23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin ilkin variantı 1919-cu ildə Azərbaycan Xalq Mətbəəsində nəşr olunmuş “Milli nəğmələr” kitabında “Vətən marşı” adı ilə dərc edilmişdir. Həmin marş “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Müvafiq Konstitusiya qanunları və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onun hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur. 

“Himn” sözü beynəlxalq dövlətçilik terminologiyasına görə “dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri, nəğmə, marş” mənasındadır. Həmin termin Azərbaycan dilində də eyni məna və funksiyanı ifadə edir. Azərbaycan Respublikasının Dövlət Himni dövlətçiliyimizin əsas atributu olub, milli birliyimizin – Azərbaycançılığın müqəddəs rəmzidir. Dövlət himni müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, yüksək vətənpərvərlik hissi ilə, qürurla oxunur və dinlənilir. Himn həmişə dövlət bayrağı ilə bərabər tutulur. Himni obrazlı şəkildə hər bir dövlətin musiqi bayrağı da adlandırırlar. Dövlət himni çalınarkən mütləq dövlət bayrağı da qaldırılır. Digər tərəfdən, təsadüfi deyildir ki, bir çox dövlətlərdə əsas dövlətçilik atributları məhz təkcə bayraq və himndən ibarətdir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət himni haqqında demişdir: “1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz, qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır. O vaxt vətənpərvər insanlar bu sahədə gözəl iş görmüşlər. Himnimizin sözləri də bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir”.

Azərbaycan Respublikasının Dövlət Himni istər ideya məzmun, istərsə də musiqisinin zənginliyi baxımından milli ideologiyamızın aparıcı amili olan Azərbaycançılığı, Vətənçiliyi, Vətən sevgisini və vətənpərvərlik hislərini, dövlət müstəqilliyini, Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını parlaq şəkildə əks etdirir.
Azərbaycan marşlarının melodiyası sadə, yaddaqalan olmaqla yanaşı, məzmun baxımından da coşqun və mübariz ruhludur. Dövlət himnimizdə də əsərin şeiriyyəti musiqi ritminə tabe edildiyindən, onun musiqisi səslənən kimi himnin mətni sanki bulaq suyu kimi çağlayır. Onun əzəməti, coşqunluğu, mübariz ruhu da məhz musiqi ilə qəlblərə yol tapır. İnsanların qanını Vətən sevgisi, millət duyğusu ilə coşdurur, adamları doğma Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi uğrunda mübarizəyə səsləyir. Milli himnimiz səslənəndə hər birimizdə milli ruh yüksəlir, vətənpərvərlik, milli iftixar və qürur hissi coşub-daşır.
Azərbaycan Respublikası Dövlət Himni­nin mətni dərsliklərin birinci səhifəsində dərc olunur. Ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə və ifasına həsr edilir. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributlarına, o cümlədən dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının müqəddəs borcu hesab olunduğu dəfələrlə vurğulanıb. Hamımız bu borcu şərəflə yerinə yetirməliyik.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev himnimizə dərin ehtiram bəsləyirdi. Ulu öndərin 1998-ci il martın 13-də imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda deyilir: “Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hislərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.
Himnimizin sözləri də, musiqisi də dəyərlidir. Çünki dövlət himninin sözlərində Azərbaycan xalqının və Vətən tarixinin səhifələri canlandırılır. Gənclərin tərbiyəsində mühüm rola malik olan himnimizin sözlərində həm qəhrəmanlıq tərənnüm olunur, həm də Vətənin qorunması uğrunda gənclərin hər zaman mücadiləyə, yeri gələndə şəhid olmağa, qurban getməyə hazır olmaq əzmi göstərilir. Musiqisi də, sözsüz ki, əzəmətlidir. Bu gün uşaqdan tutmuş böyüyə qədər hər kəs himnimizi əzbər bilir, sevə-sevə oxuyur. Hər bir azərbaycanlı dövlət himnimizi ali mənəvi irs kimi dəyərləndirir, dövlət atributu kimi ona da dərin ehtiram bəsləyir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR