Muzeylərin tariximizin, mədəniyyətimizin təbliğ olunmasındakı, insanların maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”. Elə bu məqsədlə də muxtar respublikada mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları muzeylərə gedir, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olurlar.
Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvanşünaslıq” Mərkəzinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olmuşlar. Məlumat verilmişdir ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır. Səkkiz ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Kəngərli nəslindən olan Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin də kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Nəqliyyat Nazirliyi və struktur qurumlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və struktur qurumlarının əməkdaşları Heydər Əliyev Muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Kənd Təsərrüfatı, Səhiyyə nazirliklərinin, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və struktur qurumlarının əməkdaşları Cəmşid Naxçıvanskinin ev-muzeyində olmuşlar.
Muzeylərə gələnlər həmin mədəniyyət müəssisələrinin yaradılması, fəaliyyəti, muzeylərdə nümayiş və mühafizə olunan eksponatlar barədə ətraflı məlumatlar almışlar.
Həmin gün muxtar respublikanın rayonlarındakı idarə, müəssisə və təşkilatların əməkdaşları da müvafiq olaraq rayon ərazisində yerləşən Tarix-Diyarşünaslıq və digər muzeyləri ziyarət etmişlər.
“Şərq qapısı”