Naxçıvan Dövlət Texniki Kollecində “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə kollecin direktor əvəzi, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq qeyd edib ki, 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən hifz etməklə, sözün əsl mənasında, milli qurtuluşu təmin edib.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarovun “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi bildirib ki, 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz ölkəmizi parçalanıb məhv olmaq, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək böyük tarixi missiya yerinə yetirib və müstəqil Azərbaycan dövlətinin memarına çevrilib. Ulu öndərimiz fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış edib və hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda bütün gücünü səfərbər edərək əlindən gələni əsirgəməyib. Xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun günü böyük əhəmiyyətə malik bir gündür. Həmin gün Azərbaycan xalqının ölüm-dirim mübarizəsində məhv olmaqdan qurtuluş günüdür. Bu qurtuluşu və nicatı isə bütün çətinlik və maneələrə baxmayaraq, xalqına bəxş edən ulu öndərimiz Heydər Əliyevdir.
“Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu sahəsində böyük işlər görülüb, genişmiqyaslı islahatlar həyata keçirilib. Bugünkü qüdrətli, bütün sahələrdə sürətli inkişaf yolu ilə irəliləyən Azərbaycana görə hamımız ulu öndərimizə minnətdarıq. Ümummilli liderin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyən məruzəçi bildirib ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçib. Ali Məclis Sədrinin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı layihələr sayəsində milli ənənələrin qorunub saxlanılması şərtilə muxtar respublikamız əsaslı şəkildə yenidən qurulub. Bütün bunlar ulu öndərin əbədiyaşar ideyalarının nəticəsidir.
Tədbirdə ulu öndərimizin müstəqil Azərbaycan yolunda yorulmaz fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.
Xəbərlər şöbəsi