Mayın 25-də Naxçıvan Müəllimlər İnstitutunda 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bildirib ki, 97 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Bu demokratik respublikanın yaradılması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayıb.
Qeyd olunub ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Ancaq xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı daxili və xarici təhlükələrdən xilas edib, onun müstəqilliyinin əbədi və dönməz xarakter almasına səbəb olub. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini və mövcudluğunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi.
O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi”.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparır, bütün imkanlardan istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı. Cümhuriyyətin ölkəmizin ərazi bütövlüyünü qorumağa yönəlmiş tədbirlərindən biri də Naxçıvan məsələsi idi. Çünki o dövrdə Naxçıvan ağır illər yaşayırdı. Həmin dövrdə Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən birinə çevrilmiş, ermənilərin Naxçıvana hücumları bu qədim diyarı çıxılmaz vəziyyətə salmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi. Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inamla mübarizə aparırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli imkanları daxilində Naxçıvana köməklik edir, onun Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışıb, Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə yol verməyib, bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparıblar. Lakin bütün bunlarla yanaşı, özləri çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə tam nail ola bilməyiblər. Yerli əhalinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılıb.
Vurğulanıb ki, 1918-1920-ci illər Naxçıvan üçün çətin dövr kimi xarakterizə olunsa da, Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin qətiyyətli mövqeyi ermənilərin və onların havadarlarının Naxçıvanla bağlı planlarını alt-üst edib. Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars müqavilələri reallaşdırıb. Bu beynəlxalq müqavilələr Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi kimi tanınmasında çox böyük rol oynayıb.
1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvanın muxtariyyət statusunun yenidən gündəmə gətirilməsi və nəticədə, bu qədim diyarın təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edib. 1993-cü il iyunun 15-də dahi şəxsiyyətin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı isə müstəqilliyimizin möhkəmləndirilməsinə, ölkəmizin hərtərəfli inkişaf yoluna çıxmasına imkan yaradıb.
Naxçıvan Müəllimlər İnstitutunun üçüncü kurs tələbəsi Jalə Mehdiyeva və institutun müəssisədənkənar Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Tamara Baxşəliyeva çıxış edərək bildiriblər ki, xalqımız həmişə azad və müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib. Ötən əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etsə də, bu müstəqillik çox qısa zamanda itirilmək təhlükəsi ilə üz-üzə qalıb. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələblərindən sonra hakimiyyətə qayıdışı qanımız bahasına əldə etdiyimiz müstəqilliyimizin qorunub saxlanılmasını təmin edib. Ulu öndər ən böyük çətinliklər hesabına olsa da, müstəqilliyimizin möhkəmləndirilməsinə, onun sarsılmaz və əbədi olmasına nail olub. Müstəqilliyimizin bəhrələridir ki, indi Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Sonda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin iclası keçirilib. 70 nəfər gənc partiya sıralarına qəbul edilib. Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
Səbuhi Həsənov