Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı
Azərbaycanın qurtuluşunun başlanğıc günüdür
Hər bir xalqın minilliklərboyu formalaşmış dövlətçilik ənənələrinin praktik şəkildə gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradənin olması mühüm şərtdir. Ancaq mənən güclü, xalqına bağlı, vətənpərvər liderə malik olmayan xalqın müstəqillik, azadlıq ideallarına qovuşması mümkün deyil. Çətin dövrdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq hüququ qazanırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərin fövqündə dayanan dahidir. Azərbaycanın ötən əsrin 90-cı illərində düşdüyü bəlalardan xilas olunması, itirilməkdə olan dövlət müstəqilliyimizin əbədi, dönməz xarakter alması ulu öndərimizin adı ilə bağlıdır.
70 il imperiya əsarətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək şansı qazanmışdır. Keçmiş ittifaqın süqutundan sonra baş verən müəyyən proseslər xalqın öz hüquqları uğrunda fəal mücadiləyə qalxmasına və nəticədə, 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa etməsinə imkan yaratmışdır. Xalq illərboyu ürəyində yaşatdığı, can atdığı istiqlala qovuşmuşdu. Lakin çox keçməmiş müstəqillik duyğusunun yaratdığı sevincin yerini iztirab, narahatlıq tutmuş, ölkəmiz ağır sınaqlarla üzləşmişdir. Müstəqilliyini qanı, canı bahasına bərpa etmiş müdrik xalqımızın 1991-ci ildən 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətləri öz taleyində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv məlum qüvvələr faktiki olaraq Azərbaycanı taleyin ümidinə buraxmışdılar.
Artıq Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması üçün təhlükə göz qabağında idi. 1991-1993-cü illərdə ölkəmizdəki anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız Heydər Əliyev kimi qətiyyətli, iradəli siyasi lider Azərbaycanı bu bəlalardan xilas edə, yenicə əldə edilmiş müstəqilliyimizi yaşada bilər.
Azərbaycanın məhv olmaq ərəfəsində olduğu bir dövrdə xalqımızın ulu öndər Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki hamı yaxşı anlayırdı ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ulu öndərimiz o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Həmin dövrdə xalqımız çıxılmaz vəziyyətə düşmüşdü. İnsanlar üzünü görkəmli dövlət xadimi Heydər Əliyevə tutub nicatımızın yalnız onunla bağlı olduğunu bildirirdilər. Getdikcə bu axın güclənir və iri bir hərəkata çevrilirdi.
Azərbaycanı müstəqilliyə hazırlayan görkəmli dövlət xadimi Heydər Əliyev belə bir vəziyyəti kənardan seyr edə, xalqın çağırışına, tələbinə biganə qala bilməzdi. 1993-cü il iyun ayının 9-da xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin Bakıya qayıdışı respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə QAYIDIŞINDA tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına, Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyulmuşdur. İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ümummilli liderimizin müdrik xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, xalq cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtulmuşdur.
Ulu öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin Sədri seçilməsi ümummilli liderimizin, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış, ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı olmuşdur. Bu bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”, – deyən ulu öndər dünya azərbaycanlılarını Azərbaycançılıq ideyası ətrafında səfərbər etmişdir.
Azərbaycana ikinci rəhbərliyi dövründə – cəmi on il müddətində ümummilli liderimiz neçə-neçə qərinəyə sığmayan, dünya durduqca dəyərini itirməyən nəhəng və son dərəcə böyük işlər görmüşdür.
Qısa müddətdə Azərbaycanda görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əsaslı dönüş baş vermişdir: dağılmış iqtisadiyyat bərpa olunmuş, yeni-yeni müəssisələr işə salınmış, yüz minlərlə iş yeri yaradılmış, “Əsrin müqaviləsi” adlanan nəhəng neft müqaviləsi imzalanmışdır. Azərbaycanın milli sərvətləri xalqımızın rifah halının yaxşılaşdırılmasına yönəldilmiş, ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi bərqərar olunmuş, qabaqcıl dünya təcrübəsinin ən yaxşı nailiyyətlərini özündə cəmləşdirən Konstitusiya qəbul edilmiş, azad və şəffaf seçkilərin keçirilməsi təmin edilmiş, sosial-mədəni həyatın bütün sahələri əsl inkişafa qovuşmuşdur. Bütün bunların müqabilində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, haqq səsinin dünyaya çatdırılması, xaricdə yaşayan azərbaycanlılarla davamlı əlaqələrin qurulması istiqamətində də möhtəşəm tədbirlər həyata keçirilmişdir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi hələ sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
Bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğur qazanılır, ulu məmləkətimiz gündən-günə inkişaf edir. Möhtərəm İlham Əliyevin müəllifliyi ilə son 12 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Ulu öndər Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət müasir Azərbaycanın şanlı tarixinə çevrilir. Bu gün Azərbaycan dünyada söz sahibinə çevrilən, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi böyük bir missiyanı uğurla başa çatdıran, Avropa Oyunları kimi mötəbər bir beynəlxalq idman tədbirinə ev sahibliyi edən qüdrətli dövlətdir.
Yüksələn Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız bu böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu məkandır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Bütün bunlar zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqil Azərbaycanın bu gün əldə etdiyi bütün uğurlara görə xalqımız ulu öndərimizin 1993-cü ildə Naxçıvandan Bakıya, ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur!
Təbii ki, Heydər Əliyev şəxsiyyəti olmasaydı, bu gün biz müstəqil və qüdrətli Azərbaycan dövlətindən danışa bilməzdik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.
Məmməd Rzayev
professor