Dünən Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında bu mövzuda tədbir keçirilib.
Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi, qurtuluş anı olub. 1991-ci ildə dövlət müstəqilliyinin rəsmən elan edilməsinə baxmayaraq, ermənilərin hərbi təcavüzünə məruz qalan ölkəmizin daxilində vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnə bilərdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş naşı siyasətçilərin səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan addım-addım məhvə doğru sürüklənirdi.
Qeyd olunub ki, ölkədəki bütün infrastrukturun dağıldığı, hərbi və iqtisadi vəziyyətin ağırlaşdığı bir dövrdə xalqımız üzünü dünya şöhrətli siyasətçi, xalqımızın böyük oğlu Heydər Əliyevə tutub onu Bakıya, xilaskarlıq missiyasını həyata keçirməyə çağırdı. Xalqının çağırışına, bir zamanlar öz əli ilə qurub-yaratdığı respublikanın ağır vəziyyətinə biganə qala bilməyən ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və Azərbaycan müstəqilliyinin zəfər yürüşünün tarixlərə şahid olacaq salnaməsini yazmağa başladı. Dahi şəxsiyyətin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ən yeni tariximizin səhifələrinə Milli Qurtuluş Günü kimi yazıldı. Məhz həmin dövrdən başlayaraq Azərbaycan Heydər Əliyev yolu ilə gedərək inkişaf edir, yeni-yeni uğurlara imza atır.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmmədov, təşkilatın Qadınlar Şurasının sədri Könül İsmayılova çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının qurtuluşa gedən yolu Naxçıvandan başlayıb. Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövr müstəqillik tariximizin ən zəngin və dəyərli səhifələridir. Belə ki, həmin dövrdə dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi və digər tarixi qərarların qəbul olunması milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.
Vurğulanıb ki, ümummilli liderimizin misilsiz xidmətləri sayəsində milli dövlətçilik ənənələri üzərində gündən-günə çiçəklənən Azərbaycan bu gün hərtərəfli inkişaf yolundadır. Vətənimizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası isə bu gün özünün intibah dövrünü yaşayır. Ən yaxın tariximizin ağır illərindən şərəflə çıxmış muxtar respublikamız indi sosial-iqtisadi uğurları, abad yaşayış məntəqələri ilə bura yolu düşənlərin marağına səbəb olur. Bütün bunlar isə bu qədim diyarda Heydər Əliyev ideyalarının layiqincə davam etdirilməsinin nəticəsidir.
Xəbərlər şöbəsi