1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı irəli sürülən təkliflər qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.
Uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Uşaq yaşadığı ailənin möhkəmliyi, təmsil etdiyi xalqın gələcəyidir. Ailəyə sevinc bəxş edən, varlığı saflıqdan, sadəlikdən yoğrulan uşaqların xoşbəxt, firavan yaşayışı, layiqli bir vətəndaş kimi böyüməsi hər kəsin müqəddəs borcu, həyat amalıdır. Ölkəmizdə uşaqlara diqqət və qayğının prioritet istiqamət kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə uşaqlara xüsusi qayğı göstərərək onların gələcək həyat yollarının düzgün istiqamətləndirilməsi naminə mühüm qərarlar qəbul etmişdir. Ötən əsrin 70-80-ci illərində gənc nəslin nümayəndələrinin yaxşı təhsil alması və dünyagörüşlərinin formalaşması məqsədilə ölkəmizin bütün bölgələrində məktəb binaları, məktəbdənkənar müəssisələr, istirahət guşələri, mədəniyyət evləri, musiqi məktəbləri tikilərək istifadəyə verilmişdir.
“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, – deyən ulu öndər Heydər Əliyev müstəqillik illərində də uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlamışdır. Ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş və “Uşaq hüquqları haqqında” Bəyannaməsini qəbul etmişdir. Həmçinin 1998-ci il mayın 19-da Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” və 1999-cu il iyunun 22-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmiş, bu sahədə dövlət siyasətinin əsas prinsipləri müəyyən edilmişdir.
Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmış, hər bir sahədə geniş vüsət almış quruculuq işləri uşaqların təhsili və intellektual inkişafı istiqamətinə də yönəldilmişdir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.
Naxçıvan Muxtar Respublikasında da uşaqların hüquq və sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür, onların təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Hazırda muxtar respublika əhalisinin 35,8 faizini, yəni 157 min 581 nəfərini uşaqlar təşkil edir.
Muxtar respublikada uşaqların təhsili diqqət mərkəzində saxlanılır. 1995-2015-ci illərdə 200-dən artıq ümumtəhsil məktəbi, onlarla uşaq musiqi məktəbi və məktəbəqədər təhsil müəssisələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmişdir. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmış, hər 12 şagird bir kompüterlə təmin olunmuşdur. İstifadədə olan kompüterlərin 84 faizi internetə qoşulmuşdur. Uşaqların təhsilinə göstərilən diqqət və qayğı muxtar respublika təhsilinin keyfiyyət göstəricilərini də ilbəil yaxşılaşdırmaqdadır.
Uşaqların peşə məktəblərinə cəlbi, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının düzgün təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakı da diqqət və qayğı əhatəsindədir. Muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Uşaq Kitabxanası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi, şahmat məktəbləri və onlarla digər məktəbdənkənar tərbiyə müəssisələri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 4 nəfər istedadlı uşağın adının bu kitaba salınması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Uşaqların fiziki inkişafı və sağlamlığının qorunması sağlam gələcəyin təmin edilməsi deməkdir. Muxtar respublikada uşaqların sağlamlığının, fiziki inkişafının təmin olunması üçün ciddi tədbirlər görülür. Son illər 2 Olimpiya-İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 6 Uşaq-gənclər şahmat məktəbi, 9 Uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, ümumilikdə, 40-a yaxın idman obyekti istifadəyə verilmiş, ümumtəhsil məktəbləri ən müasir standartlara cavab verən idman zalları ilə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq, ötən müddət ərzində uşaq müəssisələrində uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər görülmüş, muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na əsasən, cari ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısı və ekspert qrupu təsdiq olunmuşdur. Ekspert qrupu tərəfindən gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbdə, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, Ordubad şəhərindəki M.Füzuli adına tam orta internat məktəbində hər rübdə bir dəfə olmaqla monitorinq keçirilmişdir.
Bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin səmərəli təşkili təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu mənada mühüm əhəmiyyətə malikdir. Bu günə qədər təkcə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1728 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılmış, bu uşaqlardan 173-ü məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilmişdir. Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müəllim, metodist və tərbiyəçilərin iştirakı ilə 5 dəfə kurs təşkil edilmiş, bu qəbildən olan uşaqlar üçün qanvermə aksiyaları keçirilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir. Hazırda muxtar respublika üzrə sağlamlıq imkanları məhdud olan onlarla uşaq distant təhsilə cəlb edilmiş, onların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılmışdır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir qrupu da valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Humanist və xeyirxahlıq prinsiplərinin dövlət uşaq siyasətində mühüm yer tutduğu muxtar respublikada həm dövlət uşaq müəssisələrində, həm də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara geyim dəstləri və dərs ləvazimatları verilir, onların tarixi-memarlıq abidələri və muzeylərlə tanışlığı, istirahət guşələrinə səyahətləri təşkil olunur. Uşaqların yetkin şəxsiyyət olaraq formalaşmasında, dövlət və cəmiyyət üçün yararlı insanlar kimi yetişməsində, şübhəsiz, onların ailə mühitində böyüməsinin, lazımi qayğı ilə əhatə olunmasının təsiri böyükdür. Ona görə də 2015-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən valideyn himayəsindən məhrum olmuş 2 uşağın himayə və qəyyumluğa verilməsinin, 9 uşağın övladlığa götürülməsinin uçotu aparılmışdır.
Uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də muxtar respublikada uşaqların mütaliəsinə diqqət artırılır, müasir ədəbiyyat bazasına malik olan elektron kitabxanalar istifadəyə verilir, balacalar üçün kitablar nəşr olunur. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin xətti ilə “Uşaqlar və Günəş” almanaxı, “Təmsillər”, “Şeir və hekayələr”, “Poema və pyeslər” adlı uşaq kitablarının nəşr olunması bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.
Muxtar respublikada uşaqların hüquqlarının qorunması, təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Çünki uşaqların milli dəyərlər, adət-ənənələr əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi vacib məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Uşaqlarla iş gündəlik fəaliyyət və peşəkarlıq tələb edir. Çalışmaq lazımdır ki, gələcəyimiz olan uşaqlar, ilk növbədə, xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunsunlar, təhsilli, vətənpərvər vətəndaşlar kimi yetişsinlər”.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti