23 Dekabr 2024, Bazar ertəsi

Elektron imza (e-imza) elektron məkanda şəxsin kimliyini müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş barmaq izlərinin, səs kimi bioloji əlamətlərinin və sair elektron halda kimliklərinin təsdiq olunmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən rəqəmsal koddur. Elektron imza sənədin həqiqiliyini, bütövlüyünü və dəyişilməzliyini təmin etməyə imkan verir. E-imza ilk dəfə Uildfild Diffi və Martin Xellman tərəfindən 1976-cı ildə təklif edilmişdir. 1977-ci ildə ilk kriptoqrafiya alqoritmi RSA yaradılmışdır.

Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi getdikcə daha vacib məsələ kimi ortaya çıxmışdır. Məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühümdür. Dövlət orqanları ilə müxtəlif əməliy­yatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarını üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa, elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarır. 

Elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Bu gün elektron hökumətin əsas atributlarından sayılan elektron imza Azərbaycanda da uğurla tətbiq edilməkdədir.
Bəs elektron imza Naxçıvan Muxtar Respublikasında necə tətbiq edilir? Elektron imza üçün müraciət edən vətəndaşlar varmı? Elektron imzanın faydası nədir?
Bu suallarla “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumat hesablama mərkəzi şöbəsinin müdiri Məhərrəm Məmməd­ova müraciət etdik.
– Məhərrəm müəllim, elektron imza Naxçıvan Muxtar Respublikasında necə tətbiq edilir?
–Naxçıvan Muxtar Respublikasında elektron imzadan hal-hazırda müvafiq qurumlar tərəfindən tələb olunan elektron sənədlərə öz şəxsi imzasını qoyub təqdim etmək, elektron hökumət portalına autentifikasiya olmaq və orada göstərilən xidmətlərdən yararlanmaq üçün istifadə edilir.
Dövlət orqanları və hüquqi şəxslər üçün isə əmək bildirişlərinin elektron hökumət portalına daxil edilməsi öndə gələn vəzifələrdən biridir. Belə ki, hər bir idarə və təşkilatın rəhbəri tərəfindən təyin olunan vəzifəli şəxs elektron hökumət portalına daxil olaraq öz təşkilatı daxilindəki işçilərini portala müvafiq struktur üzrə vəzifəsinə uyğun daxil edir və vəzifə dəyişikliyini burada reallaşdırır. Əgər işdən çıxan varsa, işinə xitam verir. Hər bir vəzifəli şəxs öz imza kartı daxilində olan möhür və imza hüququndan istifadə etməklə vaxt itkisi olmadan və idarəyə qayıtmadan istənilən yerdən istənilən sənədi imzalayıb göndərə bilər. Bunun üçün, sadəcə, kompüter internetə qoşulmalı və imza kartı və kart oxuyucusu yanında olmalıdır.
Dövlət və özəl strukturlarda informasiya texnologiyalarının geniş yayılması nəticəsində hər bir təşkilat öz daxili sənəd dövriyyəsində e-imza kartlarından istifadə edə bilər. Elektron imza adi imzanı tam əvəz edir. Əgər bir sənəd elektron imza kartı ilə imzalanıb göndərilib və bu sənədə lazımi dəyişiklik olunubsa, bu, həmin sənədin yoxlanma prosesi zamanı üzə çıxır və sənəd etibarsız sayılır. E-imza kartının xüsusiyyətlərindən biri də bütünlükdür. Yəni imza kartı ilə imzalanmış sənəd başqaları tərəfindən dəyişdirilməyib, silinməyib, ya da yenisi ilə əvəz olunmayıb. Beləliklə, e-imza imzalanmış sənədin sahibinə məxsusluğunu bildirir.
– Elektron imza üçün müraciət edənlər varmı?
– E-imzadan istifadə hələ geniş yayılmadığından vətəndaşlar tərəfindən müraciətlər az olur. Onlardan tələb olunan sənədlər olur və lazımlı suallar cavablandırılır, e-imzadan istifadə qaydaları haqqında məlumat verilir. Lazım olan sənədləri bizə təqdim etdikdən sonra üç (3) iş günü ərzində vətəndaşa məxfi pin kod və elektron imza kartı ilə birlikdə 2 sertifikat zərflə birlikdə təqdim olunur. Əlavə suallar və ya hər hansı texniki bir problem olduğu təqdirdə texniki heyət tərəfindən xidmət göstərilir.
– Elektron imzanın faydası nədir?
– Ən birinci faydası vaxta qənaətdir. Bir əl imzasına bərabər tutulan və ondan daha etibarlı sayılan elektron imzadan istifadə edən şəxs həm vaxtına qənaət etmiş olur, həm də müasir informasiya texnologiyalarından istifadə edərək işini asanlaşdırır. Bir şəxs e-imza kartından istifadə etməklə olduğu yerdən başqa bir yerə getmədən sənədi imzalayıb lazım olan yerə göndərir və vaxtına qənaət edir.
Yüksək texnologiyalar dövrü adlandırılan XXI əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və infra­strukturunun səviyyəsinin universal ölçüsünün informasiya-kommunikasiya texnologiyalarının təşkil etməsi başlıca amillərdən biridir. Bilindiyi kimi, dünya sivilizasiyasının sürətli inkişafında informasiya texnologiyaları əhəmiyyətli rola malikdir. Hər bir xalqın inkişafında, zamanla ayaqlaşmasında İKT böyük rol oynayır.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR