23 Dekabr 2024, Bazar ertəsi

Dünən Şahbuz Şəhər Mərkəzində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı keçirilən seminar-müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri ilə yanaşı, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən də doğumun, nikahın bağlanmasının və ölümün qeydiyyatı aparılır. Ötən dövr ərzində muxtar respublikanın bütün rayonlarında icra nümayəndələri üçün seminar təşkil edilib, onlar müvafiq normativ-hüquqi aktlardan çıxışlarla təmin olunublar. İcra nümayəndə­ləri tərəfindən doğum, nikah və ölümün qeydiyyatının aparılması üçün müvafiq metodik köməklik göstərilməsi və hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi daim diqqətdə saxlanılıb.
Şahbuz rayonundakı inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən doğumun, nikahın, ölümün qeydiyyatı və bir sıra notariat hərəkətləri aparılır ki, bu əməliyyatlar 21 icra nümayəndəliyi tərəfindən rəsmiləşdirilir.

“2009-2014-cü illər ərzində Şahbuz rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndələri üçün 16 dəfə seminar təşkil olunub. Bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklər müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin edilib”, – deyən nazir vurğulayıb ki, Şahbuz rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün icra nümayəndələrinə hərtərəfli metodik kömək göstərilib. Lakin bütün maarifləndirmə tədbirləri və yoxlamalara baxmayaraq, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində nöqsanlar qalmaqdadır. 2014-cü ildə və 2015-ci ilin I rübü ərzində keçirilən yoxlamalar zamanı Ağbulaq, Külüs, Qızıl Qışlaq, Daylaqlı, Kolanı, Kükü, Keçili, Gömür və Şahbuzkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyətində nöqsanlar aşkar edilib. Hər bir icra nümayəndəsi fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, notariat haqqında qanunun və kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktları qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir. Xüsusilə də nikah qeydiyyatı zamanı müraciət etmiş şəxslərin iştirakı təmin edilməlidir.
Seminar-müşavirəyə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vurub.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR