Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas oldu, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoydu.
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan 66-cı məşğələsində səsləndirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, 1991-ci ildə öz dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. O zaman ölkəyə başçılıq edən təsadüfi şəxslərin bacarıqsızlığı, səriştəsizliyi ağır nəticələrə gətirib çıxarmışdı. Artıq 1993-cü ilin yazında ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüş, gənc müstəqil dövlətimiz dünyada təklənmişdi. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi – dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.
“1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev gərgin situasiyada yaşayan Bakıya getdi. On minlərlə insan Bakı hava limanına axışaraq öz müdrik xilaskarını qarşıladı. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi: ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi”, – deyən İsmayıl Hacıyev qeyd edib ki, 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində neçə-neçə qərinəyə sığmayan son dərəcə böyük işlər gördü.
Vurğulanıb ki, ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.
* * *
Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı müstəqilliyini itirməkdən, vətəndaş müharibəsindən, parçalanmaqdan xilas edib.
Bu fikirlər Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 194-cü məşğələsində səsləndirilib.
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda keçirilən məşğələni universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. O, Milli Qurtuluş Gününün tarixindən, ümummilli lider Heydər Əliyevin milli müstəqilliyin qazanılması və qorunub saxlanılmasında göstərdiyi əvəzsiz xidmətlərindən ətraflı söhbət açıb.
Qeyd olunub ki, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan məhz ulu öndərin sayəsində bu bəlalardan xilas olub, dinamik inkişaf yoluna qədəm qoyaraq dünya dövlətləri sırasında layiqli yerini tutub. Ümummilli liderin müdrik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Universitetin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev mövzu ilə bağlı məruzə edərək bildirib ki, ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti, liderlik qətiyyəti, beynəlxalq siyasi nüfuzu ilə Azərbaycan dövlətçiliyini qurtuluş və nicat yoluna çıxarıb.
Məruzəçi ötən əsrin 90-cı illərində baş verən ictimai-siyasi prosesləri şərh edərək vurğulayıb ki, Azərbaycan o dövrdə iqtisadi, siyasi, mədəni, hərbi böhran vəziyyətində idi. Lakin ümummilli liderin rəhbərliyi ilə ölkəmiz tezliklə siyasi xaos və parçalanmaqdan, yenidən müstəmləkəyə çevrilmək təhlükəsindən xilas oldu, hətta öz siyasi-iqtisadi strategiyasını müəyyənləşdirən güclü dövlətə çevrildi. Müasir Azərbaycanda, o cümlədən Naxçıvanda müxtəlif sahələrdə qazanılan mühüm uğurlar bunu bir daha təsdiq edir.
Məşğələ diskussiya şəraitində davam edib.
* * *
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində də “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə Gənclər və İdman nazirinin müavini Məcid Seyidov açıb.
Sonra AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev mövzu ilə bağlı məruzə edib.
Bildirilib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi ilə hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Əgər həmin ağır günlərdə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyinin itirilməsi qaçılmaz olardı.
Musa Quliyev deyib ki, ulu öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi. Onun apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter aldı. Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, Azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu.
Bildirildi ki, qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoydu.
Müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələrinin ulu öndər Heydər Əliyevin adı ilə, onun dövlətçilik fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdıran Musa Quliyev qeyd etdi ki, bu dahi şəxsiyyətin dövlətçiliyimizin qüdrətlənməsi, Azərbaycanda demokratiyanın inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi ilə bağlı xidmətləri ölçüyəgəlməzdir. Fərəhli haldır ki, ulu öndərin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurlar Prezident İlham Əliyevin sayəsində daha da zənginləşdirilir. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin, bu siyasətin müasir dövrün çağırışlarına cavab olaraq Prezident İlham Əiyev tərəfindən yeni mərhələyə qaldırılmasının nəticəsidir ki, Azərbaycan regionun əsas söz sahibi olan, dinamik inkişaf edən ölkəsidir.
Xəbərlər şöbəsi