Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada muzeylərə kollektiv gediş təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Mayın 23-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, “Kapital Bank” ASC-nin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin və “Naxçıvanbank”ASC-nin əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Burada onlara məlumat verilib ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndərimizin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılıb və 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli ömür yolu barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Ədəbiyyat Muzeyində olublar. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurası və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin və struktur qurumlarının kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər. Dövlət Baş Sığorta Agentliyi, Dövlət Energetika Agentliyi, Dini Qurumlarla İş üzrə İdarənin kollektivləri Cəmşid Naxçıvanskinin ev-muzeyində, Dövlət Sosial Müdafiə Fondunun və Mərkəzi Seçki Komissiyasının kollektivləri isə Dövlət Bayrağı Muzeyində olublar. “Naxçıvanqaz” İstehsalat Birliyinin və Satınalmalar üzrə Dövlət Agentliyinin kollektivləri isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.
Həmin gün şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də muxtar respublika mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da müxtəlif muzeyləri ziyarət ediblər.
Səbuhi Hüseynov