22 Dekabr 2024, Bazar

Uzun illərdir ki, dahi şəxsiyyət Heydər Əliyevin nəsil şəcərəsi ilə bağlı araşdırmalar aparır və Azərbaycanın dövri mətbuatında yazılar dərc etdiririk. Ümummilli lider Heydər Əliyev haqqında onun uşaqlıq və gənclik dostlarının, qohumlarının, eləcə də onu yaxından tanıyan insanların xatirələrini toplamışıq. Bunları yubiley ərəfəsində çap etdirməyi nəzərdə tutmuşuq. Çünki əvvəlki yazılarımızı çox maraqla qarşılayan oxucuların bizə xeyli müraciətləri olub. Onlar Əliyevlər ailəsində himayəyə götürülən, böyüyən, tərbiyə və təhsil alan uşaqların sonrakı taleləri ilə maraqlanırlar. Oxucuların bu arzusunu nəzərə alaraq, həmin ailədə böyüyən qohum uşaqlarından biri – xeyirxah insan, bacarıqlı kəşfiyyatçı Rzaqulu Hüseyn oğlu Quliyev və onun bacısı Humay xanım haqqında, daha doğrusu, onların çətin, mənalı həyat yollarından, azacıq da olsa, söhbət açmaq istəyirik.

Rzaqulu Hüseyn oğlu Quliyev 1915-ci ilin sentyabrında Zəngəzur mahalında (qohumlarının dediyinə görə, Şıxlar kəndində) anadan olub. Bacısı Humay xanım isə 1913-cü ildə dünyaya göz açıb. Erməni daşnaklarının 1918-ci ildə Zəngəzur mahalında törətdiyi vəhşi­liklər nəticəsində Hüseyn kişinin də ailəsi qaçqınlıq ömrü yaşayıb. Hüseyn Quliyevin igid qardaşı 23 yaşlı Heydər bu döyüşlərdə həlak olub. Bu amansız döyüşlərdə kiçikyaşlı Humay və Rzaqulu ataları Hüseyni və anaları Zərifəni də itiriblər. Ulu öndər Heydər Əliyevin bacısı Şəfiqə xanım “Mənim anam” kitabında yazır: “Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il anam bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Bir gün isə ona qardaşı övladlarının sağ olması xəbərini verirlər. Özü nəql edirdi ki, qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim. Məsmə, Səkinə, Rzaqulu, Humay... Onlar anam üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idilər”. Yalnız aradan 15 il keçəndən sonra anası (İzzət xanım – müəllif) öz qardaşı uşaqlarını – Məsməni, Səkinəni, Rzaqulunu, Humayı... axtarıb tapdı. İzzət xanım qardaşı uşaqlarını öz böyük ailəsinə qəbul etdi. Kimsəsiz qalan bu uşaqlar Əlirza Əliyevin və İzzət xanımın himayəsinə sığındılar.

Humay xanımın və Rzaqulu Quliyevin ata babaları Cəfərqulu Comərdli nəslindəndir. “Bacı” deyə çağırdıqları İzzət xanım onların doğmaca bibiləri idi. Nümunəvi Əliyevlər ailəsində hər cür qayğı ilə böyüyən Rzaqulu orta məktəbdə təhsil alır. 1929-cu ildə kənd təsərrüfatı fəhləsi kimi əmək fəaliyyətinə başlayır. 
1929-cu ildən 1940-cı ilədək müxtəlif idarələrdə və təşkilatlarda çalışan Rzaqulu Quliyev keçmiş SSRİ-nin tanınmış ali məktəblərində təhsil alır.
1940-cı ildən 1944-cü ilədək hərbi komissarlıq və prokurorluq orqanlarında işləyir. 1944-cü ildən Rzaqulu Quliyev Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb və 35 il bu orqanda nümunəvi xidmət edib. O, sıravi əməkdaşlıqdan iri bölmələrin rəhbərliyinədək yol keçib və polkovnik rütbəsi alıb.
Kəşfiyyatçı olduğu illərdə Şərurda, Ordubadda, Naxçıvanda və Bakıda Azərbaycanın təhlükəsizliyi naminə bacarığını əsirgəməyib. O, bütün sahələrdə tapşırılan işə yüksək məsuliyyət hissi ilə yanaşıb, gücünü və biliyini, zəngin təcrübəsini xalqımızın gələcəyinə sərf edib.
Rzaqulu Quliyev ictimai-siyasi həyatda fəal iştirak edirdi. Xalq arasında yüksək nüfuz sahibi idi. Buna görə də o, dəfələrlə şəhər və rayon Xalq Deputatları sovetlərinin deputatı seçilib. O, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenlərinə, bir çox medallara, Azərbaycan Respublikasının fəxri fərmanlarına layiq görülüb.
1979-cu ildə pensiyaya çıxan Rzaqulu Quliyev “İnturist” Ümumittifaq Səhmdarlar Cəmiyyətinin Bakı Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
O həm də o vaxtlar Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini və Bakı Xalq Deputatları Sovetinin deputatı idi.
Həyat yoldaşı Zərri xanım ilə birlikdə bir oğul və iki qız böyütmüşdülər. Hüseyn, Zərifə və Aidə. Onların üçü bu gün də müstəqil Azərbaycanın tərəqqisi naminə əllərindən gələni əsirgəmir.
1982-ci ilin aprel ayında ağır xəstəlikdən sonra ömrünün 67-ci ilində vəfat edən mahir kəşfiyyatçıya Azərbaycanın yüksək dövlət rəhbərləri rəsmi qəzetlərdə nekroloq imzalamışdılar. Həmin nekroloqda deyilir: “Kəşfiyyat orqanlarında məsul vəzifələrdə Rzaqulu Quliyev operativ işi düzgün təşkil etmək və şəxsi heyətlərin səylərini başlıca vəzifələrin yerinə yetirilməsinə səfərbər etmək bacarığı ilə fərqlənmişdir. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi uzun illər ərzində o, yüksək­ixtisaslı kəşfiyyatçı, bacarıqlı təşkilatçı kimi yetişmiş, zəngin təcrübə toplamış, təcrübəsini cavan əməkdaşlara səxavətlə öyrətmişdir”.
Bu gün böyük ehtiramla andığımız Rzaqulu müəllimin həyatda çox sevdiyi bir insan – bacısı Humay xanım Naxçıvanın yaxınlığındakı kənddə yaşayırdı və nəvələrini böyüdürdü. O da Əliyevlərə məxsus bir adətə çox ciddi yanaşırdı: istəyirdi ki, qızı Fatmanın övladları vətənpərvər böyüsünlər.
Qohumlarının dediyinə görə, 1972-ci ildə Humay xanımın vəfatına ürəkdən ağrıyan Rzaqulu müəllim təskinlik tapa bilmirdi. O həm bacısını, həm də uşaqlıq dostunu itirmişdi. Humay xanımın nəvələrinin şəxsi albomlarında onlarla bağlı çoxlu fotoşəkillər də qorunub saxlanılır. Əlbəttə, onlar haqqında ətraflı yazmaq, o illərin hadisələrinə qayıtmaq maraqlı məsələdir və bir də çox həqiqətləri üzə çıxarır.
Azərbaycan xalqının sədaqətli oğlu, vətənpərvər, mahir kəşfiyyatçı Rzaqulu Quliyev anılmağa və adı əbədi olaraq ensiklopediyalarda yazılmağa layiq bir insandır. O da Naxçıvanın xeyir-dua verdiyi övladlarındandır. Bu gün də Naxçıvan onunla fəxr edir və əziz xatirəsini əbədi yaşadır.

Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR