Sədərək rayonunda “Bələdiyyə orqanlarında qanunçuluğa əməl olunması və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq rayonda bələdiyyələrin fəaliyyəti üçün yaradılan imkanlardan söz açıb, bu imkanlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. İcra başçısı deyib ki, muxtar respublikanın iqtisadi potensialının güclənməsi bütün sahələrlə yanaşı, yerli özünüidarənin də inkişafına müsbət təsir edib. Yerli özünüidarəetmə orqanları tərəfindən qanunçuluğa ciddi əməl edilməsi qarşıda duran əsas vəzifələrdən biridir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev seminar-müşavirədə çıxış edərək bildirib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.
İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdırmır. İnzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bunlara bələdiyyələrin normativ aktları, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar, birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktlar, yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar, bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar daxildir.
Qeyd edilib ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodik köməkliyin göstərilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəli nəticə verməsi istiqamətində işlər müntəzəm olaraq davam etdirilir. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində bütün bölgələrimiz kimi, Sədərək rayonunda da inzibati nəzarət qaydasında baxılan bələdiyyə aktlarının sayında artım müşahidə olunub, bu sahədə hüquq pozuntularının aradan qaldırılması diqqət mərkəzində saxlanılıb, bələdiyyələrə zəruri metodik köməklik göstərilib. Nazirlik tərəfindən bütün bələdiyyələrə kargüzarlıq işinin düzgün qurulmasına köməklik göstərilməsi məqsədilə vətəndaşların müraciətlərinə baxılması işinin, kargüzarlığın və mühasibat uçotunun təşkili ilə bağlı metodik vəsaitlər paylanılıb.
Ədliyyə naziri bildirib ki, “Kənd təsərrüfatı ili” ndə bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür. İnanırıq ki, bu il rayon bələdiyyələri torpaqların icarəyə verilməsinə, icarə müqavilələrinin qanunamüvafiq qaydada bağlanmasına xüsusi diqqət yetirəcək, torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil verəcək, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsində fəal olacaqlar.
Xəbərlər şöbəsi