23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Tarix Muzeyi və Cəmşid Naxçıvanskinin ev-muzeyinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan “Azərbaycanın hərb tarixində Cəmşid Naxçıvanskinin yeri və rolu” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov açıb.

Cəmşid Naxçıvanskinin ev-muzeyinin direktoru Zeynəb Heydərovanın “Generallar nəsli”, həmin muzeyin fond müdiri-elmi işçisi Gülnaz Hüseynovanın “Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti”, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Mirismayıl Seyidovun “Hərbi kadr hazırlığına Heydər Əliyev adına Hərbi Liseyin töhfəsi” mövzularında məruzələri dinlənilib.
Qeyd olunub ki, Azərbaycanın milli hərb sənəti tarixinə qızıl səhifələr yazan görkəmli sərkərdə Cəmşid Naxçı­vanskinin bu il anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərəncamında deyilir: “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir”. Bu sərəncamdan sonra, aprel ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Bildirilib ki, unudulmaz sərkərdə Cəmşid Naxçıvanski yunkerlikdən sərkərdəyədək yüksəlib. Arxiv sənədlərindən, müasirlərinin xatirələrindən məlum olur ki, o, zəngin və maraqlı həyat yolu keçib. Xan əsilli sərkərdə ulu babalarının və atasının döyüş yolunu zəfərlərlə, özünəməxsus istedad və bacarıqla davam etdirib. Onun haqqında Azərbaycanda, o cümlədən keçmiş Sovet İttifaqında, əsasən, 1971-ci ildən sonra məqalələr yazılıb. 1969-cu ilin 14 iyulunda Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyevin Cəmşid Naxçıvanskinin adının unudulmaması üçün atdığı qəti, ciddi addımlar nəticəsində qəhrəman sərkərdə haqqında elmi və elmi-publisistik məqalələr işıq üzü görüb.
Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Tarix Muzeyinin eksponatlarına baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR