23 Dekabr 2024, Bazar ertəsi

Dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyindən muxtar respublikamızda bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Kənd əhalisi onlara verilən torpaq sahələrindən səmərəli istifadə edərək, əsasən, taxılçılığa üstünlük verir. Artıq kəndlilər və fermerlər zəhmət bahasına əkib-becərdikləri taxılın biçilməsi üçün hazırlıq işlərinə başlayıblar.  Dənli və texniki bitkilərin, o cümlədən taxılın tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrdən biri də strateji əhəmiyyətli məhsulların yanğından qorunması, biçin dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsidir.       

Biçin dövründə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. Birinci növbədə qeyd etmək istəyirik ki, kənd təsərrüfatı məhsullarının yanğından qorunması təkcə yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də kənd təsərrüfatında, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin və sürücülərin ümdə vəzifəsi olmalıdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəhər, rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələri tərəfindən muxtar respublika ərazisində aparılacaq ot-taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və biçin zamanı yanğınların baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, biçin dövrü ərzində taxıl sahələrində işləyəcək kənd təsərrüfatı texnikalarına yanğına qarşı baxışlar keçirilmiş, onların sürücüləri və mexanizatorları ilə yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirici söhbətlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bir daha sahibkarlara, torpaq mülkiyyətçilərinə və fermerlərə biçin dövrü ərzində aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını tövsiyə edir.
Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək onlar yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla bağlı kənd təsərrüfatı əməkçiləri arasında müvafiq maarifləndirmə işlərinə geniş yer verməlidirlər.
Taxıl və ot yığımına başlamazdan öncə bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı hazırlamalı, onları texniki müayinədən keçirməli, ilkin odsöndürücü vasitələrlə təmin etməli, texnikaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra onlar işə buraxılmalıdır. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün cavabdeh şəxslər təyin edilməlidir.
Taxıl biçinində iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs yanğına qarşı təlimatlandırılmalıdır. Yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.
Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında şumlama işləri aparılarsa, onda həmin traktorlar da mütləq qığılcım­söndürənlərlə təmin edilməlidir.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxs tərəfindən, onun yedəyə alınmaqla və yüksəklikdən buraxılmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikaların sahələrdə saxlanması, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir.­
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərtilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr məsafədə tayalanmalıdır. Taxıl yetişən zaman zəmiləri yanğından qorumaq üçün xüsusi keşikçilər ayrılmalıdır.
Tarla düşərgələrində, taxıltəmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində “Siqaret çəkmək yeri” yazılmış lövhə asılmalıdır. Digər sahələrdə açıq oddan istifadə etmək qəti qadağandır.
Biçin zamanı taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi, onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.
Kombaynların diyircəklərinin və digər sürtünən hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların və digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir.­
Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralı məsafədə yerləşdirilməlidir. Xırmanların ətraf sahələri quru otlardan, yanar materiallardan mütləq təmizlənməli, ətrafı isə 4 metr enində şumlanmalıdır. Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hər bir vətəndaşın borcudur. Taxıl bərəkətdir və o, böyük zəhmət hesabına hasilə gəlir. Bu baxımdan xalqımızın bu müqəddəs və əvəzsiz sərvətini oddan qoruyaq.­
Taxıl biçini dövründə yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi unutmayın!

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
əməkdaşı, daxili xidmət kapitanı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR