublikada gedən hakimiyyət çarpışmaları ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsinə şərait yaratmış, Şuşanın və Laçının asanlıqla işğalına səbəb olmuşdur. May ayının lap əvvəllərindən erməni silahlı birləşmələri Naxçıvana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlasa da, Naxçıvanda xalqla rəhbərliyin vəhdəti düşmənə rəşadətlə sinə gərərək torpaqları qoruyub saxlamağa kömək etmişdir. Bu dövrdə ümummilli lider Heydər Əliyev siyasi bacarığı, uğurlu diplomatik gedişləri və Türkiyə Cümhuriyyətinin rəhbərliyi ilə yaratdığı düşünülmüş əlaqələrlə Ermənistanın hərbi təcavüzünü dünya ictimaiyyətinin pisləməsinə, Naxçıvanın isə xilasına nail olmuşdur.
1992-ci ildə ulu öndər Heydər Əliyev Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atmışdır. Onun qonşu Türkiyəyə və İrana səfərləri zamanı imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar, Sədərək-Dilucu körpüsünün açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun illərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynamışdır.
Naxçıvan Muxtar Respublikası Аli Məclisinin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində atılmış bu addım Azərbaycanda yeni dövrün tələblərinə uyğun bu gün uğurla yekunlaşmış aqrar islahatlаrın başlanğıc mərhələsi olmaqla, о zaman muxtar respublika iqtisadiyyаtının aqrar sahəsinin tam məhvolma təhlükəsini aradan qaldırmışdır.
Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Аli Məclisinin Sədri kimi uğurlu dövlətçilik fəaliyyəti respublikanın оvaxtkı naşı rəhbərləri tərəfindən siyasi qısqanclıqla qarşılanırdı. 1992-ci il iyulun 15-də Azərbaycan Respublikasının Milli Məclisi Naxçıvandakı ağır sosial-iqtisadi vəziyyəti müzakirə edərək müvafiq qərar qəbul etsə də, onun həyata keçirilməsi Naxçıvana olan ögey və soyuq münasibət nəticəsində təmin edilməmiş, bu və digər qərarlar lüzumsuz kağız parçasına çevrilmişdi. 1992-ci il oktyabrın 24-də, Yeni Azərbaycan Partiyasının yaranması ərəfəsində, AXC-nin qanunsuz silahlı dəstələri Heydər Əliyevə qarşı ölkənin siyasi hakimiyyəti tərəfindən dəstəklənən uğursuz çevriliş cəhdi etdi. Hətta vəziyyət o yerə çatmışdı ki, Naxçıvanın XX əsrin əvvəllərindəki hərbi-siyasi hadisələr və tarixi-coğrafi amillərlə bağlı olan və beynəlxalq müqavilələrdə təsbit olunmuş muxtariyyət statusunu ləğv etmək təklifi irəli sürülürdü.
1993-cü il aprelin 2-də düşmənin Kəlbəcər rayonunu işğal etməsi, Azərbaycanın hərbi münaqişə bölgəsində mövqelərinin zəifləməsi ölkə rəhbərliyinin xalq arasında nüfuzdan düşməsi ilə nəticələnmişdi. Bütün bunlardan istifadə edən anti-milli qüvvələr məkrli iddialarını həyata keçirmək üçün iyunun 4-də Gəncədə qiyam qaldıraraq öz silahlı dəstələri ilə dövlətə qarşı çıxmışdılar. Azərbaycan vətəndaş müharibəsinin astanasında, milli dövlətçiliyimiz məhvolma təhlükəsinin bir addımlığında idi. Belə bir mürəkkəb tarixi şəraitdə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət heyətləri 7 iyun 1993-cü il tarixdə birgə iclas keçirərək Gəncə hadisələrinə dair qəbul edilən müraciətlə baş vermiş hadisələri qardaş qırğını kimi qiymətləndirmiş, hamını milli birliyə, vətəndaş həmrəyliyinə çağırmışdır.
Tarixi zərurət – birbaşa xalqın tələbi, respublikada yaranmış böhranlı şərait, hakimiyyətsizlik və özbaşınalıq, ölkəmizin müstəqilliyi üçün real təhlükənin yaranması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtmasını zəruri etmişdi. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizi məhv olmaq təhlükəsindən qurtarmışdır. 1993-cü il ok­tyabrın 3-də və 1998-ci il oktyabrın 11-də ölkə Prezidenti seçilən qüdrətli siyasətçi Heydər Əliyev öz siyasi qüvvə və bacarığını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri sırasına çıxmasına, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının çiçəklənməsinə sərf etmişdir. Məhz onun fenomenal şəxsiyyəti, müdrik siyasəti respublikadakı hərc-mərcliyi aradan qaldırmış, vətəndaş müharibəsinin, Azərbaycanın əyalətlərə parçalanmasının qarşısını almışdır.

Beləliklə, 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin və xalqımızın nicatı, müstəqil dövlətçiliyimizin xilası və əbədilik varlığı mərhələsinin şanlı hadisəsi kimi müasir tariximizin yaddaşına həkk olunmuşdur. Yalnız istiqlaliyyət dövrünün deyil, eləcə də bütövlükdə XX əsr siyasi tariximizin çox mühüm hadisəsi olan 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Bu, doğma Azərbaycan evimizin xilası, Azərbaycanın Azərbaycana qayıdışı günü idi. Xalqımızın milli qurtuluşu, vətəndaş qarşıdurmasından xilas olduğu gün idi”.

Elman Cəfərli
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR