Qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.
Bu fikirləri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri ilə bağlı Culfa rayonunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev deyib.
Ədliyyə naziri bildirib ki, ulu öndərimizin 31 iyul 2002-ci il tarixli Fərmanına əsasən, rayon mərkəzindən kənarda yerləşən qəsəbə və kənd sakinləri üçün daha münasib şəraitin yaradılması məqsədilə nikahın, doğumun və ölümün dövlət qeydiyyatı rayon (şəhər) qeydiyyat şöbələri ilə yanaşı, həm də inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasını, qanunvericiliyin tələblərinə uyğunluğunu öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən icra hakimiyyətləri ilə birlikdə yoxlamalar həyata keçirilir.
Bu yoxlamalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, şəhər və rayon icra hakimiyyətləri məlumatlandırılırlar. Qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl olunması, əhaliyə bu sahədə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin təmin edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Sözügedən aktların qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra Qeydiyyat şöbəsinin rəisi və əməliyyatları aparan inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı rəsmiləşdirməli və bu zaman müvafiq qanunvericiliyin, Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə riayət etməlidir.
Qeyd edilib ki, Culfa rayonunda 19 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən doğumun, nikahın, ölümün qeydiyyatı və bir sıra notariat hərəkətləri rəsmiləşdirilir. 2009-2014-cü illər ərzində rayonun belə qurumları üçün 16 dəfə seminar təşkil olunub və bu seminarlarda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı söhbətlər aparılıb. Bundan başqa, nazirlik tərəfindən bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklər müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər. Rayonun adıçəkilən qurumlarında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində Ədliyyə Nazirliyi tərəfindən rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün aidiyyəti şəxslərə hərtərəfli metodik kömək göstərilib. Ancaq bütün bunlara baxmayaraq, onların vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində hələ də nöqsanlar qalmaqdadır. Belə ki, 2014-cü ildə və 2015-ci ilin I rübü ərzində keçirilən yoxlamalar zamanı Bənəniyar, Teyvaz, Əbrəqunus və Milax kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işində nöqsanlar aşkar edilib. Bu nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır.
İştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsinin və müzakirələrin aparıldığı tədbirə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev yekun vuraraq rayonda dövlət qurumları üçün yaradılan müasir şəraitin müqabilində inzibati ərazi dairəsi üzrə nümayəndələrdən nümunəvi iş tələb olunduğunu bildirib, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına xüsusi diqqət göstərilməsinin vacibliyini vurğulayıb.
Xəbərlər şöbəsi