Kəngərli rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün icra nümayəndələrinə metodik kömək göstərilib. 2014-cü ildə və 2015-ci ilin I rübü ərzində keçirilən yoxlamalar zamanı Qarabağlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətində nöqsanlar aşkar edilib. Bu da onu göstərir ki, maarifləndirmə tədbirləri və yoxlamalara baxmayaraq, icra nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində işə soyuq münasibət qalmaqdadır.
Bu fikirlər Kəngərli rayonunda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev tərəfindən səsləndirilib.
Ədliyyə naziri deyib ki, hüquqi maarifləndirmə tədbirləri olaraq 2009-2014-cü illər ərzində Kəngərli rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndələr üçün 16 dəfə seminar təşkil olunub, bütün nümayəndələr müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər.
Bildirilib ki, əvvəlki yoxlama ilə aşkara çıxarılmış nöqsanlar, onların təhlili və aradan qaldırılması üçün görülmüş tədbirlər, Qeydiyyat Şöbəsində, nümayəndəliklərdə vətəndaşların qəbulu işinin təşkili, vətəndaşların müraciətlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə baxılması, vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair elektron məlumat bankında saxlanılan məlumatlarla tam uyğun olması da yoxlamalarda diqqət yetirilən əsas məsələlərdəndir. Rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri aparılan əməliyyatlara görə dövlət rüsumunun ödənilməsi və dövlət rüsumunun ödənilməsindən azadolmaların əsaslılığı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında verilən şəhadətnamələrə görə haqqın ödənilməsi, şəhadətnamələrin doldurulması qaydası, kargüzarlıq işlərinin təşkili, arxiv sənədlərinin saxlanılması vəziyyəti və digər məsələlərə xüsusi diqqət yetirməlidirlər.
İştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsinin və müzakirələrin aparıldığı tədbirə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov yekun vurub.
Xəbərlər şöbəsi