Bioloji müxtəliflik hələ də tam öyrənilməyib. Hazırda dünyada 15 milyondan çox canlı növləri var. Lakin insanların fəaliyyəti nəticəsində ekosistemə daxil olan bir çox növlər məhv olmuş və bu proses indi də davam etməkdədir. Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin məlumatına görə, Yer kürəsində təbii meşələrin 45 faizi, əsasən, son illərdə qırılaraq məhv edilib. Son 400 ildə 150-dən çox vəhşi heyvan və quşların nəsli tamamilə kəsilib. Günümüzdə isə 600-dən artıq heyvan növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi var. Bioloji müxtəlifliyin belə sürətlə itkisi həyatın özünü təhlükədə qoymaqla yanaşı, qlobal faciələrə də səbəb ola bilər. Çünki təbiət müəyyən qanunlar çərçivəsində öz varlığını davam etdirir. Əgər təbiətə ziyan vurulursa, bu, ekoloji tarazlığın pozulmasına, nəticədə isə təbii fəlakətlərin baş verməsinə səbəb olur.
9 iqlim qurşağının yerləşdiyi Azərbaycan dünyanın zəngin biomüxtəlifliyə malik ölkələrindən biridir. Ölkəmizdə biomüxtəlifliyin qorunması, ümumilikdə isə ekologiyanın mühafizəsi ötən əsrin 70-ci illərindən intensiv xarakter alıb. Azərbaycanda ekoloji problemlərin həllini hər zaman diqqət mərkəzində saxlayan, təbiətə böyük sevgi və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev deyirdi: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”.
Qeyd etmək lazımdır ki, bu sahədə zəngin qanunvericilik bazasının yaradılması da dahi şəxsiyyətin adı ilə bağlıdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları, habelə “Bitkilərin genetik ehtiyatına dair Dövlət Proqramı”, “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı”, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram” və digər proqramlar ölkəmizdə ekoloji mühitin saflaşdırılmasında mühüm rol oynayıb.
Təbii ki, Azərbaycanın mövcud biomüxtəlifliyi burada minlərlə fauna və flora növlərinin yaşamasına imkan verir. Ölkəmizin ərazilərində faunanın 18 min, məməlilərin 97, quşların 357, balıqların 100-ə, həşəratların isə 15 minə yaxın növü cəmləşib. Bunların da, ümumilikdə, 60 faizdən çoxu Naxçıvan Muxtar Respublikasının ərazisində yayılıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikada digər sahələrlə yanaşı, ekologiyaya da mənfi münasibət ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdı. Bu və ya digər səbəblərdən təbiətə göstərilən biganə münasibət muxtar respublikada fauna və flora növlərinin kəskin azalmasına, nəticədə, biomüxtəlifliyin kasadlaşmasına səbəb olmuşdu. Yalnız ümummilli lider Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdən başlayaraq təbiətə münasibət dəyişilib, yaşıllıqların artırılması üçün kütləvi iməciliklərə başlanılıb. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, 1995-ci ildən sonra həyata keçirilən ekoloji tədbirlər mahiyyət etibarilə aparılan dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Son 20 ildə Naxçıvan Muxtar Respublikasında torpaqların geobotaniki tərkibinin qorunması və bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin, qoruq, milli park və yasaqlıqların yaradılması, meşə ehtiyatlarının həcminin artırılması, iqtisadi əhəmiyyətli bitkilərdən istifadənin tənzimlənməsi, nadir, nəsli kəsilmək təhlükəsi olan flora və fauna növlərinin xüsusi qorunması, kənd təsərrüfatında yeni müasir metodların tətbiq edilməsi bu sahədə müsbət dəyişikliklərə şərait yaradıb. Ötən dövr ərzində ekoloji problemlərin həll olunması, əlverişli ekoloji mühitin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu illərdə muxtar respublikada 14 min hektardan çox yaşıllıqlar salınıb, 30 min hektar sahədə təbii meşə ehtiyatlarının artırılmasına nail olunub ki, bu da torpaqların su, külək eroziyasına uğramasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Xüsusilə bol sulu çay vadilərində torpaqların sel sularından mühafizəsi məqsədilə Naxçıvançay, Gilançay, Əlincəçay və Arpaçay vadilərində yüzlərlə hektar sahədə qoruyucu yaşıllıqlar salınıb.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi bu sahədə fəaliyyətin ekoloji əhəmiyyəti ilə bərabər, iqtisadi səmərəliliyini də önə çəkib, tarixi meyvəçilik təsərrüfatlarının bərpa olunmasına, mədəni bitkilərin genofondunun qorunmasına stimul verib. 1995-ci ildən ötən dövrdə həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisində, ümumilikdə, 1000 hektardan çox ərazidə meyvə bağları salınıb, yaşıllıqların sahəsi 1990-cı ildəki 0,6 faizdən 12 faizə çatdırılıb.
Torpaqların səhralaşmasının qarşısının alınması, flora və fauna ehtiyatlarının mühafizəsi və biomüxtəlifliyin artırılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasının, bu ərazilərin daha da genişləndirilməsinin böyük əhəmiyyəti var. 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə isə “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması muxtar respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsini xeyli genişləndirib. Bu gün muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə altında olması çox diqqətçəkən məqamlardan biridir. Xatırladaq ki, ən inkişaf etmiş, təbiətə xoş münasibətilə seçilən ölkələrdə bu göstərici 10-12 faizdən yuxarı deyil.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasında əsas məqsədlərdən biri də mövcud ekoturizm potensialından səmərəli istifadə olunmasıdır. Bu baxımdan milli park statuslu təbiət ərazilərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə bərabər, ekoturizmin inkişafına da əlverişli şərait yaradır.
Naxçıvanın təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilib. Bu da sayı azalmaqda olan növlərin mühafizə edilməsi və artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təbiətə qayğı ilə yanaşılmasının, ətraf mühitin qorunmasına göstərilən diqqətin nəticəsidir ki, son 20 ildə muxtar respublikada ötən əsrin 90-cı illəri ilə müqayisədə flora və fauna növlərinin həcmi 25 faizədək artıb. Təbii ki, muxtar respublikada bu sahədə görülən işlər beynəlxalq ekoloji təşkilatlar və nüfuzlu ekspertlər tərəfindən nümunə kimi dəyərləndirilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin direktoru Giorgi Sanadiradze Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ötən il ünvanladığı məktubda muxtar respublikada təbiəti mühafizə sahəsində görülən işlərə yüksək qiymət verərək qeyd edib ki, “Muxtar respublikada ova qoyulmuş moratoriumun 10 ilə yaxın müddətdə fəaliyyətdə olması, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və gücləndirilməsi, yerli əhalinin məlumatlandırılması tədbirləri, təbiət komplekslərinin tədqiqi və monitorinqi artıq öz bəhrələrini verməkdədir. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirilən biomüxtəlifliyin monitorinqi nadir və nəsli kəsilməkdə olan növlərin artım dinamikasında baş verən müsbət meyilləri göstərir. Bütün bu faktlar Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təbiəti mühafizə siyasətinin düzgünlüyünü bir daha təsdiq edir”.
Bəli, bu gün Naxçıvan Muxtar Respublikasında ekologiyaya göstərilən yüksək münasibət regionun fauna və flora növlərinin artmasına, eləcə də həcminin genişlənməsinə hərtərəfli şərait yaradıb. Artıq cəmiyyətdə də ekoloji təfəkkürün yüksək səviyyədə təzahürünün nəticəsidir ki, hər kəs ətraf mühitdən istifadəni özünün vətəndaş hüququ saydığı kimi, onun qorunmasını da vətəndaşlıq borcu kimi qəbul edir.
Səbuhi Həsənov