Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işıqlı yoluna sədaqətli olan zəhmətkeş, fədakar insanların gərgin əməyi sayəsində 24 illik blokadaya baxmayaraq, bu gün Naxçıvan Muxtar Respublikası özünün intibah dövrünü yaşayır. Son 20 ildə muxtar respublikada bütün sahələrdə əldə olunan möhtəşəm nailiyyətlər ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının vətənpərvər naxçıvanlılar tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Naxçıvan Muxtar Respublikasında ümummilli liderin anadan olmasının 92-ci ildönümü təntənəli tədbirlərlə qeyd olundu. Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoydu, ulu öndərin xatirəsini dərin ehtiramla yad etdi.
Bu gün həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitlik yaranıb, iqtisadiyyat dinamik inkişaf edib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.
20 il ərzində çox böyük zəhmətlə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası bu gün beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Burada beynəlxalq idman yarışlarının keçirilməsi muxtar respublikada həm də idman infrastrukturunun müasir dövrün tələbləri səviyyəsində qurulmasından və qədim diyarda idmanın çox sürətlə inkişaf etməsindən xəbər verir.
Ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq idman tədbiri – “Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində, mayın 2-də muxtar respublikada ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ənənəvi “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi oldu. Festivalda dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq şahmat və FİDE ustaları iştirak etdilər. Ölkəmizi festivalda 303 şahmatçı təmsil etdi ki, onlardan 80-i Naxçıvan Muxtar Respublikasından olan şahmatçılar idi. Bu isə muxtar respublikada şahmatın xüsusilə kütləviləşdiyini göstərirdi.
Bu da təsadüfi deyil. Çünki Naxçıvanda şahmatın inkişafına xüsusi diqqət göstərilir. Qeyd etmək yerinə düşər ki, bu gün Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində isə şahmat məktəbləri fəaliyyət göstərir. Şahmat tədris müəssisələrinin hər biri üçün müasir binalar tikilib istifadəyə verilib. Bunun ən bariz nümunəsi də elə “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılış mərasimindən bir gün əvvəl, yəni mayın 1-də muxtar respublikanın 11 il bundan əvvəl yaradılmış rayonunda – Kəngərlidə rayon Təhsil Şöbəsinin yeni inzibati binası ilə birlikdə Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbinin 4 mərtəbəli yeni binasının açılışının olması idi.
Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına əhəmiyyət verilməsi heç də səbəbsiz deyil. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə deyib: “Müdriklər gənc nəslin zehni inkişafında və formalaşmasında şahmatın imkanlarından faydalanmağın vacibliyin bildirmişlər. Bu, ondan irəli gəlir ki, şahmat bir tərəfdən gənclərin əqli inkişafına kömək edirsə, digər tərəfdən onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Azərbaycan xalqı qədimdən bu zəka oyununa böyük maraq göstərmişdir. Lakin ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilmiş, peşəkar şahmatçılar nəsli yetişdirilmiş və Azərbaycan şahmat məktəbinin əsası qoyulmuşdur. Dahi şəxsiyyət ölkəmizin müstəqillik dövründə də şahmatın inkişafına diqqət göstərmiş, onun himayə və qayğısı ilə bu sahədə möhkəm maddi-texniki baza yaradılmışdır”.
Bəli, muxtar respublikada bütün sahələrdə olduğu kimi, bu sahədə də ulu öndərin siyasi xətti uğurla davam etdirilir. Bu gün qədim diyarda 3 mindən artıq məktəbli peşəkar formada şahmatla məşğul olur. Bundan başqa, ümumtəhsil məktəblərində şahmat fənninin dərs proqramına daxil edilməsi gənclərin bu idman növünə marağını xeyli artırıb. Şahmatın inkişafına göstərilən qayğının nəticəsidir ki, bu gün muxtar respublika şahmatçıları arasında 2 beynəlxalq qrossmeyster, 2 beynəlxalq hakim və 2 FİDE ustası vardır.
Naxçıvan tarixən aqrar region kimi tanınıb. Qədim diyarın yeraltı və yerüstü sərvətlərindən, münbit torpaqlarından səmərəli istifadə olunması məqsədilə 1995-ci ildən burada böyük layihələr həyata keçirilir. Bu gün muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilir, ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları dəqiqliklə icra olunur. Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan olunan 2015-ci ildə də bu sahənin inkişafı üçün kompleks tədbirlər həyata keçirilir.
Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə keçirilən müşavirənin də əsas məqsədi kənd təsərrüfatı sahəsində daha böyük uğurlara nail olmaq üçün qarşıda duran vəzifələri bir daha müəyyənləşdirmək, bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Bunun üçün geniş imkanlar, lazımi resurslar var. Muxtar respublikanın malik olduğu 550 min 275 hektar torpaq sahəsinin 164 min 269 hektarı və ya 30 faizə yaxını kənd təsərrüfatına yararlıdır. 2015-ci il 1 yanvar vəziyyətinə əkin sahələri 52 min 328 hektar təşkil edir ki, bunun da 40 min 959 hektarı və ya 78 faizi suvarılan torpaqlardır. Əkin sahələrinin 38 min 716 hektarı və ya 70 faizə yaxını xüsusi mülkiyyətdədir. Bu da torpaq mülkiyyətçilərinin qarşısında ciddi vəzifələrin dayandığını göstərir. Onların marağını artırmaq məqsədilə muxtar respublikada müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Yeni suvarma kanalları və nasos stansiyalarının istifadəyə verilməsi, əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması torpaq mülkiyyətçilərinin əkin sahələrini genişləndirməsinə böyük imkanlar açır. Bu həm də muxtar respublikada əhalinin rifah halının daha da yaxşılaşmasına hesablanmış əhəmiyyətli addımdır.
Müşavirədə muxtar respublikanın bank və kredit təşkilatlarına kənd təsərrüfatına ayrılan kreditlərin həcmini artırmaları, əkin üçün kreditlərin verilməsində operativliyin təmin edilməsi barədə tapşırıqlar verilib. Müşavirədə o da vurğulanıb ki, Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin üçün yararlı torpaq sahələrinin səmərəli istifadə edilməsinə diqqəti artırmalı, tərtib edilmiş əkin atlaslarına uyğun əkin aparılması üçün torpaq sahiblərini mütəmadi olaraq məlumatlandırmalı, əkilməyən torpaq sahələrini müəyyənləşdirib əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
İstifadəsiz qalmış torpaqların sahibləri ilə maarifləndirici söhbətlərin aparılması, pay torpaqlarının könüllü birləşdirilməsi əsasında birgə təsərrüfatların yaradılmasına dəstək göstərilməsi də bu sahənin inkişafına şərait yaradacaqdır. Qarşıya qoyulan vəzifələrdən biri də Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə torpaq mülkiyyətçilərinin əkin materialları, keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilməsi üçün zəruri tədbirlər görməsi, təsərrüfatların kənd təsərrüfatı texnikası və mineral gübrələrlə təminatının yaxşılaşdırılmasına nail olmalarıdır. Əminliklə demək olar ki, bu məsələlərin həll olunması əkin sahələrinin genişləndirilməsində böyük rol oynayacaqdır.
Hər il muxtar respublikada 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbənin ildönümü müxtəlif tədbirlərlə qeyd olunur.
Mayın 9-da qələbənin 70-ci ildönümü münasibətilə muxtar respublikada bayram tədbirləri keçirilib.
Bu gün Vətənimizin müdafiəsi yolunda sağlamlıqlarını itirən insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların minik avtomobilləri ilə təmin olunması diqqət mərkəzindədir. Mayın 9-da – faşizm üzərində qələbənin 70-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Vətən Müharibəsi və Çernobıl əlillərinə, 1941-1945-ci illər müharibəsi veteranına və müharibə əlilinə bərabər tutulan şəxslərə 10 ədəd “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.
Sürətli sosial-iqtisadi yüksəlişi ilə regional cazibə məkanına çevrilən Naxçıvan Muxtar Respublikasına, demək olar ki, hər ay dünyanın nüfuzlu dövlətlərinin yüksək səviyyəli nümayəndələri səfər edir, muxtar respublikanın iqtisadi inkişafı, qədim tarixi, füsunkar təbiəti, burada yaradılmış möhtəşəm infrastruktur ilə tanış olurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz, mayın 14-də isə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşüb.
Son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu istər hərbi təlimlərdə, istərsə də təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Mayın 15-də Naxçıvan Muxtar Respublikasında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də ordumuzun yüksək döyüş hazırlığına malik olduğunu bir daha sübut etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər.
Həqiqətən də, əgər Əlahiddə Ümumqoşun Ordusu özünün yüksək döyüş qabiliyyəti, nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda dünyanın supergücü olan Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyi hərbi təlimlərdə öz gücünü nümayiş etdirə bilirsə, bu, o deməkdir ki, blokada vəziyyətində yaşayan Naxçıvanın müdafiəsi çox yüksək səviyyədə təşkil olunub. Yəni bu gün Əlahiddə Ümumqoşun Ordusu qədim diyarın sürətli yüksəlişinin, intibahının qarantıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri, eləcə də tədbir iştirakçılarını Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etdikdən sonra bu həqiqəti bir daha ifadə edərək deyib: “Bu təlimlər müstəqil ölkələrimizin iqtisadi və hərbi qüdrətinin göstəricisidir. 20-ci yüzilliyin əvvəlində böyük Mustafa Kamal Atatürk türk ordusunu yaratmaqla qardaş Türkiyəni xilas etdi. Həmin əsrin sonunda müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev də milli ordumuzu yaratmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin və vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusu müstəqilliyimizin təminatçısıdır. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələri də böyük təşkilatlanma yolu keçmişlər. Naxçıvandakı motoatıcı briqada quruculuq tədbirləri nəticəsində peşəkar hərbi heyətə və güclü maddi-texniki bazaya malik Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinə gəlib çatmışdır”.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatı və şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən hərbi hissə üçün yeni binalar inşa edilib. Mayın 15-də qərargah binasının və əsgər yataqxanasının açılışı olub. Həmin gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni xidməti avtomobillər və yük maşınları təqdim edilib.
Çiçəklənmə dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq işləri də geniş vüsət alıb. Demək olar ki, hər ay muxtar respublikada bir sıra sosial, inzibati binalar istifadəyə verilir, abadlıq, quruculuq işləri sürətlə davam etdirilir. Mayın 5-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, mayın 14-də Naxçıvan şəhərinin “İstiqlal” küçəsində inşa olunan 95 nömrəli yeni ictimai yaşayış binasının və Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq və əyləncə mərkəzinin, mayın 21-də Naxçıvan Dövlət Universiteti Xəstəxanasının və universitetin Baytarlıq təbabəti ixtisasının yeni binalarının, mayın 27-də isə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı göstərir ki, muxtar respublikada tikinti-quruculuq işləri bu gün də böyük sürətlə davam etdirilir. Bu, muxtar respublikada görülən işlərin miqyasını ifadə etmək üçün çox tutarlı faktdır.
Bu gün sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikası çağdaş intibah dövrünü yaşayır. Qurub-yaratmaq əzmi ilə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılar, sözün həqiqi mənasında, xariqələr yaradırlar. Blokada şəraitində olan bir diyarın böyük sürətlə inkişaf etməsi isə bir çox ekspertlərin diqqətini cəlb edir. Çünki blokada şəraitində yaşayan bir məkanın bu dərəcədə sürətli iqtisadi yüksəlişə nail olması faktına dünyanın heç bir yerində rast gəlinməyib. Dünya tarixində də belə bir şey baş verməyib. Yəni Naxçıvan bugünkü sürətli sosial-iqtisadi inkişafı ilə həm də tarixdə bir ilkə imza atır. Şübhəsiz ki, bunu reallaşdıran insanların adları tarixə qızıl hərflərlə yazılacaqdır.
Rauf Əliyev