İyunun 1-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Məşğələdən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra məktəbin akt zalında “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda keçirilən məşğələni giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin adıçəkilən mövzuda çıxışı olub. Bildirilib ki, ölkəmiz üçün kifayət qədər mürəkkəb və ağır bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın çağdaş tarixində silinməz izlər qoyub. Dahi şəxsiyyət Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Vurğulanıb ki, taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, ona dayaq olub. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olub.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan, məhv olmaqdan, düşmən əlinə keçməkdən xilas etməklə Naxçıvana yeni bir həyat bəxş edib. Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb. Üçrəngli bayrağımız ilk dəfə milli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılıb, Sovetlər Birliyinin süqut etmədiyi bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarılıb, onların bazasında ilk milli ordu yaradılıb. Bununla yanaşı, xalqımızın başına gətirilən tarixi cinayətə – 20 Yanvar faciəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisində siyasi qiymət verilib, həmin günün Milli Matəm Günü kimi qeyd olunması, həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Gününün təsis edilməsi qərara alınıb.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizin inkişafında əsas hərəkətverici siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası da həmin dövrdə Naxçıvanda yaradılıb, bununla da müstəqil Azərbaycanın müasir siyasi tarixinin əsası qoyulub. Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində bunun əksi – siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – ümummilli liderimizin böyük siyasətə qayıdışında tapdı. 1993-cü il iyunun 15-də xalqın təkidli tələblərindən sonra ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə ümummilli lider Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Bununla, əslində, istiqlal mübarizəmizin tarixində əsaslı dönüş baş verdi, bir millət kimi qurtuluşumuz başlandı. Mövcudluğunu itirmək təhlükəsindən ümummilli liderimizin sayəsində xilas olmuş ölkəmiz bu müddət ərzində dünya miqyasında özünün geostrateji əhəmiyyətə malik əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük insan potensialından bacarıqla, düşünülmüş şəkildə istifadə edərək Şərqlə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadir olan bir dövlətə çevrildi.
Sonra məruzə ətrafında məktəbin direktor müavini Həsən Həsənovun çıxışı olub.
Sonda məktəbin 8 müəlliminə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.
Məşğələyə Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov yekun vurub.
Səbuhi Həsənov