(Əvvəli qəzetin 2 iyun 2015-ci il tarixli sayında)
Tatar (azərbaycanlı) süvari alayı Kosova kəndində yerləşəndə Cəmşid xan Naxçıvanskinin 3-cü dərəcəli (bant və qılınclarla birlikdə) “Müqəddəs Stanislav” ordeni ilə təltif olunması elan edilir. Bu mükafat ona 12 may 1916-cı ildə təqdim olunur. Birinci Dünya müharibəsində Qafqazın yerli əhalisindən yaradılmış diviziyanın (“Dikaya Diviziya”) tatar (azərbaycanlı) süvari alayının birinci yüzlüyünün birinci manqa komandiri təyin edilən Cəmşid xanın 20 yaşı var idi. Əmr 18 fevral 1916-cı ildə verilmişdir. 31 may 1916-cı ildə alayın apardığı döyüşlərdə gənc zabitin aslan kimi döyüşdüyünü görən Qafqaz yerli süvari diviziyasının tatar süvari alayının komandiri Polovtsev yenidən 5 iyul 1916-cı ildə cəbhənin Georgi Dumasına məktub göndərir. O, bu məktubda bildirir ki, kornet Cəmşid xan “Georgi Silahı”nı almağa layiqdir. Bu, Cəmşid xanın komandirinin Georgi Dumasına 3-cü məktubu idi. 26 yanvar 1917-ci ildə onu “Müqəddəs Georgi Silahı” ilə təltif etdilər. Qeyd edək ki, mayın 31-də olan qızğın döyüşlərdə Cəmşid xan ikinci dəfə yaralanmışdı.
1916-cı il may ayının ikinci yarısında cənub-qərb cəbhəsi Avstriya qoşunlarına ağır zərbələr endirdi. Həmin ilin 22-31 may tarixlərində Lutsk şəhəri istiqamətində general Brusilovun rəhbərliyi ilə rus qoşunları düşmən qoşunlarını ağır məğlubiyyətə uğratdı. Bu, hərbdə “Brusilov cəbhəsinin yarılması” adlanır. Qeyd etmək yerinə düşər ki, Avstriya və Macarıstan qoşunlarının darmadağın edilməsində Qafqazın yerli süvari diviziyasının da böyük xidmətləri olmuşdur. Bu xidmətinə görə gənc kornet Cəmşid xan “Georgi Silahı” mükafatına layiq görülmüşdür.
Əlahəzrət imperatorun bu haqda əmri 26 yanvar 1917-ci ildə Çarskoye Seloda imzalanıb. Bu qızğın döyüşdə yaralanan Cəmşid xana sağalandan sonra müvəqqəti məzuniyyət verirlər ki, doğma vətəni Naxçıvana getsin. Araşdırmalar göstərir ki, bu, onun Naxçıvana, doğma ata-anasının yanına axırıncı səfəri olur.
Cəmşid xan 1916-cı ildə Naxçıvana gələrkən İrəvan seminariyasında oxuyan qardaşı Teymur xan vəfat edir. Onu öldürüblər, yaxud özü intihar edib? Yəqin ki, tapılan sənədlər bunu da dəqiqləşdirməyə imkan verəcək.
Avstriya qoşunlarının mühasirəsinə düşən inquş süvari polkunu xilas edən tatar süvari alayı xeyli itki verir. Bu döyüşdə onun döyüş bacarığı yenə də yüksək qiymətləndirilir. 15 aprel 1917-ci ildə kornet Cəmşid xan 3-cü dərəcəli (qılınclarla və bantla) “Müqəddəs Anna” ordeni ilə təltif edilmişdir.
30 oktyabr 1917-ci ildə isə Cəmşid xanın rütbəsini artırırlar. O, süvari qoşunların ştabs-rotmistr rütbəsini alır.
1917-ci il fevral-burjua inqilabı zamanı Cəmşid xanın komandirlik etdiyi manqa Avstriya cəbhəsində idi. Rusiya imperiyasında yaranan qeyri-sabitlik müharibə səngərlərində döyüşən alayı da çətin vəziyyətdə qoyur. Alayın daxil olduğu diviziya general Kornilovun əmri ilə Petroqrada göndərilir. Amma qoşunlar aparılan təbliğat nəticəsində Petroqrada getmək istəmirlər. Qətiyyətlə diviziyanın Qafqaza qayıtmasını tələb edirlər. Bu səbəbdən də əmr olunur ki, diviziya Qafqaza qayıtsın. Cəmşid xan Naxçıvanski öz tatar (azərbaycanlı) alayı ilə Gəncəyə (o vaxtlar Yelizavetpol adlanırdı) qayıdır. Tatar alayı Azərbaycan qoşunlarının korpusuna daxil edilir, alay əvvəlcə Yelinendorfda (Sovet hakimiyyəti illərində Xanlar, indiki Göygöl şəhəri) yerləşirdi. Bir müddətdən sonra tatar polkunu Qarayazıda yerləşdirirlər.
1918-ci ilin yazında alay Kürdəmirdə gedən döyüşlərdə iştirak edir. Cəmşid xanın alayı türk əsgərləri ilə birlikdə Bakını erməni işğalından azad edir. Cəmşid xan öz tərcümeyi-halında yazır ki, Bakı Kommunasının əsgərləri gedəndən sonra şəhərə ingilislər və Çentrokaspinin qoşunları daxil oldular. Mənim alayım ingilislərlə döyüşürdü, hətta o vaxt 2 şotland rotasını əsir tutdum.
Türk qoşunları Bakıdan gedəndən sonra ingilislər at oynadırdılar. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin başçıları respublikada ordunu möhkəmləndirmək işini ümdə məsələlərdən biri hesab edirdilər.
Cəmşid xan Naxçıvanski milli Azərbaycan ordusunun yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak edib. O, birinci tatar süvari alayının komandir köməkçisi vəzifəsində işləyir. Onun xidmət etdiyi alay 1919-cu ildə ingilislərin təhriki ilə Bakıdan çıxarılır və Qusarda yerləşdirilir. İngilislər Bakını tərk edən kimi ağ ordunun Dağıstan tərəfdən Azərbaycana hücum edəcəyi təhlükəsi yaranır. Belə bir şəraitdə Cəmşid xanı Dağıstan ilə sərhəddə mühafizə rəisi təyin edirlər. Onun qərargahı Yalamada yerləşirmiş.
24 mart 1920-ci ildə onu ikinci Qarabağ süvari polkunun komandiri təyin edirlər. Xankəndidə yerləşən alaya hərbi xidmətə gedən Cəmşid xan Ağdamda ləngiməli olur. Çünki erməni daşnakları Əsgəran qalasını tutmuş və Xankəndinə gedən yolu bağlamışdılar.
Məlumat üçün deyək ki, Əsgəran qalasının daşnak quldurlarından xilas edilməsində Cəmşid xan və əsgərləri qəhrəmanlıq göstərmişlər.
28 aprel 1920-ci ildə Bakı proletarları XI qızıl ordunun köməyi ilə müsavat hökumətini devirib hakimiyyəti öz əllərinə keçirirlər. Cəmşid xan Naxçıvanski Nəriman Nərimanovun təklifi ilə Sovet hakimiyyətini qəbul edir. Onun komandanlıq etdiyi süvari polku sovet ordusu tərəfinə keçdikdən sonra fəhlə-kəndli alayı adlandırılır.
Cəmşid Naxçıvanskinin yüksək hərbi biliyə və istedada malik olması XI qızıl ordunun komandanı Levandovskinin, Hərbi İnqilab Şurasının üzvü S.Orconikidzenin və Azərbaycan Hərbi-Dəniz Xalq komissarı Əliheydər Qarayevin diqqətini cəlb edir.
Qeyd edək ki, 1971-ci ildən sonra yazılan qəzet və jurnal məqalələrində, kitablarda Cəmşid xan Naxçıvanskinin fəaliyyətinin yalnız sovet dövrü nisbətən geniş işıqlandırılıb. Ancaq onun həbs edilməsinin üstündən sükutla keçilib. Hətta onu kadet korpusunda oxuduğu illərdən inqilabi işlə məşğul olduğunu yazan və mətin bolşevik səviyyəsinə qaldıran müəlliflər də olublar. Ancaq bunlar ağ yalandır! O, heç vaxt inqilabçı olmayıb. Sadəcə, N.Nərimanovun təklifini qəbul edib, xarici ölkələrə mühacirət etməyib. Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi Naxçıvanı çox sevdiyindən hərbi fəaliyyətini Azərbaycanda davam etdirib. Mətləbdən uzaqlaşmayaq. Birinci Dünya müharibəsində 3 dəfə yaralanan Cəmşid xanı ilk dəfə 31 may 1920-ci ildə Hərbi və Dəniz komissarı Çingiz İldırımın əmri ilə həbs etmişlər. İyun ayının 1-də ona həbs orderi yazmış və Nargin adasına göndərmişlər. Həbs ediləndə onun 25 yaşı var idi. Onu 25-31 may Gəncə qiyamına görə “təqsirkar” bilib həbs etmişlər. Amma Gəncə üsyanı baş verəndə Cəmşid xan öz alayı ilə Suraxanıda idi. Çingiz İldırımın əmri ilə Bakıya çağırılan Cəmşid xan iyun ayının 1-də onun əmri ilə həbs edilmişdi. Məlumat üçün deyək ki, Çingiz İldırım laçınlı Sultan bəyin əmisi oğlu idi. Və o, Naxçıvanskiləri çox yaxşı tanıyırdı. Atasının əmisi Xosrov bəy də Bəhram xan Naxçıvanski ilə birlikdə İrana mühacirət etmiş, sonralar Türkiyəyə köçmüşdür.
Cəmşid xan Naxçıvanski həbs ediləndən 68 gün sonra, yəni avqustun 8-də ona dindirilmə protokolu tərtib ediblər. Cəmşid xan ad gününü Nargin adasında öz yaddaşında qeyd edir: ömrünün 26-cı baharına qədəm qoyur.
Avqust ayının 13-də XI qızıl ordunun hərbi şurasının xüsusi şöbəsinin hərbi müstəntiqi Cəmşid xan Naxçıvanskinin günahsız olduğunu təsdiqləyir və onu həbsdən azad edirlər.
Bu zaman tale onun üzünə gülür. Əgər Çingiz İldırım iyunun 4-də cəbhəyə getməsəydi, yəqin ki, onu güllələdəcəkdi.
Çingiz İldırımın yerinə Hərbi Dəniz Xalq komissarı Əliheydər Qarayev təyin edilmişdi. Naxçıvanskilər ailəsinin yetişdirdiyi hərbçilərə rəğbət bəsləyən Əliheydər Qarayev onu güllələnməyə qoymamışdı. Çünki Cəmşid xan Naxçıvanski kimi hərbçilər çox az yetişir. O isə təzə qurulmuş Sovet hökumətinə olduqca lazım idi. Cəmşid xan Naxçıvanskinin həbsdən azad edilməsi haqda order avqust ayının 26-da yazılıb. Bizim qəhrəmanımız 84 gün Nargin adasının qaranlıq zindanlarında yaşayıb. Həbsdən azad edilən Cəmşid xan Azərbaycan sovet hərbi məktəbinə təsərrüfat rəisi təyin edilib. Qeyd edək ki, Cəmşid xana gizlicə nəzarət edirdilər. O, bunu bilsə də, büruzə vermirdi. Öz hərbi işinin vurğunu idi. Həyatın ona bəxş etdiyi əzab-əziyyətləri unutmaq üçün bütün həyatını qəlbən bağlandığı hərb sənətinə həsr etmişdi. Cəmşid xan sovet ordusunda da içdiyi anda sadiq idi. Ancaq həmin illərin fotoşəkillərinə baxanda Cəmşid xanın üzündə sevincdən bir əlamət olmadığını görürük. Tanıdığı insanların çoxundan namərdlik görən Cəmşid xanın üzündəki ifadələri, şübhəli baxışları duymaq çətin deyil. Yüksək hərbi biliyə malik olan Cəmşid Naxçıvanskinin hərb sənətinə sədaqəti, mərdliyi və intizamlı olmağı komissar Əliheydər Qarayevin diqqətini cəlb edir. O, Cəmşid xanı həmin hərbi məktəbin rəisinin birinci köməkçisi təyin edir. Cəmşid xan Naxçıvanski gənc olsa da, vaxtilə özünün qazandığı zəngin təcrübəsini yeniyetmə müdavimlərə həvəslə öyrədir. Buna görə ona təşəkkür elan edilir. 1921-ci il sentyabrın 10-da Cəmşid xan Azərbaycan atıcı briqadasının komandiri təyin olunur. Azərbaycan atıcı briqadasının bazası əsasında diviziya yaratdığına görə Cəmşid xan Naxçıvanskiyə təşəkkür elan edilmiş və mükafat olaraq ona gümüş dəstəkli qılınc verilmişdi. Qəhrəman sərkərdə Cəmşid xan Naxçıvanski təzə yaradılmış dağatıcı diviziyasına komandir təyin edilmişdi. 1923-cü ildə Cəmşid xan Naxçıvanski təhsilini artırmaq üçün Moskvadakı hərbi akademiyanın ali komanda kursuna göndərilir. Akademiyanı bitirdikdən sonra o, Bakıya qayıdır və diviziyaya yenidən komandirlik edir.
Cəmşid xan diviziyada ciddi nizam-intizam yaradır. Artıq o, hərbi taktikanı və hərb elmini dərindən bilən sərkərdə kimi püxtələşmişdi. Məqamındaca qeyd edək ki, Cəmşid xan Naxçıvanskinin bacarıqlı hərbi rəis kimi yetişməsində məşhur sərkərdələrdən Əliağa Şıxlinskinin və Səmədağa Mehmandarovun böyük xidmətləri olmuşdur. Bu unudulmaz sərkərdələrin köməyi ilə Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki təlim-məşqlərində birinci yeri tutmuşdur.
Cəmşid xan Naxçıvanski 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan dağatıcı diviziyasına komandirlik etmişdir. Bu 10 il ərzində o, Azərbaycan Ordusu üçün əvəzsiz işlər görmüşdür. 1927-ci ildə ikinci dəfə Moskvada hərbi akademiyaya, 1928-ci ildə isə Sevastopol şəhərinə hava hücumundan müdafiə kurslarına göndərilmişdi. Nümunə üçün 1927-1928-ci illərdə hərbi akademiyanın ali komanda heyətindən ona verilmiş xasiyyətnaməni göstərə bilərik: “Taktiki təlim hazırlığı qənaətləndiricidir, öz hazırlığını dərinləşdirir, hərbi işə sonsuz məhəbbət göstərir, işdə fəaldır, metodika sahəsində hazırlığı kafidir, komanda xadimliyinə təmayülü böyükdür, diviziyaya rəhbərlik etməyə tam layiqdir”.
Cəsur sərkərdə Azərbaycan dağatıcı diviziyasını keçmiş SSRİ-nin hər yerində tanıtmış, bacarıqlı hərbi və siyasi kadrlar yetişdirmişdi. Məşhur sərkərdə M.F.Frunze 1923 və 1925-ci illərdə Bakıya gələrkən diviziyanın işi ilə tanış olmuş və Cəmşid xanın fəaliyyətinə yüksək qiymət vermişdir. Cəmşid Naxçıvanski yorulmaq bilmədən çalışırdı. Hətta o, 1928-ci il oktyabrın 17-də diviziyada hava hücumundan kimyəvi üsullarla müdafiə olunmaq qaydalarını əsgərlərə öyrətmək üçün təlim təşkil etmişdi. İxtisaslı hərbi mütəxəssislərdən ibarət komissiya onun işinə yüksək qiymət vermişdi. Bu zaman ona pul mükafatı və üstü yazılı qiymətli hədiyyə də bağışlamışdılar.
29 oktyabr 1930-cu ildə Cəmşid xan Azərbaycan SSR-in “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdi. Azərbaycan SSR və Zaqafqaziya Mərkəzi İcraiyyə komitələrinin üzvü idi. Xan əsilli olduğundan Kommunist Partiyası sıralarına qəbul edilməyən Cəmşid xan Mir Cəfər Bağırov və onun dostu Lavrenti Beriya tərəfindən ciddi təqib edilirdi.
1931-ci ilin 22 fevralında onu teleqramla Tiflisə çağırdılar ki, gəlib qırmızı bayraqlı Qafqaz ordusunun qərargahında məruzə etməlisən. Ancaq Tiflisdə əvvəlcə onu Zaqafqaziya Siyasi İdarəsinə dəvət etdilər. Və orada dərhal Cəmşid xanı həbs etdilər. Qəribədir ki, onu həbs edəndən 18 gün sonra, yəni martın 11-də həbs orderi yazılıb. O, L.Beriyanın əmrinə əsasən həbs edilmişdi.
Həmin ilin 24 sentyabrına kimi Tiflisdə həbsdə qalan Cəmşid xan ayın 25-də Bakıya göndərilib. Orada isə Mir Cəfər Bağırovun sifarişi əsasında 30 sentyabr 1931-ci ildə Azərbaycan Siyasi İdarəsi onu güllələməyi qərara alır. Ancaq S.Orconikidzenin işə qarışması onu güllələnməkdən xilas edir. Serqonun xahişi ilə SSRİ-nin Siyasi İdarəsinin başçısı V.R.Menjinski Cəmşid xanla bağlı məsələni İ.V.Stalinə bildirir. 5 noyabr 1931-ci ildə Mərkəzi Komitənin Siyasi Bürosunun iclasında Stalinin qərarı belə olur: Naxçıvanskini bu şərtlə azad edin ki, o, bir daha Zaqafqaziyada işləməsin.
Bundan sonra Cəmşid xan Naxçıvanski Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya dinləyici kimi göndərilir. 14 noyabr 1931-ci il tarixdə hərbi akademiyanın dinləyicisi kimi qeydə alınmışdır. 1933-cü ildə kursu bitirir. Onu akademiyada müəllim saxlayırlar. Cəmşid xan əsas fakültənin ikinci kursunun rəisi təyin edilir. 1934-cü ildə isə Ümumi taktika kafedrasına müdir təyin edilən Cəmşid xan Naxçıvanskiyə 1935-ci ilin 5 dekabrında kombriq, yəni general-mayor hərbi rütbəsi verilir.
General-mayor Cəmşid xan Naxçıvanski 20 may 1938-ci ildə yenidən həbs edilir. Həbsedilmə anketində bir məlumat diqqətimizi çəkdi. Cəmşid xan yazır: “Anam, qardaşım və bacım xarici ölkədə yaşayırlar, onlarla heç bir əlaqəm yoxdur. Anamın adı Fəxrəntac, qardaşımın adı Davud, bacımın adı isə Lalabəyimdir”. Bu məlumatdan aydın olur ki, Cəmşid xan Moskvada yaşasa da, doğmaları haqqında məlumatı varmış. Onun bacısının adı sənəddə Nazlıbəyimdir. Evdə ona Lalabəyim deyirdilər. Deməli, 1938-ci ildə artıq Cəfərqulu xan sağ deyilmiş. Qeyd edim ki, Davud xanla bağlı axtarışlarımız davam edir.
Sənədlərdən məlum olur ki, general-mayor Cəmşid xanı 52 gün (gecə-gündüz) mühakimə edib, ona ağlagəlməz işgəncələr vermişlər. Keçmiş SSRİ-nin Siyasi İdarəsinin Lefortova həbsxanasında Cəmşid xan Naxçıvanski 97 gün işgəncələrə qəhrəmanlıqla sinə gərmişdir. Sovet hökuməti onunla çox ədalətsiz davranır. Rusiya ordusunda əvəzsiz xidmətləri olan generalı 26 avqust 1938-ci ildə qapalı hərbi məhkəmənin qərarı ilə güllələyirlər. Moskva şəhərinin yaxınlığında yerləşən “Kommunarka” adlı meşə massivində kütləvi qəbiristanlıqda dəfn edilir. Kədərdən də kədərlidir qəhrəmanımızın taleyi. Onun Lefortovada son dəfə çəkilən fotoşəklinə baxmaq olmur. Bu qədər qəddarlıq olarmı?! İgid sərkərdə sınmadan, əyilmədən, hətta vida sözü demədən ölümün gözlərinə dik baxır.
Yazının əvvəlində deyildiyi kimi, ümummilli liderimiz Heydər Əliyev Cəmşid xan Naxçıvanskini ikinci dəfə həyata qaytardı. Adını əbədiləşdirdi. Görkəmli sərkərdənin adının hərb tariximizdə unudulmaması üçün Bakıdakı hərbi təmayüllü məktəbə Cəmşid Naxçıvanskinin adını verdi. Sovet İttifaqında böyük iradə və cəsarət lazım idi bunları etmək üçün. Dünyanın nadir, dahi şəxsiyyətlərindən olan ümummilli liderimiz uzaqgörənliklə bunu bacardı.
Ulu öndərimiz müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi haqqında” 19 noyabr 2002-ci ildə Sərəncam imzaladı. Hələ 1981-ci ildə Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxtda göstəriş vermişdi ki, Naxçıvan şəhərində sərkərdənin doğulduğu evdə onun ev-muzeyi yaradılsın.
Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin 22 noyabr 1982-ci il tarixli əmri ilə Cəmşid xan Naxçıvanskinin ata evi muzey kimi təsdiq olundu. 22 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyi açıldı. Muzey Cəfərqulu xanın malikanəsinin birinci mərtəbəsində yerləşdirildi. Sonra – 1985-ci ildə ikinci mərtəbəyə köçürüldü. Ancaq binanın bir hissəsi muzey kimi istifadəyə verildi. Naxçıvan Şəhər XDS İK-in 15 mart 1983-cü il tarixli qərarı ilə binanın hamısı ev-muzeyi üçün təsdiqlənmişdir. O vaxtlar ümummilli liderimiz Moskvaya, Kremlə yüksək vəzifəyə getdiyindən Naxçıvan Vilayət Partiya Komitəsi Cəmşid Naxçıvanskiyə “ögeyliyini” göstərdi. Binanın yarısında hansısa idarə yerləşdirildi.
Cəmşid xan Naxçıvanskinin ev-muzeyi rəsmi olaraq 1987-ci ilin noyabrında açılmışdır.
Bütün milli hərb tariximizin fəxri olan Cəmşid Naxçıvanskinin həyatı, igidliyi gəncliyimiz üçün əsl nümunədir.
Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru