23 Dekabr 2024, Bazar ertəsi

Dünən Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə teatrın foyesində uşaqların əl işlərindən, rəsm əsərlərindən və uşaqlar üçün muxtar respublikada nəşr olunmuş kitablardan ibarət sərgiyə baxılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Naxçıvan Muxtar Respublikasında uşaqların hüquq və sağlamlıqlarının qorunması, onların təhsili, təlim-tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, hazırda muxtar respublika əhalisinin 35,8 faizini, yəni 157 min 581 nəfərini uşaqlar təşkil edir. Bunlardan 1972 nəfəri sağlamlıq imkanları məhdud, 98-i valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, 181-i övladlığa götürülmüş, 12-si xüsusi istedada malik, 64-ü ölkədaxili və ölkədənkənar yarışların qalib və mükafatçısı olan 18 yaşınadək uşaqlardır.

Bildirilib ki, uşaqların yüksək səviyyədə təhsil almaları, müxtəlif sənət və peşələrə yiyələnmələri, istedad və bacarıqlarının üzə çıxarılması üçün 1995-2015-ci illərdə 200-dən artıq ümumtəhsil məktəbi, onlarla uşaq musiqi məktəbi və məktəbəqədər təhsil müəssisələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, onların maddi-texniki bazası gücləndirilib, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunub. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində quraşdırılan elektron lövhələrin sayı 600-ü ötüb, hər 12 şagird bir dəst kompüterlə təmin edilib. İstifadədə olan kompüterlərin 84 faizi internetə qoşulub. Uşaqların peşə məktəblərinə cəlbi, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının düzgün təşkili də diqqət mərkəzindədir. Muxtar respublikada fəaliyyət göstərən M.T.Sid­qi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi, şahmat məktəbləri və onlarla digər məktəbdənkənar tərbiyə müəssisələri bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq, “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 4 nəfər istedadlı uşağın adının bu kitaba salınması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq, uşaq müəssisələrində uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər görülüb, muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradılması başa çatdırılmaqdadır.
Bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu mənada mühüm əhəmiyyətə malikdir. Bu günə qədər təkcə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1728 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılıb. Bu uşaqlardan 22 nəfər uşaq bağçalarına, 10 nəfər Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 66 nəfər ümumtəhsil məktəblərinə, 15 nəfər idman və şahmat məktəblərinə, 17 nəfər uşaq musiqi məktəblərinə, 11 nəfər məktəbdənkənar müəssisələrin dərnəklərinə, 13 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə və 18 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 1 nəfər Naxçıvan Regional Peşə Tədris Mərkəzinə olmaqla, cəmi 173 nəfər məktəbəqədər, məktəb və məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilib. Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müəllim, metodist və tərbiyəçilərin iştirakı ilə 5 dəfə kurs təşkil edilib, bu qəbildən olan uşaqlar üçün qanvermə aksiyaları keçirilib. Dövlət proqramına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib. Mərkəzdə server və çevirici avadanlıqlar quraşdırılıb, tədris sinfinə intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər avadanlıqlar qoyulub.
Qeyd olunub ki, hazırda muxtar respublika üzrə sağlamlıq imkanları məhdud olan onlarla uşaq distant təhsilə cəlb edilib, onların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, notbuk və veb-kameralar quraşdırılıb.
Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycana, Naxçıvana və ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət ediblər. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və uşaq musiqi məktəblərinin mahnı və rəqs qruplarının çıxışları alqışlarla qarşılanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov iştirak edib.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR