23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qur­tuluşu” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilmişdir.
Məşğələdə institutun rektoru, professor Oruc Həsənli məruzə edərək bildirmişdir ki, 1991-ci ildə öz dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. O zaman ölkə­yə başçılıq edən təsadüfi şəxslərin bacarıqsızlığı, səbatsızlığı ağır nəticələrə gətirib çıxarmışdı. Artıq 1993-cü ilin yazında ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüş, gənc müstəqil dövlətimiz dünyada təklənmişdi. Ölkədə əksər müəssisələr fəaliyyətini dayandırmış, əhalinin maddi durumu pisləşmiş, siyasi arenada hərc-mərclik, başıpozuqluq meyilləri baş qaldırmış, demokratik dəyərlərin təşəkkülü istiqamətində heç bir iş görülməmiş, hakimiyyət korrupsiyalaşmış ünsürlərin əlində oyuncağa çevrilmişdi. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçmiş, dünya şöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etmişdir.

Bildirilmişdir ki, 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvandan Bakıya getmişdir. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşmiş, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçilmişdir. 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində neçə-neçə qərinəyə sığmayan son dərəcə böyük işlər görmüşdür. Müdrik rəhbər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən ümummilli liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanılması və möhkəmləndirilməsi üçün tarixi xidmətlər göstərmişdir. Ulu öndər Vətənini və xalqını bəlalardan qorumuş, xilas etmişdir. Dahi rəhbərin müdrik siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırılmış, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuş, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılmış, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Vurğulanmışdır ki, müstəqillik yolunda inamla irəliləyən Azərbaycanda bu gün ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR