İyunun 4-də AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov açıb. Bildirilib ki, təbiətin mühafizəsi bütün dövrlərdə ən vacib məsələlərdən olub. Son illərdə ekosistemə daxil olan müxtəlif bitki və heyvan növlərinin azalması və ya tamamilə tükənməsi ümumbəşəri xarakter daşıyan təbiətin mühafizəsini daha da aktuallaşdırıb. Biomüxtəlifliyin zəngin olduğu Azərbaycanda təbiətin mühafizəsi, eləcə də müxtəlif ekoloji problemlərin həllinə göstərilən səylər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə diqqət mərkəzində olub. Bu sahəyə aid qanunvericilik bazasının hazırlanması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə ekoloji mühitin saflaşdırılmasında mühüm rol oynayıb.
Qeyd olunub ki, ötən əsrin sonlarından başlayaraq Naxçıvan Muxtar Respublikasında ətraf mühitə münasibətin dəyişməsi, ekoloji problemlərin davamlı diqqətdə saxlanılması və digər zəruri tədbirlərin həyata keçirilməsi regionda biomüxtəlifliyin təmin olunmasına gətirib çıxarıb. Eyni zamanda muxtar respublika ərazisində milli park, qoruq, yasaqlıqların yaradılması, ova moratoriumun 10 ilə yaxın müddətdə fəaliyyətdə olması nadir və nəsli kəsilməkdə olan növlərin artımına ciddi təsir edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov bildirib ki, bu gün muxtar respublikamızda gənc nəslin ətraf mühiti dərk edərək mühafizə etməsi üçün ekoloji tərbiyənin böyük əhəmiyyəti var. Ekoloji tərbiyənin məqsədyönlü aparılması şagirdlərin ekoloji biliklərini dərinləşdirir, onların təbiətə baxışlarını zənginləşdirir. Buna görə də muxtar respublikanın ümumtəhsil məktəblərində biologiya fənninin tədrisi prosesində ekoloji biliklərin ilkin elementlərinin öyrədilməsi və ekoloji dərnəklərin təşkili diqqət mərkəzində saxlanılır. Məktəblilər ekoloji biliklərə yiyələnməklə ətraf mühitə münasibətlərini düzgün qurur, ekoloji təhsil alırlar. Bu isə nəticədə, onlarda ekoloji mədəniyyəti formalaşdırır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımov isə muxtar respublikada ekoloji sahədə görülən işlərdən danışıb, təbiəti mühafizənin hər kəsin vətəndaşlıq borcu olduğunu deyib.
Sonra tədbir iştirakçıları Nəbatat bağını gəziblər, burada yetişdirilən müxtəlif bitki növləri ilə əyani tanış olublar.
Xəbərlər şöbəsi